Xəbər lenti

 Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” adlı beynəlxalq media forumu keçirilir.

Forumun ilk günü “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarətlə başlayıb. Çimkənt şəhərinin görməli yerləri, Xoca Əhməd Yəsəvinin doğulduğu Sayram qəsəbəsi, tarixi Otrar şəhərinin qalıntıları, Arslan Baba türbəsi ziyarət olunub.

Cənubi Qazaxıstan vilayəti akimliyi (qubernatorluq) və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə işə başlayan forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya, o cümlədən Tatarıstan, Başqırdıstan və digər ölkələrdən çoxlu sayda media nümayəndəsi iştirak edir.

İki gün davam edəcək forumun əsas məqsədi türk dünyasında ortaq informasiya məkanının formalaşdırılması məsələlərini müzakirə etməkdir.

 Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kadırali qeyd edib ki, bundan 150 il əvvəl İsmayıl Qaspralı “Tərcüman” qəzetini çıxararaq, türk dünyasında ortaq informasiya məkanının formalaşdırılması istiqamətində tarixi bir addım atıb: “O zaman qəzeti oxuyan hər kəs ortaq ideallarla böyüdü və türk dünyasında aydınların, oxucuların və ziyalıların birliyi yaranmağa başladı. Bizim də məqsədimiz türk dünyasına xidmət edən, bu məqsədin daşıyıcıları olan və onun təbliğatını aparan jurnalistləri bir araya gətirərək, ortaq məqamları və bizi düşündürən məsələləri müzakirə etməkdir”.

Onun sözlərinə görə, bu fəaliyyət Türk Şurası dövlət başçılarının sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ortaq televiziya və vahid informasiya məkanının yaradılması barədə verilən tapşırıqdan irəli gəlir. Bununla bağlı artıq Türk Şurası da müəyyən işlər görür. Akademiya isə bu prosesin elmi və praktik tərəflərini müzakirə etmək üçün jurnalistləri bir araya gətirir.

Qeyd edək ki, “İşdə, əməldə və fikirdə birlik” ideyası altında keçirilən forum çərçivəsində Beynəlxalq Türk Akademiyasının media mükafatının təqdim olunması da nəzərdə tutulur.

İlahə Əhmədova




Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 12-05-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma