Xəbər lenti

İyunun 12-5-də Səmərqənddə (Özbəkistan) Azərbaycan Mədəniyyət həftəsi keçiriləcək. 

Bu barədə "Report"a Azərbaycanın Özbəkistandakı Səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib. 

Məlumatda deyilir ki, həftə çərçivəsində iki ölkə dostluğuna, mədəni-ədəbi əməkdaşlığına dair bir sıra tədbirlərin təşkil olunması nəzərdə tutulub.

Belə ki, iyunun 12-də Səmərqənd Aleksandr Puşkin adına Vilayət Mərkəzi Kitabxanasına və Səmərqənd Dövlət Universitetinin kitabxanasına Mərkəzin adından Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunacaq. Kolleksiyaya Azərbaycan siyasəti, mədəniyyəti, tarixi, iqtisadiyyatı, o cümlədən turizmi, Ermənistan-Azərbaycan münaqişəsi barədə, Heydər Əliyev Fondunun hesabına çap olunan, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Özbəkistana göndərilmiş nəşrlər, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə son 4 ildə Daşkənddə çap olunmuş 30-a yaxın nəşr daxil edilib. Tədbir çərçivəsində Səmərqənd kitabxanalarının Azərbaycana dair fondlarının yaradılması mərasimi təşkil olunacaq.

İyunun 13-də isə Səmərqənd Dövlət Universitetində “Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr” mövzusunda elmi konfrans keçiriləcək. Tədbirin təşkilatçıları adı çəkilən ali təhsil ocağı və Azərbaycan Mədəniyyət Mərkəzi yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətidir. Tədbirdə Mərkəzin direktoru Samir Abbasov “Azərbaycan-Özbəkistan, mədəni-ədəbi əlaqələr: həyata keçirilən çoxsaylı tədbirlər və layihələr, perspektivlər” mövzusunda çıxış edəcək, onun rəhbərlik etdiyi qurumun bununla bağlı videomaterialı nümayiş etdiriləcər.

Elmi Konfransda həmçinin Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin tanınmış şəxsləri məruzələrlə çıxış edəcəklər. Tədbirdə qədim dövrlərdən müasir dövrə qədər iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair çoxsaylı məruzələr, Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı olacaq. Tədbir çərçivəsində universitetə Azərbaycana dair hədiyyə olunmuş zəngin kitab kolleksiyasının sərgisi keçiriləcək.

İyunun 14-də isə Səmərqəndin Mərkəzi Bağı və Bulvarı ərazisində “Azərbaycan-Qafqazın dürdanəsi” adlı sərginin açılışı planlaşdırılır. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin Səmərqəndə gətirəcəyi Azərbaycan mədəniyyətinə dair eksponatlar, kolleksiyalar, rəsmlər, fotoşəkillər, xalçalar, milli libaslar nümayiş etdiriləcək, park ərazisində çoxsaylı ekspozisiyalar quraşdırılacaqdır. Sərgi zamanı Parkda quraşdırılmış geniş monitorlarda Azərbaycanın turizm imkanları, Bakının və regionlarının müasir görüntülərinə dair videoçarx yayımlanacaqdır.

Park-bulvarın ərazisində təşkil olunacaq “Odlar yurdundan Türküstana sevgi ilə”, “Könlüm keçir Qarabağdan” adlı fotosərgilərdə Azərbaycana, Qarabağa dair maraqlı fotoşəkillər nümayiş olunacaq. Qonaqlara Azərbaycan mətbəxi nümunələri, o cümlədən şirniyyat təqdim ediləcək. Daha sonra isə Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı milli geyimlərin, o cümlədən Qarabağ geyimlərinin moda sərgisi keçiriləcək. Parkın ərazisində hazırlanacaq podiumda geyimləri Səmərqənd Dövlət Universitetinin gənc tələbə qızları nümayiş etdirəcəklər. Qarabağ şikəstəsinin sədaları altında Qarabağın xanlarına, zadəgan xanımlarına məxsus geyimlər tədbir iştirakçılarına təqdim olunacaq. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının Azərbaycan və Özbək milli rəqslərindən ibarət çıxışları təşkil ediləcək. 

İyunun 15-də isə Səmərqənddə tanınmış azərbaycanlı heykəltaraş, rəssam, uzun illər Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd filialının sədri olmuş Eynulla Əliyevin yaşadığı evinin qarşısında xatirə löhvəsinin açılışı planlaşdırılır. Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi hər il Özbəkistanda tanınmış azərbaycanlıların irsinin, onların xatirələrinin əbədiləşdirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirir. Artıq Daşkənddə tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun, azərbaycanlı şair İxtiyar Rzanın yaşadıqları evlərinin üzərində xatirə löhvələrinin açılışı olub. Bu layihənin davamı olaraq Səmərqənddə xalq tərəfindən sevilən, Özbəkistanda çoxsaylı heykəllərin və büstlərin müəllifi olan, xüsusilə Daşkəndin mərkəzində ucaldılmış özbək ədəbiyyatının dahi şairi Əlişer Nəvainin heykəlinin həmmüəllifi olan E.Əliyevin xairəsi əbədiləşdirilir. Eynulla Əliyevin barelyefini Özbəkistanın tanınmış heykəltaraşı Marina Borodina hazırlayıb. Tədbirdə Səmərqənd Vilayət Hakimiyyətinin, Özbəkistan Rəssamlıq Akademiyasının, E.Əliyevin ailə üzvlərinin, dostlarının, sənət yoldaşlarının, şəhər ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət həftəsinin bağlanışı iyunun 15-də Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm konsert proqramı ilə başa çatacaq. Belə ki,Səmərqəndin mərkəzindəki Gənclər Parkında tanınmış özbək sənətçilərinin, bir sıra populyar musiqi qruplarının Azərbaycan musiqilərindən ibarət möhtəşəm konsert proqramı təqdim olunacaq. Konsertdə Azərbaycan xalq mahnıları, milli rəqslərimiz təqdim ediləcək. Daşkənddəki V.Qlier adının ixtisaslaşmış Musiqi Liseyinin şagirdlərinin “Bayatı şiraz – Vətən haqqında”, “Anadır arzulara Qarabağ”, “Ay laçın” kimi Azərbaycan xalq mahnıları ilə çıxışı planlaşdırılıb. Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin Səmərqənd filialına Azərbaycana dair təbliğat materialları, kitablar, bayraqlar, milli rəqs geyimləri hədiyyə olunacaq. 




Ana səhifəyə qayıt        Baxış: 1 149          Tarix: 3-06-2017, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma