Xəbər lenti

 

Nikolay Plotnikov

Rusiya EA Şərqşünaslıq İnstitutu Elmi-analitik informasiya Mərkəzinin rəhbəri, siyasət elmləri doktoru

Nezavisimaya gazeta, 29.01.2018

 

Əfqanıstanda teraktlar, az qala, adi olaya çevrilib. Yanvarın 29-da növbəti terakt həyata keçirilib. Hücum obyekti Kabulda Hərbi Akademiya olub. İki gün qabaq DİN binasının yaxınlığında güclü partladıcı qurğu qoyulmuş təcili yardım maşını partladılıb. Yanvarın 20-də özəl qorunan  “Intercontinental” oteli cəsarətli hücuma düçar olub. “Taliban” və İŞİD-in Əfqanıstan bölməsi hücumlara görə məsuliyyəti növbəylə öz üzərlərinə götürür.

Prezident Əşrəf Qəni yanvarın əvvəlində ölkə vətəndaşlarını terroru “mümkün qədər tez boğmaq” üçün birləşməyə çağırıb. Yerli KİV-lər növbəti faciəylə bağlı ötən bazar günü prezidentin mətbuat üçün növbəti bəyanatını yayıb. Həmvətənləriylə görüşdən yayınan və onlarla KİV-lər vasitəsilə ünsiyyətə üstünlük verən dövlət başıçısının həlak olanların ailələrinə növbətçi başsağlığı bu dəfə əfqanıstanlıların çoxunda hiddət və qəzəb doğurub.

Qəninin prezidentliyi müddətində təhlükəsizliyin təminatı planında keçən il Əfqanıstan üçün ən pis il olub. Kamikadze terrorçuların sayı 2016-cı illə müqayisədə 20% artıb. Ən çox terakt Kabulda baş verib. 2016-cı ildə mülki əhali arasında ölümlərin 19%-i, 2017-ci ildə artıq 25%-i paytaxtın payına düşüb.

Ölkənin praktik olaraq bütün ərazisi kamikadze terrorçuların zərbəsi altındadır. Kabuldan savayı əhali  sayına görə üçüncü yerdə Herat şəhəri, Qor, Gilmənd, Qəndəhar, Fərəh, Baqdis, Bəlx, Tahor, Host, Paktiya əyalətləridir. Həm şiə xəzərlər, həm də taciklər hücum obyekləri sırasındadırlar. Bu, Əfqanıstanı təriqət əlamətlərinə görə parçalaya bilər. Hücumların arxasında xaricdən İranın böyründə daha bir sünni-şiə qarşıdurması ocağı yaratmağa çalışan kimsə durur. Nəticədə yayayış yerlərini tərk etmək və sığınacaq aramağa məcbur olan şəxslərin axını kəsilmir: 2016-cı ildə 350 min, 2017-ci ildə 360 mindən çox adam. Yerini dəyişən şəxslərin sayı 2012-ci illə müqayisədə 17% artıb. Yerini dəyişənlərin, təxminən, 54%-i əyalət mərkəzlərinin ətrafında cəmləşib. Bu, işsizliklə bağlı onsuz da mürəkkəb durumun kəskinləşməsinə, həyatını qura bilməyən əhalinin çoxalmasına aparır ki, bu da infrastruktutun yüklənməsini artırır, resurslar uğrunda mübarizəni kəskinləşdirir, cinayətkarlığın artımına şərait yaradır.

Əfqanıstan beynəlxalq humanitar təşkilatlar üçün ən təhlükəli ölkələr sırasına daxildir. Natamam məlumatlara əsasən, keçəın il humanitar qurumların 17 üzvü həlak olub, 15-i yaralanıb, 43-ü oğurlanıb. Bir sıra təşkilatlar nəticədə xüsusən ucqar bölgələrdə öz təmsilçiliklərini azaltmalı olub.

Əfqanıstanda durumun pisləşməsinin əsas səbəbləri:

-ölkə rəhbərliyində uzlaşmanın yoxluğu və prezident Qəniylə icra hakimiyyəti başçısı Abdullo arasında arası kəsilməyən mübarizə və nəticə kimi milli birlik hökuməti və hakimiyyət qurumlarının dövlət funksiyalarını icra etmək bacarıqsızlığı;

-hakimiyyətin kənd yerlərində xeyli əraziyə nominal nəzarəti;

-hakimiyyət, hüquq-mühafizə qurumlarında və orduda korrupsiyanın güclənməsi;

-istisnasız olaraq hökumət qruplaşmalarının hamısının gücləndirilməsi;

-ayrı-ayrı hakimiyyət, polis və ordu təmsilçilərinin antihökumət qruplaşmalarıyla əməkdaşlığı;

-hakimiyyət və parlamentin həm ayrıca təmsilçilərinin, həm də cinayətkar qruplaşmaların narkotik istehsalının artmasında marağı;

Ölkədə sabitsizliyin artması, hakimiyyətin güvənlik və müdafiəyə zəmanət bacarıqsızlığı, təhsilin əlçatmazlığı, yaşayış vasitələrinin və işədüzəlmə imkanlarının məhdudluğu əhalinin xeyli hissəsində indiki Əfqanıstan hökumətinin siyasətindən məyusluq doğurur.

Kabuldakı dipkorpusda hesab edildiyi kimi, durum pisləşəcək. Diplomatların fikrincə, hazırda Əfqanıstanda antihökumət qruplaşmalarının əlinin çatmadığı bir əyalət də yoxdur. Kabul əyalət şurasının üzvü Möhsün Əhmədinin fikrincə, hökumət antihökumət qruplaşmalara müqavimət əvəzinə bütün diqqətini daxili-siyasi mübarizəyə ayırır. Onun sözlərinə görə, Əfqanıstan liderləri bir-biriylə rəqabət aparır və 2019-cu il prezident seçkilərinə hazırlıq görürlər.  Əfqanıstandakı durumun Mərkəzi Asiya (MA) ölkələrinin güvənliyinə təsirindən danışarkən qeyd etmək gərəkir ki, taliblər və onların bayrağı altında çıxış edən saysız-hesabsız kriminal dəstələr rəsmi Kabulla mübarzəyə cəmləşiblər. MA ölkələri üçün təhdid ideologiya və tərkibcə Suriya və İraq cihadçılarından seçilən İŞİD-dən qaynaqlanır. Əfqanıstan bölməsinin əsasını Nərgərhar əyalətində əməliyyat meydanı yaratmış “Təhrik-e Taliban Pakistan”dan puştunlar təşkil edirlər. Sonradan Əfqanıstan taliblərinin bir qismi, habelə çeçen deyilənlər (əfqanlar Rusiyadan çıxanların hamısını bu cür adlandırırlar) sırasından əcnəbi döyüşçülər, “Cundulla” qruplaşmasından özbək və taciklər, “Özbəkistan İslam Hərəkatı”nın qanadı, uyğurlar, həmçinin kriminal qruplar yaxşı maaşa görə onlara qoşulublar.

İŞİD-in Əfqanıstandakı sayı haqda düzgün məlumat yoxdur. Onun sıralarına maddi təsəvvürlər üzündən girirlər. İŞİD dəstələri Əfqanıstanın şimali-qərbində (Bədəxşan, Tahor, Qunduz əyalətləri) və şimalında (Bəlx, Cauzcan, Fəryab, Baqdis, Herat əyalətləri) meydana çıxıb. Onlar yerli polis və ordu bölmələriylə açıq qarşıdurmaya getmirlər. Əfqanıstan ekspertlərinin sözlərinə görə, “yüksək intizam və mütəşəkkillik” göstərirlər. Bu, habelə onların silahları yerli gənclikdə sayğı doğurur. Təəssürat yaranır ki, İŞİD döyüşçüləri Əfqanıstanın şimal sərhədlərində öz mövqelərini möhkəmləndirir və ölkədən kənarda fəaliyyət üçün əmr gözləyirlər. Tamamilə mümkündür ki, əsas istiqamət MA ölkələri ola bilər.     

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 1 020          Tarix: 30-01-2018, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma