Xəbər lenti

 

Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi və  Azərbaycan - Monteneqro mədəni-iqtisadi mərkəzinin təşəbbüsü və dəstəyi ilə Podqoritsa şəhərində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin Monteneqro dilində dərc edilmiş “İblis” əsərinin  təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Monteneqronun dövlət və hökumət rəsmiləri, deputatlar, ölkə parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər. Təqdimat mərasimi başlamamışdan öncə bir qrup  tədbir iştirakçısı Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Podqoritsa şəhərində abadlaşdırılmış və bərpa edilmiş “Kral” parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini ziyarət etmiş, onların önünə gül dəstələri düzüblər

 

Monteneqronun ən böyük təhsil ocağı sayılan Monteneqro Universitetində keçirilmiş mərasimi açıq elan edən universitetin prorektoru Boris Vukiçeviç, tədbir  iştirakçılarını salamlayaraq, Monteneqro oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz ana dillərində tanış olma imkanı yaradan şəxslərə öz minnətdarlığını bildirib. Tədbirin onun təmsil olunduğu universitetdə keçirilməsindən son dərəcə məmnunluğunu ifadə edən prorektor, iştirakçılara uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən  Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, 2013-cü ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Podqoritsada yerləşən qədim tarixə malik “Kral parkı”nda Cavidin abidəsinin ucaldılmasından söz açaraq, bu abidənin  dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının iki xalq arasında nəcib amala – dostluğa və humanizmə xidmət etiyini vurğulayıb.

 

Hüseyn  Cavidin bir çox  dünya xalqlarının dillərinə çevrilmiş “İblis” mənzum dramının artıq Monteneqro dilinə də tərcümə edilərək nəşr olunmasının mühüm əhəmiyyətini qeyd edən səfir bu gözəl fürsətdən yararlanaraq Cavid yaradıcılığı və Cavid şəxsiyyəti ilə bağlı düşüncələrini həmin kitabın ön sözündə yazdığını söyləyib.

 

Azərbaycan dövlətinin o zaman ki, rəhbəri Heydər Əliyevin birbaşa müdaxiləsi nəticəsində Cavidin üzərindən bütün qadağaların götürüldüyü, Cavidin cənazəsinin qürbətdən, uzaq İrkutsk vilayətindən vətənə gətirilib doğulduğu torpaqda dəfn edildiyini vurğulayan səfir,  Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Bakıda sənətkarın heykəlinin ucaldıldığı, adını daşıyan gözəl park salındığı, Naxçıvanda isə onun qəbri üzərində memarlıq-xatirə kompleksinin yaradıldığını ifadə edib.

 

Monteneqroda Cavidin heykəlinin ucaldılması, onun kitabının yerli dilə  tərcümə edilməsi ilə onun uzaq Sibirdən təkcə doğma Azərbaycana deyil, həm də, bu müstəqil Avropa ölkəsinə də qayıtdığını söyləyən natiq, bir daha layihənin reallaşdırılmasında rolu olan hər kəsə dərin təşəkkürlərini ifadə edərək, belə təşəbbüslərin Azərbaycan və Monteneqro arasında mədəniyyət sahəsində əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcəyinə əminliyini bildirib.

 

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov öz çıxışında Hüseyn Cavidi   dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə edərək onu əbədi olan duyğu və düşüncələrdən əbədi yaşamaq haqqı olan solmaz incilər yaratdığını bildirib. Natiq “İblis”in  bu incilərin ən parlaqlarından biri olduğunu söyləyərək, həmçinin “İblisi” bu gün Cavidin görmədiyi Monteneqroya gələn, Cavidin bilmədiyi Monteneqro dilində danışmağa başlayan, sabah daha başqa ölkələrə ayaq açacaq, daha başqa dillərdə danışacaq əbədi bir əsər kimi qiymətləndirib. Bu bitməyən yolçuluğun və hər yerdə doğma qarşılanmağın sadə bir səbəbi olduğunu söyləyən akademik, bütövlükdə Cavidin əsərləri və sənət mirasının insanlığa üz tutduğunu bildirib. Monteneqroda olduğu kimi  həmin əsərlərin hansı dildə səslənməsi, hansı qapını açmasından asılı olmayaraq, həmişə köhnə tanış, gəlişi çoxdan gözlənilən doğma kimi qarşılanacağı ifadə edilib.

 

Hüseyn Cavid irsinin araşdırmaçısı, şair Fərid Hüseyn dahi şair, bəşəri əsərlər müəllifi Hüseyn Cavidin irsinin  bu gün dünyada layiqincə təbliğ olunduğunu söyləyərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Hüseyn Cavidin 125, 130, 135 illik yubileylərinin keçirilməsi haqqında müxtəlif dövrlərdə sərəncamlar imzalaması və dahi şairin yaradıcılığına daim yüksək həssaslıqla yanaşmasını qeyd edib. Bu gün ədibin əsərlərinin dünyanın bir çox ölkələrində səhnəyə qoyulduğu, əsərlərinin ardıcıl olaraq tərcümə və nəşr edildiyinə diqqət çəkən şair, bu istiqamətdə görülən işləri sadalayarkən Hüseyn Cavid irsinin tanınmış tədqiqatçısı Sona Vəliyevanın  fəaliyyətini xüsusi qeyd edib. “İblis” əsərinin Monteneqro dilində nəşr edilməsini tarixi hadisə kimi qiymətləndirən şair, bunun yaşı bilinməyən tarixin ədibimizə verdiyi növbəti həqiqi dəyər olduğunu söyləyib.

 

Monteneqronun tanınmış yazıçıları akademik Sreten Vuyoviç, Qoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, Azərbaycan Yazıçılar  Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin Baş redaktoru Azər Turan, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi dramaturq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.

 

Tədbirin sonunda Hüseyn Cavid haqqında qısametrajlı sənədli film nümayiş etdirilib. 

Tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb




Ana səhifəyə qayıt        Baxış: 339          Tarix: 24-10-2019, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma