Xəbər lenti

 Nəriman Yusifov Azərbaycan şahmatının üfüqündə 60-ci illərin ortalarında görünməyə başlayıb. SSRİ idman ustalığına namizəd normasını yerinə yetirmişdi. Nəzərə alsaq ki, həmin vaxtlar şahmat üzrə Azərbaycandan bir nəfər də “SSRİ idman ustası” normasını yerinə yetirə bilməmişdi; bu, böyük nailiyyət idi. (Yeganə SSRİ idman ustası, istedatlı şahmatçı Soltan Xəlilbəyli faciəli şəkildə həlak olmuşdu). 

Nəriman müəllimlə ilk tanışlığımız 60-ci illərin axırlarında şahmat lövhəsi arxasında olmuşdu. Həmin dövrdə “norma yığmağın” çətinliyini  mən də həyatımda hiss etmişəm. Cəmiyyətlərdə dinləyicilərin 80-90 faizi qeyri millətlərdən idi. Uzun çalışmalardan sonra 1974-cü ildə SSRİ idman ustalığına namizəd normasını yerinə yetirə bilmişdim.  Bir ildən sonra həmin normanı ikinci dəfə artıqlaması ilə doldurdum. 

Nəriman müəllim professional şahmatçı olmaqdan vaz keçir. Şahmat funksioneri olur. İdman komitəsində təlimatçı, daha sonra idarə rəisi işləyir. 1981-ci ildə təsis edilən A. Zeynallının redaktoru olduğu  “Şahmat” qəzetində E.Məhərrəmov, A.Sariçev, Ç. Sultanov, E.Əliyeva, F.Həsənovla yanaşı, Nəriman müəllim də redaksiya heyətinin üzvü idi. 

70-ci illərin ortalarında azərbaycanlılar arasında şahmat inkişafının ilk işartıları hiss olunur. 1975-ci ildə Fikrət Sideif-zadə, 1976-ci ildə Elmar Məhərrəmov (sonralar azərbaycanlılar arasında ilk beynəlxalq qrossmeyster) SSRİ idman ustası normasını yerinə yetirirlər.  1978-ci ildə Heydər Əliyevin təşəbbüsü və imzası ilə şahmatın inkişafı ilə əlaqədar qərar qəbul edilir. Azərbyacanın bütün rayonlarında şahmat məktəbləri inşa edilir. Klub və idarə binalarında şahmat guşələri yaradılır. Bu kütləvilik tezliklə bəhrəsini verir. Azərbaycan şahmatçısı 1975-ci ilədək Vaynşteyn kimi tanınan Qarri Kimoviç (bundan sonra “bakılı oğlan”) SSRİ çempionu, zona və zonalararası turnirin qaliblərindən olur. İddiaçıların yarışında bütün matçlarda qalib gələrək, Anatoli Karpovla dünya şahmat tacı uğrunda oynamaq hüququ qazanır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri hüquqi cəhətdən idman komitəsinin sədrləri ( Q.Rzayev və Y.Məmmədov) olsa da, faktiki olaraq rəhbərliyi Nəriman Yusifov həyata keçirirdi. 1984-cü ilin sentyabr ayında başlanan və bütün dünyanın  diqqət mərkəzində olan birinci matç “bakılı oğlan” üçün uğursuz başlayır. 9 oyundan sonra A. Karpov 4-0 hesabı ilə irəlidə idi.  Matçın reqlamentinə görə ilk 6 qələbə qazanan şahmatçı qalib hesab olunurdu. “Bakılı oğlan” depressiya keçirir. Nəriman müəllim onu bu vəziyyətdən çıxarmaq üçün çox səy etməli olur. Bütün qüvvə və bacarığını ortaya qoyur. Bakıdan məhşur parapsixoloq dəvət olunur və Moskva ətrafındakı gizli mənzildə yerləşdirilir. 1978-ci ildə Bagioda Karpov-Korçnoy matçında oyun zalında oturan Zuxardan fərqli olaraq bizim parapsixoloq oyun zalına gələ bilməzdi. Psixoloq bir həftə “bakılı oğlanla” məşğul olur. Onu görüş yerinə Nəriman müəllim aparmalı olur. Depressiya vəziyyətindən çıxartdıqdan sonra ona aşağıdakı fikirləri aşılayır: Sən yalnız heç-heçə oynamalısan. Uduşa can atma. Heç-heçələrin sayı çoxaldıqca sənin şansın artacaq. Daha bir oyunda uduzacaqsan. Hesab 5-0 olandan sonra qalib gələcəksən. 

Bundan sonra “bakılı oğlanın” oyun taktikasında dəyişiklik olur. Dalbadal 17 oyunda heç-heçə qeydə alınır. 27-ci oyunda A.Karpov qalib gəlir . 31-ci oyunda “bakılı oğlan” ilk qələbəsi qeyd edir. Hesab 5-1 olur (Nəriman müəllim deyirdi ki, bundan sonra bizdə ümumi qələbəyə inam yarandı). Yenə 15 oyun heç-heçə qeydə alınır. Bu dünya şahmat tarixində oyunların sayına və davamlılığına görə ən uzun matça çevrilir. (buna qədər 1927-ci ildə 2 ay yarım davam edən Kapablanka-Alyoxin matçında 34 oyun oynanılmışdı). 47 və 48-ci oyunlar A.Karpovun məğlubiyyəti ilə nəticələnir. Hesab 5-3 olur. FİDE-nin prezidenti Kampomanes matçı dayandırır. 6 aydan tez olmamaq şərti ilə başlanması nəzərdə tutulan ən çoxu 24 oyundan ibarət yeni matç təyin edir. 1985-ci ilin axırlarında başlanan yeni matçda  “bakılı oğlan” 13-11 hesabı ilə qalib gəlir və dünya çempionu olur ( axırıncı 4 oyunu canlı izləmək mənə də nəsib olmuşdu). Bir ilə yaxın davam edən bu üzücü matçlarda Nəriman müəllim bir gün də olsun postunu tərk etmədi. 

Həmin matçlarda ən çox zəhmət çəkən Nəriman müəllim bir müddətdən sonra vəzifəsindən ayrılmalı olur. Sporlotonun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri təyin olunur. Azərbaycan Şahmat Federasiyasında 1-ci vitse prezident, sonra 2 vitse prezidentdən biri, axırıncı  konfransda isə yalnız rəyasət heyətinin üzvü seçilir ( son iki konfransda mən də Şahmat Federasiyası rəyasət heyətinin üzvü seçilmişdim). 

2001-ci ildə Nəriman müəllimin 60 illiyi ilə əlaqədar   Federasiyasının vitse prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə ona “Fəxri idman ustası” adı verildi. Nəriman müəllim şahmat təşkilatçılığından kənarlaşdırılmasını həzm də bilmirdi. Yaşının çox olmasına baxmayaraq o, şahmat gücünü saxlaya bilmişdi. Hər il keçirilən veteranlar arasında 2-ci ölkə çempionatının qalibi olmuşdu.  

2011-ci ildə onu 70 yaşı tamam olmuşdu. Təbrik üçün zəng etmişdim. Evdə yox idi.  Həyat yoldaşı Rübabə bacı rəsmilər tərəfindən heç kimin onun yubileyi ilə maraqlanmadığını, onsuz da xəstə olan Nərimanın bunu ağrılı qəbul etdiyini bildirdi. 

2013-ci ildə Nəriman müəllimə talehin ağır zərbəsi dəydi. Ömür-gün yoldaşı, uşaq kimi onun nazını çəkən Rübabə xanım evdən mağazaya gedərkən bir sürücünün naşılığının qurbanı oldu.

Nəriman müəllim bu faciəli ölümlə barışa bilmirdi. Bu hadisədən sonra heç kimi onu danışıb-gülən görmədi. İl yarımdan sonra çox sevdiyi həyata əlvida deyib, Haqqın dərgahına qovuşdu. Allah rəhmət eləsin. 

Olduqca həyatsevər və nikbin adam olan Nəriman müəllimin bu gün də dillərdə gəzib dolaşan yüzlərlə duzlu, məzəli söhbətlərindən, yumorlarından bir neçəsini oxucuların nəzərinə çatdırmaq istəyirəm. 

Nəriman müəllimin də daxil olduğu Azərbaycan şahmatçıları İran İslam Respublikasının Tehran şəhərinə gəlirlər. Bir sutkalıq üzücü yoldan sonra yorğun halda təzəcə hotelə yerləşirlər ki, yerli şahmatçılardan biri Nəriman müəllimə yaxınlaşır:- Ağayi Nəriman, mən Smıslovun 1948-ci ildə oynadığı bir oyuna baxmışam. Həmin oyunda atı EF 6-ya gəlsəydi, daha yaxşı olmazdımı?

Nəriman müəllim cavabında soruşur:

-Atı yoxsa iti?

-Yox, yox, baba, atı.

-Bəlkə iti?

Yerli şahmatçı yalnız bundan sonra sualının mənasızlığını başa düşür. 70-ci illərdə Bakıda keçirilən SSRİ birinciliyində keçmiş dünya çempionu Mixayıl Talın azərkeşi olan bir dostu  Nəriman müəllimdən oyun vəziyyətini soruşur. Nəriman müəllim deyir ki, atla gediş etsə, daha yaxşı olar. Amma bilmirəm, Tal bu gedişi görə biləcəkmi? Dostu Tala kömək etmək məqsədi ilə yerdən qışqırır. “Mişa, xodi konyom” ( Mişa, atla gediş et).

M. Tal təəccüblə ətrafa boylanır. Qeyri-millətdən olan birisi ilə Nəriman müəllim marağa sürətli şahmat oynayır. Bir neçə oyun uduzur.

Muğamat konserti olacağını bilən Nəriman radionu açıb səsini artırır. Rəqib etiraz etdikdə Nəriman deyir:

-Mən milli musiqimizə qulaq asıram. Sən də öz musiqinizə qulaq asa bilərsən. Nəriman müəllim həmin matçı “müvəffəqiyyətlə” başa çatdırdıqdan sonra deyir:

-Mən şahmatda yalnız gözəllik axtarıram.

Rəqib dodağının altında mızıldanır:

-Sən gözəlliyi bizim cibimizdə axtarırsan. 

Qeyri millətdən olan birisi tez-tez arvad dəyişirdi. Növbəti evlilikdən bir həftə sonra bulvarda gəzərkən Nərimanla rastlaşırlar. Salamlaşdıqdan sonra Nəriman müəllim deyir:

-Deyəsən arvad vəziyyətdədir?

-Yox, Nəriman can, biz güclü nahar etmişik. 

Şahmat oynayarkən danışmaq qadağan olsa da Nəriman müəllim həmişə danışardı. Onu danışıqlarından heç kim incimirdi. Tamaşaçılardan biri Nəriman müəllimi göstərərək deyir:

-Bu kişi deyəsən yaxşı şahmat oynayır. Hamı onun başına toplaşır.

Digər tamaşaçı cavab verir:

-Yaxşı oynadığını deyə bilmərəm, amma yaxşı danışır. 

Nəriman müəllim uaşaqları, uşaqlar da onu çox sevirdilər. Oyun zamanı bir nəfərin ona çox yaxınlaşdığını hiss edib dönəndə  9-10 yaşlarında “toppuş” bir oğlan uşağı görür:

-Bizim adamdır. Yeyib-içən oğlana oxşayır.

Hamı gülür. Bu uşaq gələcəkdə beynəlxalq qrossmeyster, Azərbaycan şahmatının şöhrətləndirənlərdən biri Eltac Səfərli idi. 

Moskvada yaşayan qardaşı qonaq gəlir. Dostları ilə səhər 07:30-da xaş məclisinə getmək üçün şərtləşirlər. Saat 07:40-da qardaşı ilə görüş yerinə gələndə bir nəfərin orada olduğunu görür. 10 dəqiqə keçmiş daha 2 nəfər də gəlir. 5 dəqiqədən sonra bir nəfər də gəlir. Hamı heç nə olmamış kimi bir-biri ilə görüşüb hal-əhval tuturlar. Yoldaşlardan axırıncısı saat 08:05-də gəlir. Gözləyənlər hamısı bir nəfər kimi ona irad tuturlar. Xaş məclisindən sonra qardaşı Nərimandan soruşur:

- Biz daxil olmaqla demək olar ki, hamı görüş yerinə gecikmişdi. Heç kim heç bir söz demədi. Nə üçün axırıncı gələni hamınız danladınız?

Nəriman ciddi görkəm alaraq:

-Müsəlman adətinə görə yarım saatdan artıq gecikmək olmaz!

Dostu Rafaelin maşınında çəlik görür. Rafael, sən şikəst deyilsən. Çəlik nəyinə lazımdı?

Rafael:

-Səbr elə, bilərsən.

Bir qədər keçmiş yol patrul xidməti əməkdaşları  maşını saxlayırlar. Rafael çəliyi götürüb maşından düşərkən YPX-nın əməkdaşı sənəd tələb etmədən “yolunuza davam edə bilərsiniz” - deyə, onları yola salır.

Nəriman müəllim:

-Rafael, şahmatda da belə ağıl işlətsəydin, çoxdan qrossmeyster olardın. 

Nəriman müəllimin M. Botvinnik və R.Fişer istisna olmaqla bütün dünya çempionları ilə şəxsi tanışlığı var idi. Boris Spaski daha isti münasibətləri olub. 80-ci illərin ortalarında Boris Spaski ilə Domodedovo aereportunda rastlaşırlar. Boris onu evinə dəvət edir. Axşam yüngülvari qəlyanaltı edirlər. Nəriman dünya çempionlarına təqdim olunan dəfnə çələnginin yerləşdiyi otaqda yatmalı olur. Səhər yeməyində Boris deyir:

-Nəriman, bu çələngin altında yatanda gördüyün yuxu çin olur. Yuxu gördünmü?

Nəriman yuxu görməsə də deyir:

-Boris Vasilyeviç, yuxuda gördüm ki, Bakı restoranında lülə kabab yeyirik.

Boris gülür və onlar Bakı restoranıında nahar etməli olurlar. 

Məhşur mügənni Lev Leşşenko 70-ci illərin ortalarında Bakıda olarkən Nəriman müəllimin qonağı olur. Onlar “İnturist” restoranında şam etməyi qərara alırlar. Təsadüfən Anatoli Banişevski də restoranda olur. Nəriman Leşşenkonun Banişevskinin azərkeşi olduğunu bildiyindən sözü futboldan salır. Leşşenko Banişevskini çox bəyəndiyini, onunla görüşmək arzusunda olduğunu bildiririr. Nəriman müəllim deyir:

- İstəsən A.Banişevskini sənin məclisinə gətirə bilərəm.

Leşşenko inanmır. Nəriman Banişevskinin stoluna yaxınlaşıb, onu stola dəvət edir. Təxminən, yarım saat bir stolda otururlar. Leşşenko o qədər sevinir ki, qonaq olmasına baxmayaraq, hesabı da özü verir. 

1983-ci ildə Bakıda beynəlxalq şahmat turniri keçirilir. İştirakçılardan biri qrossmeyster C.Spilmen vegeterian olduğuna görə Nəriman müəllim ”İnturist” yeməkxanasında onu xüsusi tapşırır.  Yeməkxana müdiri əvvəl sevinir. Bir neçə gündən sonra isə gileylənir:

-Ay Nəriman müəllim, bu gədə Bakıda ot-ələf qoymadı. Ətdən başqa hər şey yeyir.  

 

Ələmdar Məmmədov 

SSRİ idman ustalığına namizəd 

Azərbaycan Şahmat Federasiyası Rəyasət Heyətinin üzvü




Ana səhifəyə qayıt        Baxış: 2 429          Tarix: 11-08-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma