Xəbər lenti
20-01-2021, 00:26
 
“Uğurlar təsadüfi deyil” jurnalist Əşrəf Hümmətovun sayca 5-ci kitabıdır. “Ötən günlər, ötən illər” (2012), “Təhsilimizin tərəqqisi yolunda” (2014), “Müəllimlər, məktəblər, tədbirlər...” (2015), “Öyrədənlər, öyrənənlər, uğurlar” (2016) və mart ayının əvvəlində işıq üzü görmüş “Uğurlar təsadüfi deyil” kitabları “Elm və təhsil” nəşriyyatında buraxılıb. İnamla demək olar ki, “Uğurlar təsadüfi deyil” kitabı da əvvəlki kitablar kimi, müəllim, şagird, ümumiyyətlə, geniş oxucu aiditoriyasının rəğbətini qazanacaqdır. Müəllif hələ üzərindən mətbəə ətri çəkilməmiş bu kitabın da öz ənənəsinə sadiq qalmışdır. Belə ki, ön səhifədə də qeyd olunmuşdur: “Kitabda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” (Gülnaz Abdullayeva) və “Prezident İlham Əliyevin Füzuli rayonuna bir günlük səfəri” (Şərafət Hacıyeva) məqalələrindən sonra müəllifin aprel 2016-yanvar 2017-ci il aralığında “Təhsil problemləri” qəzetində dərc edilmiş məqalələri toplanıb. Müəllif müəllimlərin pedaqoji fəaliyyətindən söhbət açmaqla onları oxuculara tanıdır. Məktəbdə keçirilən tədbirlərdən hazırladığı  məqalələri ilə oxucuya xeyli bilik verir. Şagird və məzunların uğurlarını diqqətə çatdırır. Yeni kitablardan bəhs edir”.
Əşrəf Hümmətov hələ gənclik illərindən dostluq etdiyi, Naxçıvan şəhərində yaşayan müəllim Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü Bağır Qədimovun “Həbibənin sənət fəlsəfəsi”, “Bəstəkar Yaşar Xəlilovun yaradıcılıq portreti” və “Ərtoğrul Cavid Naxçıvan Dövlət Universitetində anıldı” yazılarını da kitaba daxil edib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ayətxan Ziyad əməkdaşımızın üç kitabı haqqında belə bir qənaətə gəlib: “İlk baxışda statistika bolluğu təsiri bağışlayan məqalələrində də rəqəmlər peşəkar jurnalist  səriştəsi, mükəmməl təhsil bilicisinin məntiqi ilə elə təqdim olunur ki, ilk baxışda “quru” təsiri bağışlayan rəqəmlər “dil açıb oxucu ilə danışır”, ədəbi qəhrəmanının daha mükəmməl təqdimatı üçün zəngin informasiaya mənbəyinə, görülən işin, çəkilən zəhmətin göstəricisinə çevrilir.
Əşrəf Hümmətovun yaradıcılığında diqqətçəkən budur: “O gündəmə gətirdiyi faktları (hətta rəqəmləri də) canlandırmağı bacarır. Faktlardan bəhrələnməklə qəhrəmanlarının pedaqogikada, Azərbaycan təhsilində yerini müəyyən edir, qazandığı müvəffəqiyyətin “sirrini” açır. Həm də bunu elə ustalıqla edir ki, sən (oxucu) faktların bolluğundan yorulmursan, usanmırsan” (Təhsil problemləri” qəzeti, 08-15 iyun, 2015-ci il. “Öyrədənlər, öyrənənlər, uğurlar”, “Elm və təhsil” nəşriyyatı, Bakı, 2016).
Müəllif “Uğurlar təsadüfi deyil” kitabında da bu ənənəsinə sadiqdir. Ələt qəsəbəsindəki 110 nömrəli tam orta məktəbin direktoru Şəfayət Orucovanı, Balaxanı qəsəbəsindəki 4 nömrəli tam orta məktəbin direktoru Fəttanə Rəhimova, 220 nömrəli məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini Zeynəb Rzayeva, qabaqcıl ibtidai sinif müəllimləri Vəfa Məmmədova (155 nömrəli məktəb), Məhrubə Eyvazova (127 nömrəli məktəb) və Naibə Əliyeva (Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb), fizika müəllimi Mehriban Səmidova (Şamaxı şəhəri, 3 nömrəli tam orta məktəb), həmçinin pedaqoji fəaliyyəti, illər boyu gənc nəslin təlim-tərbiyəsindəki uğurları ilə fərqlənən digər müəllimlərlə oxucuları tanış edir. Qazandıqları nailiyyətlərlə diqqəti çəkən təhsil işçiləri haqqında həmkarlarının fikirlərini də qələmə alan müəllim onların əsl ziyalı, müəllim portretini yaradır.
“Yaddaqalan bir gün”, “Anım tədbiri keçirildi”, “Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş tədbirdə”, “Dövlət müstəqilliyimizə həsr edilən tədbirdə”,  “Əsrə bərabər 25 il”, “Respublika günü qeyd olundu” və digər məqalələrdə oxucuya tariximiz, dünənimiz və bu günümüz haqqında xeyli məlumat verilir.
Ümumtəhsil məktəblərinin şagird və məzunlarının nailiyyətləri də kitabda geniş işıqlandırılıb. Bu mövzuda yazılmış məqalələr şagird-oxucunu daha fəal olmağa və biliklərə əzmlə yiyələnməyə sövq edir. “Kitab arzular doğurur” məqaləsində isə dahilərin “Kitab insanı kainatın sahibi edir”, “Yaxşı kitab çox qiymətli xəzinədir”, “Kitab arzular doğurur və onları yaşadır”, “Elə bir kitab yoxdur ki, insan ondan yaxşı bir şey öyrənə bilməsin” və digər kəlamları ilə şagirdləri mütailəyə ruhlandırır.
Ayətxan Ziyad yazır: “Yaradıcılığının ana xəttini məktəb, təhsil qarşısında qoyulan vəzifələrin necə yerinə yetirilməsi, nəticə olaraq müəllim “yaradıcılığının məhsulu olan” gəncin həyata layiqli vətəndaş kimi hazırlanması məsələsi durub... Əşrəf Hümmətovun yaradıcılıq trayektoriyası əsasən bir ünvanı (məktəb, müəllim, şagird) əhatə etdiyi kimi, kitablarına cəm etdiyi əsərlərin ilk dərc olunduğu mətbuat orqanı (Azərbaycan Respublikası Təhsil İnstitutu, “Təhsil problemləri” qəzeti), eyni zamanda kitablarının nəşr ünvanı da (“Elm və təhsil” nəşriyyatı ) yeganədir”.
Peşəkar jurnalist,“Təhsil problemləri” qəzetinin şöbə müdiri Əşrəf Hümmətova möhkəm can sağlığı, bundan sonrakı peşə fəaliyyətində yeni yaradıcılıq uğurları diləyirik.



Ana səhifəyə qayıt        Baxış: 1 214          Tarix: 6-04-2017, 11:13      


Paylaş: