Xəbər lenti

 

ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı çərçivəsində Los-Ancelesdə səfərdə olan azərbaycanlı kinomatoqrafçıların təqdimatı keçirilib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, Baş Konsulluq və Los-Anceles Beynəlxalq Ziyarətçilər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə amerikalı kinoşünaslar, müxtəlif icmaların nümayəndələri, incəsənət xadimləri, diplomatlar və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev hər kəsi salamlayaraq, Azərbaycan kino sənətinin tarixi və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. Baş konsul qeyd edib ki, əsası 1898-ci ildə qoyulmuş Azərbaycan kinosu şərəfli bir yol keçmiş, gözəl sənət əsərləri ortaya qoyaraq, dünya kinosuna bir sıra önəmli töhfələr vermişdir. Bu səpkidə diplomat 1943-1945-ci illərdə çəkilmiş “Arşın Mal Alan” filmi haqda ətraflı danışıb. N.Ağayev qeyd edib ki, filmin İkinci Dünya Müharibəsinin ən çətin illərində SSRİ-də dövlət səviyyəsində böyük büdcə ilə çəkilməsinin əsas “səbəbkarları” məhz 1937-ci ildə dahi Üzeyir Hacıbəylinin ölməz əsərini oğurlayaraq Los-Ancelesdə eyni adlı film çəkən ermənilər olub. Erməni rejissor Sertag Vartianın çəkdiyi filmdə məzmun dəyişdirilmiş, hadisələrin Şuşada deyil, guya İranda baş verdiyi iddia edilmiş, ən əsası isə Ü.Hacıbəylinin müəllifliyi qeyd olunmamışdı. Məhz bundan sonra Azərbaycanda çəkilən “Arşın Mal Alan” filmi Azərbaycan və dünya kinematoqrafiyasının ən gözəl incilərindən biri olaraq sonradan dünyanın 130-dan çox ölkəsində uğurla nümayiş etdirilmişdi. N.Ağayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyilə Los-Ancelesdə yüksək peşəkarlıqla rənglənmiş film Baş Konsulluq tərəfindən Hollivudda 2015-ci ildə nümayiş etdirilib. Baş konsul müstəqilliyin bərpasından sonra Azərbaycan kinosunun yeni mərhələyə qədəm qoyduğunu və bir sıra uğurlu filmlərin çəkildiyini qeyd edib.

N.Ağayev daha sonra azərbaycanlı kinomatoqrafçıları qonaqlara təqdim edib.

Los-Anceles Beynəlxalq Qonaqlar Şurasının prezidenti Canet Elliot çıxışında azərbaycanlı kinomatoqrafçıların səfəri haqqında ətraflı danışaraq, sözügedən proqram haqqında geniş məlumat verib. Sonra azərbaycanlı kinematoqrafçılar adından çıxış edən kinorejissor Cəfər Axundzadə Los-Ancelesə səfərin oduqca məhsuldar keçdiyini, səfər müddətində müxtəlif yerli kinostudiyalarda olduqlarını və kinoşünaslarla maraqlı fikir mübadilələri apardıqlarını diqqətə çatdırıb.

Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.




Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 1-10-2019, 10:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma