Xəbər lenti


“Belə alçaq və terrorçu düşmənlə müharibə zamanı ictimaiyyətdə daxili təhlükəsizlik inamının yaranması təhlükəsizlik orqanımızın uğurudur”

“Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz hazırda tarix yazır! Təbii, bunu gözü götürməyənlər də var. Düşmən dairələrin Azərbaycana qarşı apardığı bütün mümkün üsullarla informasiya müharibəsi, aranı qarışdırmaq cəhdləri göz qabağındadır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər hüquqşünas Əkrəm Həsənova məxsusdur.

Onun sözlərinə görə, buna baxmayaraq, hazırda ölkə daxilində belə dairələrin hər cür təxribat-pozuculuq işlərinə münasibətdə təhlükəsizlik təmin olunur: “Birinci Qarabağ müharibəsində xarici güclərin, erməni arxalı casusların ölkə daxilində nələr törətdikləri hamıya məlumdur. Mən təsəvvür edirəm ki, Dövlət Təhlükəsizliyi orqanımız necə ağır rejimdə işləyir, görmədiyimiz nə işlər görülür.

 Hamının və hər şeyin cəbhəyə xidmət etdiyi bir təhlükəsizliyə nail olunub. Belə alçaq və terrorçu düşmənlə tam müharibə zamanı ictimaiyyətdə daxili təhlükəsizlik inamının yaranması təhlükəsizlik orqanımızın uğurudur. Tarix, siyasət və dövlətçilik məsələlərinə bələd olanlara sirr deyil ki, müharibədəki uğurun əsas şərtlərindən biri də xüsusi xidmət orqanlarının səmərəli fəaliyyətidir. Onlara bu mətin işlərində daim uğurlar arzu edirik. Amma cəhdlər, niyyətlər ola bilər və təbii ki, var”.

“Düşmənimiz təkcə cəbhədə olsaydı, nə var idi ki!” deyən Əkrəm Həsənov hesab edir ki, bu halda çoxdan problemi hərbi yolla həll edərdik: “Müharibə bir neçə müstəvidə gedir. Səninlə açıq-aşkar vuruşmayan düşmən bir çox halda hərbi düşməndən daha təhlükəlidir. Həm hərbi əməliyyatlardan əvvəl, həm onların əsnasında, həm də onlardan sonra belə bu düşmənlə mübarizə mövcuddur! Bunları deməkdə məqsədim elə odur ki, ayıq olmalıyıq.

Hər birimiz çağdaş anın arxa cəbhə qəhrəmanı olmalıyıq. Həm Ordumuza, həm də arxa cəbhədə təhlükəsizliyimizi təmin edənlərə dəstək olmalıyıq. Hazırda isə əvvəlkindən daha çox! Nəinki öz işimizi dürüst görməliyik, həmçinin mümkün təxribatların qarşısını almalıyıq, hər sözümüzə fikir verməliyik. Xüsusilə sosial şəbəkələrdə. Bizi yalnız dostlarımız izləmir axı! Allah köməyimiz olsun!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 2 579          Tarix: 22-10-2020, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma