Xəbər lenti


ReAL Partiyasının sədri İlqar Məmmədov müxalifət düşərgəsinə qarşı növbəti ittihamlar səsləndirib. "AzPolitika.info" xəbər verir ki, o sosial şəbəbkədəki hesabında bəzi partiyaları populist fikirlər söyləməklə cəmiyyəti çaşdırmaqda ittiham edib.

“Populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların və onların yaxın-uzaq qohum-əqrabasının birbaşa ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. Bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş ya da acından öldürmüşdülər”, -deyə İ. Məəmmədov vurğulayıb.

Partiya sədri oliqarxiyanın var-dövlətinə qarşı səslənən bir sıra şüarları tənqid edib və bunu "bolşevik şüarları” adlandırıb: “Sovetin dağılmasından sonra kapitalın ayrı-ayrı ictimai nöqtələrdə cəmləşməsinə tarix-xalq şərait yaradıb. Bu cəmləşmə bütün ölkələrdə baş vermiş bir hadisədir (daha çox orta əsrlərin sonunda, yeni tarixin əvvəlində). Amma onu milli inkişaf məqsədləri üçün istafədə etməyi bacarmış və bacarmamış xalqlar var.

Populistlər deyir ki, rüşvətxor məmurdan və onun biznesdəki ortağından hər şeyi al, yoxsula payla. Bu, gediləsi yol idisə, kommunistlər tarixdə özlərini doğrultmuş olardı”.

ReAL sədri çıxış yolunu məmur olqarxiyasının əlində olan pulu inkişafa cəlb etməyi təklif edib: “Bəs nə etməliyik? Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir. Bəzən lap elə dövlətin yumşaq məcburlama alətlərindən istifadə etməklə. Amma bütün bunlar qanun aliliyi və sərmayə üçün digər cazibəli xüsusiyyətləri olan iqlimdə edilməlidir.

Bu baxımdan, hazırda oliqarxık çevrələrdə baş verən daxili çəkişmə çox ziyanlıdır. Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq – əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.
İ. Məmmədov populist adlandırdığı siyasi rəqiblərinin şüarlarını tənqid edib: “Onların gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq. Seçkiyə hələ var, ona görə xalqı aldadan, yerinə yetirilməsi mümkün olmayan ya da uzunmüddətli inkişafa zərərli sosial şüarlar indidən ifşa edilməli, bu şüarların seçki şansları indidən heçə endirilməlidir”.

Qeyd edək ki, İlqar Məmmədovun bu fikirləri ittiham olunan siyasi təşkilatların funksionerləri və üzvləri tərəfindən sərt reaksiya ilə qarşılanıb. ReAL sədrinin ünvanına kəskin ifadələr səsləndirilib.

Xatırladaq ki, bundan əvvəl ReAL sədri hökumətdən uşaqpulu tələb edən müxalifətçiləri "debil", "yaramaz" adlandırmışdı. Onun təhqiramiz fikirləri də əks düşərgədə adekvat reaksiyalara səbəb olmuşdu.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: 7-04-2021, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma