Xəbər lenti

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.

Bu barədə APA-ya məlumatı Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri İntiqam Hümmətov verib.

O, bildirib ki, sabah Çingiz Sadıxovla vida mərasimi keçiriləcək: “Azərbaycan prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən görkəmli musiqiçi Çingiz Sadıxovun nəşi vətənə gətirilib. Yanvarın 16-da Çingiz Sadıxovla Təzə Pir məscidində vida məraismi keçiriləcək, xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək”.

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 15-01-2018, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma