Xəbər lenti

Lombardda vətəndaşları belə aldadırlar . . .

Lombard işçiləri arasında növbəti dələduzluq faktını Bakının Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları aşkarlayıblar.

Polis İdarəsinə 1991-ci il təvəllüdlü şəhər sakini Qəhrəman Mustafayevdən şikayət ərizəsi daxil olub. Ərizəçi bildirib ki, 2016-cı ilin dekabrından 2017-ci ilin sentyabrına qədər o, Fətəli xan Xoyski küçəsindəki 138 nömrəli binada yerləşən lombardın işçisi, Lənkəran sakini, 1990-cı il təvəllüdlü Abbasov Elnur Çingiz oğlundan bahalı zərgərlik məmulatları alıb.

Yalnız bu yaxınlarda Mustafayev aldadıldığını bilib. Sən demə, Abbasov qızıl zinət əşyaları ilə birlikdə adi bijuteriyaları da sırıyıb və beləliklə, Mustafayevə məxsus 20 min manatı mənimsəyib. Fırıldaqçılıq faktı Mustafayev bijuteriyaları zərgərə əsl qızıl zinət əşyaları kimi satarkən üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Abbasov hələlik saxlanılmayıb.

Polis hər ehtimala qarşı lombardlara qızıl əşyalarını girov qoyan vətəndaşları ayıq olmağa çağırıb. Vətəndaşlara pul müqabilində girov qoyduqları qızıl-zinət əşyalarını lombarddan geri alarkən diqqətli olmaq, onları zərgərdə yoxladaraq saxtalaşdırılmadığını dəqiqləşdirmək tövsiyə edilir. "Bilmək olmaz, lombard işçiləri vətəndaşların girov qoyduqları zinət əşyalarını onların saxta analoqları olan bijuteriyalarla əvəz edə bilərlər" — deyə hüquq mühafizəçiləri xəbərdarlıq edib. (sputnik.az)




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 16-09-2017, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma