Xəbər lenti
Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib.
2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı"na layiq görülüb.
2013-cü ildə "Türk dünyasına xidmət ödülü"nə layiq görülüb.
2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən "2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ" ilə mükafatlandırılıb.
Ey türk doğulan. (Bakı: 2012),Səni tapan itirməz( Bakı.),Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010) ,Dağ Kolanı dastanı.
  ( Bakı),Yaralı Azərbaycan (Bakı.)Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir.
 Biz də Ovqat.com olaraq şair Namiq Hacıheydərlini 45 yaşı münasibətilə təbrik edir, dostumuza yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

 
RUHUMUZ UCADIR...

 Ürək döyüntünü dinlədim bu gün,
Baş qoyub ətirli sinənin üstə.
Söz ilə, and ilə qurmuşuq düyün
Eşq ilə süslənmiş dünənin üstə...
                    
Arada yüz dərə, yüz dəniz olsun,
Bir gün yollarımız yovuşmalıdır.
Əyər yer üzündə birləşəmməsək,
Göylərdə ruhumuz qovuşmalıdır.
 
Gəlsin üstümüzə kədər sel kimi,
Dünyalar yığılsın lap bizə qarşı.
Qaranlıq işığı söndürə bilməz,
Gecələr ha çıxsın gündüzə qarşı...
 
Bizi qorxutmayır tufan, qasırğa,
Əzablı yolları azmı getmişik?
Bəzən başımıza balta vurublar,
Yenə var olmuşuq, yenə bitmişik.
 
Dərəyə dartsınlar, düzə çəksinlər,
Ruhumuz ucadır, yerlərə sinməz.
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz...
 
                                                
GÖYLƏR DEYİR Kİ

 Şairləri əzilən bir şəhərə
Göydən mələklər qarğış yağdırar
Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində
Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün
Bəla var qarşıda;
Tufan, qasırğa
Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.
Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək
Bir gün...                                                                                          
Günahkar şəhərin nəfəsindən 
Zaman-zaman udduğu murdar zibillər
Qasırğaya qarışıb geri dönəcək;
Çırpılacaq üzlərə
Göylər qəzəblənəcək
İldırımlarar nərə çəkəcək
Şimşəklər toqquşacaq
Hər şey bir anda baş verəcək;
Şiddətli külək, qasırğa, tufan
Bir də Xəzərin şahə qalxmış dalğaları...
O zaman 
Qurtuluş olmayacaq
Tikdiyiniz evlərə nicat olmayacaq;
Şüşələri qırılacaq,
         qapıları yıxılacaq
                   daşları uçacaq
o zaman üçün
Yeni evlər tikin;
bünövrəsi halaldan
daşları yaxşılıqdan
qapısı sevgidən olsun!
və...
Şairləri incitməyin...
                                     
                   
SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ?

 Üzün gül, baxışın işıq çeşməsi,
Söhbətin bülbülün şirin nəğməsi,
Ürəyin, düşüncən yurd xəzinəsi,
Sən hardan alırsan bu gözəlliyi?!
 
Görüşə gələrsən, dünyamız gülər,
Başının üstüylə ağ bulud gələr,
Tək bircə nəfəsin min dərdi silər,
Sən hardan alırsan bu gözəlliyi?!
 
Üzünü görüncə daş, dağ sevinər,
Böyüklər gülümsər, uşaq sevinər,
Ayağın toxunan torpaq sevinər,
Sən hardan alırsan bu gözəlliyi?!
 
Namiq öz gücünü sözündən alır,
Bulud ağlığını üzündən alır,
Ay, ulduz işığı gözündən alır;
Sən hardan alırsan bu gözəlliyi?!
 
                                                                  
SƏN MƏNİM KİMİMSƏN?       

 Hara baxsam təkcə səni görürəm,
Yolumsan, Yerimsən, Göyümsən axı.
Niyə səni  mən bu qədər sevirəm,
Sən mənim kimimsən, nəyimsən axı?!
                                                         
Masmavi göylərdə ağappaq bulud,
Günəş də, torpaq da, külək də sənsən.
Ağaca, çiçəyə can verən su da,
Çiçəkdə ətir də, çiçək də sənsən.
 
Qovuşdu, birləşdi iki saf bulaq,
Bir bahar günündə axar çay oldu.
Xəbərsiz doğulduq bir-birimizdən,
Bax, ancaq, ruhumuz əkiztay oldu.
 
Ulduz arxasından enib gəlibsən,
Atadan, anadan yaranmamısan.
Sənin sığalını mələklər çəkib,
Sən bəşər əliylə daranmamısan.
 
Niyə baxışınla alışar sinəm?!
Harandan od alır bu odum mənim?!
Qanadım deyilsən, ancaq, bəs nədən,
Qəmlənsən qırılar qanadım mənim?!
 
Üzündə qəm, gözündə nəm görünsə,
Aldığım nəfəs də daşa çevrilər.
Sənin içindəki ağrı acılar,
Mənim gözlərimdə yaşa çevrilər.
 
Biz qoşa bədəndə bütöv canıqmı;
Dodağın qurusa; 
         ciyərim yanar.
Ayrıyıq, uzağıq, bəs niyə ruhum,
Sənin varlığını varlığım sanar?!
 
Sənin ayağına batan bir tikan,
Mənim ürəyimi qanatmış, gülüm!
Anladım... Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış gülüm...
 
Ruhu doğmalardı qohum olanlar,
Bir ata - anadan doğulan deyil.
Var olan dipdiri ruhu olandı,
Ayağı, əlləri sağ olan deyil.

            QALDIMI

Bir zaman içində yanan alovdan,
İçdə qığılcımın, közün qaldımı?!
Ürəyin büsbütün söz dəniziydi,
 Ürəkdə Eşq dolu  sözün qaldımı?!
 
 
Təmizlə dünyanı, dara, yu eşqim!
Ruha sığal çəkər mənim qu eşqim.
Deyirdin minillər sözməz bu eşqim,
Eşqindən nişanə,   izin qaldımı?
 
 
Yalan ah – üzlərdə yalançı boyaq.
Vaxtsız yorulmağın adın nə qoyaq?!
Bu uzun yolları gedəcək ayaq,
Bu yükə dözəcək dizin qaldımı?!
 
Dünya dəmirçinin qaynar kürəsi
Yandırar ağ bayraq qaldıran kəsi.
İrəli getməyə yaşam həvəsi,
Geriyə dönməyə üzün qaldımı?!
 
 
Döndü tarixlərə o çağ deyəsən,
 Açdın qədərinə qucaq deyəsən...                                               
...Içində sönübdü ocaq deyəsən;
Barı özünsənmi, ÖZün qaldımı?
 
                                               
YADIMA SƏN DÜŞÜRSƏN

 Aydın səma, bəyaz bulud görürəm,
Yadıma sən düşürsən.
Mələk rəngli qoşa qanad görürəm,
Yadıma sən düşürsən.
 
Deyib-gülən iki cavan görürəm,
Sevdiyindən sevgi uman görürəm,
Yadıma sən düşürsən…
 
Narın-narın yağış yağır, baxıram;
Cücələr sığınır öz anasına.
Balaca pişiklər küncə sıxılır,
Gizlicə qoyaraq göz anasına.
 
Bir quzu mələyir yanıqlı səslə,
Baxdım ürəyimin başı açıldı.
Küçədə sərgərdan qalan çocuğun,
Anasını görüncə,
                   gözündən ümidli işıq saçıldı.
 
Cəh-cəhini dayandırıb bülbüllər,
Ağacdakı yuvasından asıldı.
Dışarıda oynayan cüt yavrular,
Bir təpənin daldasına qısıldı…
 
… Doğmam yoxdu qucağına qaçım mən,
Ağacım yox budağından asılım.
Yuvam yoxdu sığınım bir küncünə,
Sən də yoxsan, indi kimə qısılım?!
 
Sənsiz bir kimsəsiz çocuq kimiyəm,
Solduracaq məni yağış, qar axı.
Yadıma sən, yadıma sən düşürsən;
Mənim səndən doğma kimim var axı?!
 
KİŞİLƏR VAR İDİ

 Kişilər var idi bu yer üzündə,
Bir elin yükünü çəkən kişilər.
Quduz sultanlara qılınc sıyırıb,
Yetim qarşısında çökən kişilər.
 
Babalar var idi, bir kəlmə sözü,
Qan söhbəti bağlamağa bəs idi.
Nənələr var idi, nənə deyirəm;
Təpədən dırnağa nur kündəsiydi.
 
Qadınlar var idi şimşək baxışlı,
Qanında yüz ərin qeyrəti vardı.
Nə oldu, necoldu ülvi adamlar,
Torpaqmı gizlədi, yelmi apardı?!
 
Oğullar var idi, qaya parçası,
Ölsələr, harama yanaşmazdılar.
Qurban gedərdilər namus üstündə,
Namusdan bir kərə danışmazdılar.
 
Obalar var idi, barlı-bəhərli,
Bir giriş, bir çıxış cığırı vardı.
Gələn yolçuları hələ uzaqdan,
Təndir çörəyinin ətri vurardı...
 
...Günəş həmin Günəş, Ay həmin Aysa,
Bəs niyə dəyişdi bu cahan belə?!
Kök həmin kökdüsə, soy eyni soysa,
Nədən cılızlaşdı bəs insan belə?!
                                               
HƏLƏ Kİ NİDAYAM

 Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə Günəş yüksəlir...
 
Dostları min olsun, nə faydası var,
Əyər tənhadısa ruhu insanın.
Duyulmaz oldusa bir qaydası var,
Yüksələr göylərə ahı insanın.
 
Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, Göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.
 
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir;
Yazısı dəyişməz, qədər – qaçılmaz. 
 
Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə,
Bəxtəvər olmadı hələ bir adam...
 
...Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.
 
Hələ ki nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam...
 
       GÖNDƏRİR                                         
 
Adı gələr, yanaq olar qan kimi;
Böyük bir günahdan utanan kimi...
Səhərlər yuxudan oyanan kimi,
Bir qız sevdiyinə salam göndərir.
 
Elə bil bir dəstə çiçək yollayar,
Tufan olsun, yağış, külək... yollayar.
İçində çırpınan ürək yollayar,
Bir qız sevdiyinə salam göndərir.
 
Dayanar yolunda hər dağa hazır,
Şaxtada, soyuqda donmağa hazır,
Daş-qalaq olmağa, yanmağa hazır...
Bir qız sevdiyinə salam göndərir.
                            
              SƏN...
 
Sən eşqin bağında bitən çiçəksən,
Eşq ilə yanmayan dərməsin səni.
Qaranlıq ürəkli, donuq baxışlı,
Sevgidən uzaq göz görməsin səni.
 
Adını çəkməsin; adını çəkən,
Adında bal kimi dadı duymasa;
Gəzməsin bu qutsal torpağın üstə,
Özünü ən mutlu bəndə saymasa.
 
Cismiylə yerləri nura bələyib,
Mələklə göylərdə yaşıyanımsan.
Türküstan çölünün, Tanrı dağının,
Ətrini ruhunda daşıyanımsan.

          DEDİ

Əllərimdən tutmasan,
Bu yollarda azaram.
Dedim: qoyma darıxım,
Dedi: tez-tez yazaram.
                                      
Dedim: incitsəm səni,
əfv edərmisən məni?!
Dedi: acı kəlməni, 
Mən yaxşıya yozaram.
 
Dedim: qoyma baş qatam,
Kədər gölündə batam...
Dedi: sənə üz tutan
Dərdə quyu qazaram...
 
Ah çəkdim yana-yana;
“Mən atayam, sən ana...”
Dedi: hər şey bir yana,
Taleyimi pozaram.
 
Dedim: dərd oldum sənə...   
Dedi: eşqsiz yaşam nə?     
Ya yurd ollam eşqinə,
Ya da sənə məzaram.
 
        OLAR
Ömrü yellərə vermək,
Aqillərə ar olar.
Bir mürşid yanılarsa,
Min-min mürid xar olar.
 
Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!
 
Ulus, yurd nədi bilməz;
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs,
Özgələrə yar olar.
 
Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən,
Kor olar, həm kar olar.
 
(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana,
Geniş yer də dar olar.
 
Yox! - deyib batma yasa,
Var! – söylə - var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.
 
TANRIYA SƏSLƏNİŞ
Tanrım!
Sənin qatında sayt varmı?
Qəzet, jurnal çıxırmı orda?
Gündəlik xəbərləri hardan alırsan?
Günəş sistemində olanlardan xəbərin varmı?
Yerin təhlükədə olduğunu bilirsənmi?
Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından,
Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən
Xəbərin varmı?
Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün?
Suriyadan, İraqdan, Yəməndən,
Doğu Türküstandan... gələn
Nalə səsləri bürüyüb dünyanı.
Dağılmış şəhərlərin xarabalıqları,
Parça-parça insan meyidləri,
Gəlinciyinə sarılaraq can vermiş körpələrin
Meyidi üzərində qələbə qeyd edir dünya ağaları...
Yoxsa,
Sən də yaxşısan ətrafın pisdi?
Yoxsa, sənidəmi aldadır köməkçilərin?
“Sənin müdrik siyasətin nəticəsində 
qalaktikalarda hər şey əladır,
bütün güllər, çiçəklər xoşbəxtdi,
bütün kəpənəklər səadət içində, 
insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə?
Tanrım!
Bizim qalaktikaya qubernator təyin eləmisənmi?
İllik hesabat verirmi sənə?
Yerdəki vəziyyətdən nə yazır?
Yazırmı ki;
Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir?
Yazırmı;
Qız uşaqlarını hələ də diri-diri basdırırlar,
İnsan insan qatilidir,
Yer özü boyda məhbəs olub, yazırmı?!
Tanrım!
Bəs, sənin “audit”in yoxmu?
 
Tanrım!
Heç ordan baxanda Yer görünürümü?
Görünürsə, çarə qıl...
Görünmürsə...
Kimə deyək dərdimizi?
 
BƏYAN
Külli aləm zülmət idi, biz o zaman gündüz idik
Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
 
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə
Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
 
Oxuyub səcdə etdiyin ayələri nazil edən,
4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
 
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,
Əzəldən öncə var olan, sondan sonra ölməz idik
 
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik
Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
 
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq
Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
 
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri
Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
 
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi
Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
 
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,
İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik...



Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 8-09-2020, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma