Xəbər lenti

HƏMAS-İsrail müharibəsi 166 gündür davam edir. Savaşın uzanması bəzi proqnozları alt-üst edib. Elə zənn edilirdi ki, bu toqquşma Yaxın Şərqdə üçüncü dünya müharibəsinin başlamasına əsas verəcək. İran və ətrafındakı silahlı qruplaşmaların yəhudi dövləti üçün ciddi problemlər yaradacağını, İsrailin HƏMAS-ı qısa müddətdə sıradan çıxaracağını düşünənlər də yox deyildi. Ancaq reallıq fərqli mənzərəni yaradıb. İsrail Müdafiə Ordusu Qəzza zolağında başlatdığı “Dəmir qılınc” əməliyyatını davam etdirir. HƏMAS və ətrafındakı silahlı qruplaşmalar müqavimət göstərir.

Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu bu döyüşləri silahlı-siyasi təşkilatı və ətrafındakı başqa birləşmələri Qəzza zolağından “təmizləyənədək” davam etdirəcəklərini bildirir. Başqa sözlə, İsrail bu bölgəni xarici dövlətlərin, xüsusən İran hakimiyyətinin təsiri altında olan qruplaşmalardan azad etməkdə qətiyyətli görünür.

Son günlər Müdafiə Ordusunun zolağın Rəfah rayonu ərazisində əməliyyat keçirməsi ilə bağlı planına ABŞ-dən də etirazlar gəlib.

Bu günlərdə ştatların Prezidenti Cozef Bayden və Benyamin Netanyahu bu rayon da daxil olmaqla Qəzzadakı humanitar vəziyyəti 45 dəqiqə müzakirə ediblər. “The Times of Israel”in məlumatına əsasən, liderlər İsrailin müharibə ilə bağlı bütün hədəflərinə sadiq qaldığından danışıblar. Bu, Qəzza zolağının İsrail üçün bir daha təhdid mənbəyi olmaması üçün HƏMAS-ın tamamilə məhvindən, bütün girovların azad edilməsindən ibarətdir.

Rəfahda bir milyondan çox fələstinli qaçqın var. Məlumata görə, onlar bölgənin şimalında döyüşlər başlayan zaman ərazini tərk edərək ora cəmləşiblər. ABŞ İsraildən bu rayondakı dinc sakinlərin müdafiəsi ilə bağlı tədbirlərin görülməsini istəyir. Yəhudi hökuməti İordan çayından başlayaraq Aralıq dənizinədək bütün Fələstin ərazisinə nəzarət etmək niyyətindədir.

Belə bir şəraitdə Demokratlar Partiyasından olan, İsrailin maraqlarının müdafiəçilərindən sayılan yəhudi senator Çak Şumer Netanyahu hökumətinin istefasını tələb edib. Cozef Bayden bu təklifə qarşı çıxmasa da, şəxsi görüşlərdə onun siyasətini zəiflətməyə cəhd göstərməyəcəyini bildirib.

Belə ehtimal etmək olar ki, Rəfahda əməliyyatla bağlı Baydenlə Netanyahu arasında ziddiyyət şişirdilib. Çünki ABŞ lideri bölgədə dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasını istəyib, qarşı tərəf də buna adekvat cavab verib.

Bu gün ABŞ dövlət katibi Antoni Blinken oktyabrdan bəri Yaxın Şərqə 6-cı dəfə səfər edib. Onun Cənubi Koreyadan Misir və Səudiyyə Ərəbistanına ziyarətinin ardınca İsrailə gedəcəyi gözlənilir. Səfər zamanı Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı danışıqlar aparılacaq. Ehtimal etmək olar ki, səfər çərçivəsində Fələstinin yeni hökumətinə yardım məsələsi də müzakirə olunacaq. Çünki ötən həftə Məhəmməd Mustafa Fələstinin yeni baş naziri təyin olunub. Onun fəaliyyətinin əsas istiqaməti seçki keçirib Qəzzanın bütün istiqamətlərdə Fələstinin o biri hissəsinə inteqrasiyasına nail olmaqdır. Bu baxımdan, Antoni Blinkenin səfərini post-HƏMAS dövrünə hazırlıq kimi də dəyərləndirmək olar.

Böyük Britaniyanın da HƏMAS-la bağlı mövqeyi müttəfiqləri ilə oxşardır. Krallığın xarici işlər naziri Devid Kemeron ötən gün “Reuters”ə müsahibəsində deyib ki, HƏMAS liderləri zolağı tərk edəndən, infrastrukturu dağıdıldıqdan sonra bölgədə atəşkəs mümkün olacaq. O vurğulayıb ki, hərbi əməliyyatlarda fasilə Qəzzada girovların azad edilməsinə imkan verməlidir. Devid Kemeronun sözlərinə görə, bu proses daimi atəşkəsə çevrilməlidir.

ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Misir Fələstinlə bağlı oxşar mövqedədir. Çünki HƏMAS ərəb dünyasının maraqlarının ifaçısı rolunda deyil. Bu günlərdə silahlı-siyasi qruplaşmanın siyasi bürosunun başçısı İsmayıl Həniyə Qətərin paytaxtı Dohada Çin Xarici İşlər Nazirliyi Qərbi Asiya və Şimali Afrika idarəsinin başçısı Van Keytszyanla görüşüb. Görüşdə Qəzza zolağında siyasi vəziyyətin dəyişməsi, hərbi əməliyyatların dayandırılması və sektora təcili humanitar yardımın çatdırılması yolları müzakirə olunub.

Deməli, HƏMAS İran, Rusiya və Çinlə birlikdə yeni siyasi vəziyyətə hazırlaşmağı planlaşdırır. Yaxud bu qruplaşmanın gələcəyi Moskva-Pekin-Tehran üçlüyünün barəsində verəcəyi fətvadan asılıdır.

Ona görə də Benyamin Netanyahu Fələstində, o cümlədən zolaqda bütün qanunsuz silahlı qruplaşmaların məhv edilməsini qarşıya başlıca məqsəd qoyub. HƏMAS-ın və bənzər qruplaşmaların Qəzza da daxil olmaqla Fələstin ərazisindən çıxarılması ilə bölgədə İranın, arxasında duran qüvvələrin İsrail və müttəfiqləri üçün təhdidinə son qoyula bilər. Belə bir vəziyyət Tehranın regiondan sıxışdırılıb çıxarılmasının başlanğıcı ola bilər.

“Report” İnformasiya Agentliyi




Ana səhifəyə qayıt        Baxış: 4 887          Tarix: 20-03-2024, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma