Xəbər lenti

 

Jurnalistlərə ev verilməsinə əvvəldən qarşı olmuşam. Bununla belə, ev veriləcəksə, jurnalist adına ən layiqlilərin və onların içərisindən buna ən ehtiyacı olanların seçilməsini arzulamışam.

Mənim yaxından tanıdığım Elxan Şükürlü də belə şəxslərdəndir. Özünəməxsus qələmi, redaktə qabiliyyəti, intellekti, iti idrak səviyyəsilə hər kəsdən seçilən bu adam bütün bu keyfiyyətlərilə ev alanların böyük əksəriyyətindən üstündür. Üstəlik, o, həm də indiyə qədər kirayədə yaşayır, qələmə aldığı yazılarla həmişə dövlətçilik ənənələrinə sadəqətilə tanınır.

Elxan Şükürlü jurnalistika sahəsindəki təcrübə baxımından da “dünənin uşağı” deyil. Mən onu 1990-cı illərin sonlarında bu sahədə külüng vurmasıyla tanımışam. Bir çoxlarının ondan bütün sahələrdə “uşaq” olmasına baxmayaraq, “veteran jurnalist” adıyla ev-eşiyə yiyələndiyi bir vaxtda Elxanın siyahılardan kənarda qalması, həqiqətən, başa düşülən deyil.  Axı dövlətin bir nömrəli vəzifəsi bu cür şəxsləri mükafatlandıraraq, vətənpərvərliyi, ədalətsevərliyi və bu kimi bütün yaxşılıqları təşviq etmək olmalıdır. Bu mənada Elxan Şükürlünün öz haqqına qovuşa bilməməsi məni hədsiz dərəcədə üzdü.

Onun ədalətsiz ev bölgüsüylə bağlı anasına yazdığı məktubu oxuyanda isə üzüntüm birə-beş artdı. İnsanın içini göynədən bu yazısında Elxan həmişəki qürurundan vaz keçməmiş, amma ürək sözlərini də eyhamlarla öz ünvanına göndərmişdi.

Yazıdan da hiss olunurdu ki, dostumu ən çox incidən məqam ev ala bilməməsindən çox, öz həmyerliləri tərəfindən haqsızlığa uğradılmasıdır. Doğrusu, bu yazını oxuyanda yadıma bir zamanlar qələmə aldığım “Naxçıvan köçkünü” şeirim düşdü. Fikrimcə, Elxan da bu şeirin  baş qəhrəmanıdır və onun qarşılaşdığı problemlərin başında məhz -

“Şah məni eldən sayır,

El məni şahdan sayır,

Xan məni öz mülkünə

Göz tikən şeytan sayır”-şübhəsi dayanır.

Dostumun haqsızlığa uğramasından duyduğu üzüntünü anlayır və “Naxçıvan köçkünü” şeirimlə bu üzüntünü Ovqat.com oxucularıyla bölüşmək istəyirəm.

Canın sağ olsun, Elxan! Sən qurd ürəyi yeyən oğlansan. Unutma, itlərin sahibi, qurdun isə Allahı olur! Sən də qurd taleyinin cilvəsini yaşayırsan. Axı, özün də bilirsən ki, qurdlar ev sahiblərinin hazırladığı yuvalarda yox, dağlarda ömür sürürlər. Axı sən özün də bilirsən ki, yuvalarda qorunan itlər də əslində əhliləşdirilmiş qurdlardır. İnsan oğlu əhliləşdirə bilmədiyi qurdlara ev verməz. Bilmək istəyirsənsə, sənin ən böyük “qəbahət”in də əhlilləşməməyindir.

Elədirsə, əziz dostum, qətiyyən üzülmə! Axı sən əslində bu keyfiyyətinlə daha dəyərlisən.

Baxma belə susqunam,
Dağlayır söz içimi.
Çölüm çölü yandırır,
İçimsə öz içimi.

Ürək çuval deyilk ki,
Ağzın açam, söz deyəm
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”!

Sanmayın, bu, qapımın
Paslanan kilididir.
Pas, onun gözləməkdən
Saralan ümididir

Nolar, kilid olanda,
Onun ruhu yox, bəyəm?
Heç kimin  görmədiyi
Naxçıvan “köçkünuyəm”!

Şah məni eldən sayır,
El məni şahdan sayır.
Xan məni öz mülkünə
Göz tikən şeytan sayır

Qalmışam ortalıqda,
Yox sahibim, yox yiyəm!
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”!

Səpələndim ətrafa,
Kölə oldum, qul oldum.
Qürbətin yollarında
Başmaq dəldim, yoruldum.

Bir nəfəs dinclik üçün
Gərək, min yol baş əyəm.
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm.

Diplomumun həsrətdən
Sifəti saralıbdır
Üz gözünü mənim tək
Toz qoynuna alıbdır.

Halımı görməyənlər
Sanır ağayam, bəyəm
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Dilimin ucbatından
Olmuşam dil qaçqını.
Mənim halım çətindir,
Nədir ki, el qaçqını?

O üzdən dərdli-dərdli
Durmadan ötən neyəm.
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Millət yatır zənn edir
Belimdəki yağırı.
Halbuki mənə düşdü
Dərdlərin ən ağırı

Kimdənsə küsməmişəm
Taleyin küskünüyəm.
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Dərdlər yeyib içimi
Bir sümük, dərim qalıb.
Hirslə dolmuş bardağam
Bir damla yerim qalıb.

Gərək daşam , biləsiz,
Kiməm, nəçiyəm, nəyəm?
Heç kimi görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 297          Tarix: 21-07-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma