Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri təxirə salınıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Putinin Türkiyəyə səfəri aprelin sonu və ya may ayının əvvəllərinə salına bilər.
Siyasi şərhçi Heydər Oğuzun fikrincə, səfərin yeni tarixinin müəyyənləşdirilməsi bəhanədir. Putinin Türkiyəyə səfəri ümumiyyətlə baş tutmayacaq.
O, Musavat.com-a açıqlamasında fikirlərini belə əsaslandırıb:
“Məlumdur ki, ABŞ prezidenti Co Bayden Türkiyəyə F-16-ların verilməsi barədə təklifini yanvarın 27-də Senata göndərmişdi. Senat bu təklifə etiraz etməsə, 15 gündən sonra bu məktub qətnamə kimi qüvvəyə minəcək. Yanvar ayının 31 gündən ibarət olduğunu düşünsək, bu 15 günlük müddət fevralın 11-də tamamlanır. Yəni Putinin Türkiyəyə planlaşdırılan və artıq təxirə salınan səfərindən 1 gün qabaq. Təbii ki, belə bir zamanda Rusiya liderinin qardaş ölkəyə səfəri uyğun olmazdı. Çünki F-16-lar NATO-nun cənub qanadını gücləndirmək üçün verilir. NATO-nun cənub qanadının avanqardı isə Türkiyədir və bu qanadın gücləndirilməsinin məqsədi Rusiyanı Qara dənizdə sıxışdırmaq mənasına gəlir.
Nəzərə alsaq ki, ABŞ-ın Suriyadan çəkilməsi və Şimali İraqda Talabani aşirətindən uzaqlaşması kimi məsələlər də gündəmdədir, ABŞ-ın bu addımlarından sonra Türkiyənin Rusiyanın yanında yer almasının heç bir mənası qalmayacaq. Türkiyə hazırda milli maraqlarını təhdid edən PKK məsələsində də öz istədiyini əldə etmiş kimi görünür”.
Bəs Rusiya Türkiyə-ABŞ yaxınlaşmasına necə reaksiya verə bilər?
Siyasi şərhçi deyib ki, bütün bu hadisələrdən sonra Rusiyanın əsasən 2 istiqamətdə Türkiyəyə təzyiq etmək imkanları var: "Bunlardan biri Suriya, digəri Cənubi Qafqaz sahəsidir. Cənubi Qafqazda Türkiyənin əsas müttəfiqi bizik. Deməli, Rusiyanın möhtəməl təzyiqləri Azərbaycana ola bilər. Məsələyə bu aspektdən baxanda Azərbaycanda seçkilərin növbədənkənar keçirilməsi və Ankaranın Putinin səfərinə məhz seçkinin bitməsi ərəfəsində rədd cavabı verməsi də təsadüfə oxşamır”.
Heydər Oğuz həmçinin xatırladıb ki, prezident seçkilərindən qısa müddət əvvəl prezident İlham Əliyev rəsmi media qurumlarına verdiyi müsahibədə maraqlı bir fikir söyləmişdi: “Real” TV-nin rəhbəri Mirşahinin bir sualını cavablandırarkən demişdi ki, Azərbaycanın çətin anında nə Çinə, nə Rusiya, nə də başqa bir dövlətə üz tutmaz. O, bu durumla qarşı-qarşıya qalsa, əsas dəstəyi Türkiyədən gözləyər. Zənnimcə, İlham Əliyevin sözügedən fikirləri hazırkı duruma əvvəlcədən verilmiş cavabdır”.
E.Məmmədəliyev,
Musavat.com
Paylaş: