Xəbər lenti

Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir: “Ermənistanı qaranlıq gecə gözləyir”
Bu gün MDB dövlət başçılarının Soçidə sammiti keçiriləcək.

Publika.az
 xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Soçiyə səfər edib.

Soçidə keçirilən sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir. Bununla bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır. Hər şey günün sonunda bəlli olacaq.

“Ermənistanı qaranlıq gecə gözləyir”.

Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni Soçidə mümkün görüşü obrazlı şəkildə şərh edərkən deyib.

Erməni şərhçi İrəvanın Soçidə görüşün olmayacağına ümidlər bəslədiyini qeyd edib. Çünki Moskvanın təşəbbüsü ilə keçirilən üçtərəfli – Rusiya, Azərbaycan və Ermənistan - Qarabağ görüşü heç vaxt İrəvanın xeyrinə olmayıb.

“Görüşün olması ehtimalı azdır, görüş olsa belə, ciddi nəticələr gözlənilmir. Lakin məsələ Rusiyanın təşəbbüsü ilə keçirilə biləcək görüşdə Ermənistan maraqlarının diqqətə alınmamasından gedir. Bu baxımdan, görüş olarsa, Soçidə Ermənistanı qaranlıq gecə gözlədiyini deyə bilərik. Ermənistan hakimiyyəti isə bunu bilə-bilə Rusiya qarşısında boyun əyir. Belə demək mümkünsə, Serj Sarkisyan Soçiyə Putin və Əliyevə təslim olmağa gedir”, - deyə o vurğulayıb.

Ermənistanı narahat edən məqam üçtərəfli görüşdə ərazilərin azad olunması məsələsinin əsas prioritet məsələ kimi müzakirəsidir. Rusiya öz planını həyata keçirməkdə israrlı görünür. Söhbət ilkin mərhələdə 5 rayonun azad olunması, sonrakı mərhələlərdə digər rayonların taleyi və Qarabağın statusunun müzakirəsindən gedir. Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin də ötən həftə bunu təsdiqlədi və qeyd etdi ki, “prezidentlərin görüşündə 5 rayonun qaytarılması müzakirə ediləcək”.

Lakin o da mümkündür ki, Soçidə görüş olmasın, əvəzində Rusiya hər iki tərəflə müzakirə edərək, prezidentlərin gələcək görüşünün vaxtını müəyyənləşdirsin.

Erməni siyasi şərhçi Aram Amatuni isə yazır ki, əsas məsələ "kim güzəştə getdi” sualıdır”.

Onun sözlərinə görə, Ermənistan “atəşkəsə nəzarət mexanizmi”ni danışıqlara başlamaq üçün ilkin şərt kimi irəli sürürdü.

“Lakin prezidentlərin görüşə hazırlaşdığı vaxtda heç kim bu haqda danışmır. Bu da “kim güzəştə getdi” sualını yaradır. İrəvanda siyasi təbliğatçılar Azərbaycanın güzəştə getdiyini israrla bildirirlər, hərçənd, bu, inandırıcı deyil və inandırıcı olması üçün kiçik arqument belə yoxdur. Əslində, bütün bu təbliğat Ermənistanın geri çəkildiyini ört-basdır etməyə hesablanıb”, - deyə o bildirib.

A.Amatuni Dağlıq Qarabağ cəbhəsində güclü silahlanmanın getdiyini qeyd edib: “Azərbaycan ordunu hər keçən gün daha güclü və hazır vəziyyətə gətirir. Bu da Ermənistan üzərində böyük təzyiq deməkdir. Beynəlxalq ekspertlər hesab edirlər ki, yaxın günlərdə danışıqlarda hər-hansı tərpəniş olmasa, bu, regionda böyük risklər yaradacaq. İndiki məqamda görünən odur ki, prezidentlərin Soçidə, yaxud başqa bir yerdə görüşməsinin o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan budur ki, danışıqlar “Madrid prinsipləri” əsasında hazırlanır”.




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 11-10-2017, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma