Xəbər lenti


 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 5 sentyabr tarixində Azərbaycan və Özbəkistan arasında “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçiriləcəkdir. 
 
Ovqat.com xəbər verir ki, konfrans Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin iştirakı və dəstəyi ilə təşkil olunur. 
 
Konfransın əsas məqsədi – Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bu ərazilərdə həyata keçirilən etnik təmizləmə, məskunlaşdırma siyasəti, habelə müsəlman, türk mədəni irsinin dağıdılması, məhv edilməsi, saxtalaşdırma siyasətinə dair həqiqətlərin yayılması, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasıdır
 
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü və məruzə ilə çıxış edəcəkdir. O, mövzu üzrə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı təbliğatı işlər, həyata keçirilən layihələr, yerli mətbuatda məsələnin işıqlandırılması, tədqiqatların aparılmasına dəstək, kitabların tərcüməsi, konfransların, müzakirələrin təşkili, birgə əməkdaşlıq məsələləri haqqında məruzə edəcəkdir.  
 
Daha sonra konfransda Azərbaycan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva çıxış edəcək, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, onun ağır nəticələri, dağıdılmış milli-mədəni sərvətlər, etnik təmizləmə siyasəti, Azərbaycan torpaqlarında başqa ölkələrdən etnik ermənilərin gətirilərək məskunlaşdırılması və s. məsələlər barədə məruzə edəcəkdir. 
 
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistan-Azərbaycan əməkdaşlığı, qeyd olunan mövzu üzrə aparılan təbliğatı işlər, erməni işğalı nəticəsində yaranmış humanitar, ekoloji problemlər, milli mədəniyyətə dəymiş ziyan və s. barədə çıxış edəcəkdir.  
 
Azərbaycan millət vəkilləri Soltan Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının işğalı, zəbt olunmuş Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdiyi məskunlaşdırma siyasəti və bu sahədə aparılan təbliğatı işlərə dair məruzələr edəcəklər. 
 
Konfransda tanınmış özbək alimlər Karim Baxriyev, Şuxrat Salamov, Gülbahar Aşurova, Babaxan Şarif, Qayrat Məcid, Gülnaz Sattarova, Fərxad Adilov, Obidcon Şöfiyev çıxış edərək Azərbaycan-Özbəkistan arasında tarixi dostluq, münasibətlər, Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın haqq işinə Özbəkistan tərəfindən göstərilən dəstək, habelə konfrans çərçivəsində təqdimatı edilən Qənirə Paşayevanın Özbək dilində çap olunmuş “İtirdiyim xoşbəxtlik” adlı kitab  barədə məruzələr və çıxışlar edəcəklər. 
 
Özbək jurnalistlər Qamaraddin Şeyxov, Abduvali Saybnazarov, Raxmat Babacan, Xasiyat Rüstəmova konfransda Özbəkistan mətbuatında Azərbaycan mövzusu, Özbək dili üzrə milli seqmentdə Azərbaycan, onun ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması, Azərbaycan həqiqətlərinin yayılması və s. barədə fikirlərini bölüşəcəklər. 
 
Bir sıra azərbaycanlı alimlər Kərimulla Məmmədzadə, Əkbər Qoşalı mövzu üzrə Azərbaycan və Özbəkistan alimləri tərəfindən aparılan tədqiqat  işlərinin vəziyyətinə dair məruzələr edəcəklər. 
 
Konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri, şairə Qənirə Paşayevanın “İtı̇rdı̇yı̇m xoşbəxtlı̇k” (“Qarabağ hekayələri” silsiləsindən) özbəkcə nəşr olunmuş kitabının təqdimatı da keçiriləcəkdir.

“İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən)  kitabının ön söz yazarı Mili Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Görkəmli özbək professoru, türkoloq Babaxan Şarif kitaba “Təqdim” yazısı yazaraq, Azərbaycan həqiqətləri, bu həqiqətlərin bədii ədəbiyyatda inkası, habelə iki qardaş ölkənin daha da doğmalaşmasında və sarsılmaz dostluğunda ədəbiyyatın mühüm rolu barədə fikirlərini bölüşüb. 
 
Qeyd edək ki, “Qarabağ hekayələri” adı ilə işıq üzü görən yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb. 


Ana səhifəyə qayıt        Baxış: 3 302          Tarix: 4-09-2020, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma