Xəbər lenti


Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətlərin qarşılıqlı etimad və dostluq  prinsipləri üzərində qurulmasina xüsusi önəm verib. İran İslam Respublikası ilə münasibətlər də tarixən məhz bu elementlər üzərində qurulub. Ən azından Azərbaycanla İranı bağlayan birgə mədəni, mənəvi, dini, tarixi və eləcə də siyasi köklər mövcuddur. İranda otuz milyona yaxın azərbaycanlı yaşayır. Bu məqamlar daima hər iki dövlətin diqqət mərkəzində olan xüsusi cəhətləri kimi qiymətləndirilib.

Son günlər İran İnqilab keşikçiləri Ordusu və ya qısaca SEPAH tərəfindən Azərbaycana qarşı sərgilənən təhdid xarakterli münasibət olduqca maraq doğurur.

Ən azında ona görə ki, bir müddət bundan öncə Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Naxçıvana yolun açılmasını təmin edən memorandum imzalandı. Hər iki ölkə arasında əməkdaşlığın bu qədər strateji bir səviyyəyə gəldiyi bir məqamda SEPAH tərəfindən Azərbaycana qarşı belə təhdidlərin səsləndirilməsinin əsas səbəbi nədir? Bunu aydınlaşdırmaq üçün bir qədər keçmişə qayıtmaq və məsələləri daha ətraflı şərh etmək daha məqsədəuyğundur. 

İlk öncə qeyd etmək lazımdır ki, SEPAH-ın Azərbaycana qarşı münasibəti heç zaman səmimi olmayıb. Bu özünü daha bariz şəkildə II Qarabağ müharibəsi zamanı da göstərdi. Belə ki, SEPAH qüvvələri Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar zamanı əldə etdiyi uğurları həzm edə bilməyərək sərt mövqedən çıxış etməyə başladı. SEPAH-a məxsus olan hərbi texnikanın Araz çayı boyunca və Azərbaycanın cənub sərhədlərində cəmləşməsi heç də səmimi olmayan münasibəti əks etdirdi.

Hətta, bəzi SEPAH mənsubları Naxçıvana da hücum etməyə hazır olduqlarını da dilə gətirdilər.

Həmin zaman SEPAH-ı razı salmayan bir sıra məqamlar var idi. Birincisi, Azərbaycan 30 il ərzində işğal altında olan cənub sərhədlərini yenidən bərpa edir, sərhəd infrastrukturu yaranır və deməli sərhəddə Azərbaycan bayrağı dalğalanacaq. İkincisi, Zəngəzur dəhlizinin açılması ilə birbaşa bağlı olan məqam idi. Bu məqam nəinki, SEPAH-i eləcədə radikal İran steblişmentini də narahat edirdi.

Dəhlizin açılması ilə İranın Ermənistanla birbaşa quru əlaqəsi kəsilir və bununla da İran mühüm nəqliyyat dəhlizindən kənarda qalırdı.

Üçüncüsü isə SEPAH müharibə zamanı Qarabağ səmasında pərvaz edən İsrail istehsalı olan dronların uçuşunu heç cür qəbul edə bilmir və hətta bunu özünə təhlükə də hesab edirdi. Təbii ki, İranın İsraillə olan münasibətləri fonunda bu hardasa bir qədər başadüşüləndir. Lakin, əvvəldə də qeyd etdiyimiz kimi, İsrail dronları erməni silahlı qüvvələrinə qarşı istifadə olunurdu və Azərbaycan müharibə zamanı qonşu dövlətlərlə münasibətlərinə sadiq qalmışdı. 

SEPAH tərəfindən davam edən bu təhdidlər fonunda İran tərəfindən Azərbaycan qarşı müharibə və işğal zamanı həyata keçirilmiş bir sıra mühüm faktlar işıqlandırıldı. Nəticədə hər iki ölkə arasında münasibətlər soyuq mərhələyə keçdi. Hətta İran prezidenti İbrahim Rəsinin Rusiyaya etdiyi kömək və dəstək almaq xarakterli səfəri də Azərbaycanın haqlı və dəyişməz mövqeyi ilə qarşılaşdı. Belə olan halda, İran XİN bir neçə dəfə Azərbaycanla yüksək səviyyəli görüşlərin keçirilməsi təklifini dilə gətirdi və hətta müharibədə Azərbaycanın əldə etdiyi qələbəni də yaranmış şərait daxilində dəstəkləməli oldu.

Hər iki ölkə başçısının görüşü 28 noyabr 2021-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad şəhərində keçirilən XV iclası zamanı baş tutdu.

Bundan sonra isə İranın Şəhərsalma və yollar nazirinin Azərbaycan bir neçə səfəri oldu. Nəticədə İran məxsus bir sıra iri şirkətlərin də Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işlərində iştirakı nəzərə alındı. Hətta, Ermənistanı bölgədə mühüm nəqliyyət dəhlizindən əldə edə biləcək dividentlərdən kənarda qoya bilən bir səviyyədə Azərbaycan və İran əməkdaşlığı da formalaşdı. Lakin, bu dəfə də SEPAH Azərbaycana qarşı özünəməxsus şəkildə növbəti təhdid xarakterli münasibətini göstərdi.

İranı rəsmi dövlət səviyyəsində 

Azərbaycanla münasibətləri yaxşılaşdırması istiqamətində atdığı addımlar fonunda belə münasibətin göstərilməsi bir sıra suallar ortaya çıxarır. Sərgilənən mövqe rəsmi İranın dövlət mövqeyidir yoxsa bu teokratiyanın üstünlüyündən irəli gələn bir məsələdir? Azərbaycanla əməkdaşlıqda maraqlı olmayan qüvvələrin reaksiyası kimi qəbul olunmalıdır bu mövqe? 

Birincisi, onu qeyd etmək lazımdır ki, SEPAH birbaşa İranın Ali dini liderinə tabe olan silahlı birlikdir. Sonuncu məlumata əsasən birliyin tabeliyində olan canlı qüvvənin sayı 125 min nəfərdir.

İkincisi, İranda dövlət idarəetməsi teokratik formada həyata keçirilir. Ali dini liderin qəbul etdiyi qaydalar heç bir siyasi və hüquqi qüvvə tərəfindən geri oxuna bilməz. Ölkə başçısı belə, bəzi məqamları Ali dini liderlə məsləhətləşdikdən sonra qəbul edir. Bu da əsasən sonrada Ali dini liderin vetosu ilə qarşılaşmamaq səbəbilə həyata keçirilir. Belə olan halda deyə bilərik ki, SEPAH-ın Azərbaycana qarşı sərgilədiyi mövqe daha çox dini mərkəzdən motivasiya olunur. Bu zaman SEPAH-ın mövqeyinin rəsmi İran dövlətinin yox daha çox radikal dini hakimiyyət qolunun mövqeyi olmasını deyə bilərik.

Bu da SEPAH-ın son günlər aktivləşməsinın heç də təsadüfi olmadığını deməyə əsas verir. 

Təbii ki, burada Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olmayan digər bir qüvvə kimi İranda yaşayan ermənilərdən ibarət lobbi fəaliyyətini də qeyd etmək lazımdır. Ermənilər İranda azərbaycanlılara nisbətdə bu məsələdə daha yaxşı təşkilatlanmış və hətta İranın dövlətin idarəetmə apartında da yol tapmışlar. 30 il ərzində Azərbaycanın cənub sərhədləri məhz bu qüvvələrin nəzarətsiz ticarət platsdarmı olmuşdur. Nəzərdən qaçırmaq olmaz ki, Gorus-Qafan yolu ilə Ermənistan və Xankəndiyə yüklər daşıyan nəqliyyat şirkətlərinin çoxunun sahibi milliyətcə ermənidir. Ona görə də Azərbaycan buna qarşı sərt mövqe göstərəndə birinci olaraq İran erməniləri məslənin həll olunması üçün Azərbaycana təzyiqlərin göstərilməsini tələb edirdilər. Nəticədə yola tam nəzarət Azərbaycan tərəfindən təmin olundu. 

SEPAH-ın son günlər aktivləşməsinin başqa daha mühüm bir səbəbi də var. 

Belə ki, bir müddət öncə Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə hər iki ölkə başçısının qarşılıqlı məktublaşması oldu. İsrail prezidenti İsak Hersoq öz məktubunda rəsmi qaydada tezliklə Tel-Əvivdə Azərbaycan səfirliyinin açılmasını və Azərbaycan prezidentini rəsmi İsrailə səfər etməsini ifadə etdmişdir. Bununla yanaşı, İsrail və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də  nəzərdə tutulub və bununla bağlı olaraq İsrailin Turizm naziri Yoel Razvozovun Azərbaycana səfəri də oldu.

Səfər zamanı ölkə başçısı ilə görüşü zamanı Y.Razvozov iki ölkə arasındakı münasibətləri şərh edərkən “Azərbaycan-İsaril dostluğu qarşılıqlı etimada və ortaq tarixə əsaslanır” fikrini də səsləndirdi.

Qeyd olunanlarla yanaşı, İsrailin xüsusi xidmət orqanı olan Mossadın sabiq rəisi Tamir Pardo bölgə haqqında fikirlərini şərh edərkən Azərbaycanın İsraillə İran arasında vasitəçi olma ehtimalını da vurğulayıb. Görünür bütün bu qeyd olunanlar SEPAH-ı olduqca narahat etməyə başlayıb ki, yenidən Azərbaycana qarşı təhdidləri səsləndirib. Çünki, təhdidlərdə İranın şimal sərhədlərində sionist  qüvvələrin mövcudluğu əsas təhlükə kimi qeyd olunur.

Qeyd olunan faktlar fonunda onu bildirmək lazımdır ki, Azərbaycan bölgədə onunla qonşu olan dövlətlərin ərazisinə hörmətlə yanaşır.

Yeni yaranmış reallıqda Azərbaycan yeni əməkdaşlıq platformasını dəstəkləyir və təşviq edir. Bu platforma da İran da iştirak edir. Artıq İran şirkətlərinin Qarabağda iştirakı da dəstəklənib. Ölkə başçısı dəfələrlə İranla Azərbaycan arasında olan sərhəddi “dostluq və qardaşlıq sərhəddi” adlandırıb. Belə olan halda, münasibətlərin konstruktiv müastəvidə davam etməsi nəinki Azərbaycan, eləcə də İran üçün olduqca vacibdir. Artıq Azərbaycanın haqlı və qalib mövqeyi dünya birlyi və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənidyi halda, təhdid dilində Azərbaycanla danışmaq məqsəduyğun deyil.

II Qarabağ müharibəsi zamanı Azərbaycan öz siyasi hərbi qüdrətini nümayiş etdirdi.

Bununla da bölgədə sülh bərqərar oldu. İndi yaranmış yeni geosiyasi vəziyyətdə sülh gündəliyini bölgənin ümumi inkişafı üçün dəstəkləmək lazımdır. İnanırıq  ki, gec ya da tez SEPAH rəhbərliyi də bu faktlara diqqət yetirər.  

Amid Əliyev, Politoloq

Bizim.Media


Ana səhifəyə qayıt        Baxış: 6 458          Tarix: 16-04-2022, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma