1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ tankları Bakıya daxil olaraq yüzdən çox günahsız insanı qətlə yetirdi. Bu hadisə 27 aprel 1920-ci ildən etibarən bolşeviklərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri qətliamın, repressiyanın sonuncusu idi. Artıq yıxılmaqda olan imperiya azadlıq həsrətində olan xalqı cəzalandırmaq, gözünü qorxutmaq üçün zamanında Macarıstanda, Çexoslovakiyada törətdiyi qırğınların növbətisini edirdi.
20 Yanvar hadisəsindən sonra o illərdə Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Özalın yanlış və xalqımızı təəssüfləndirən bir açıqlaması olmuşdu. 15 fevral 1990-cı ildə ABŞ-də səfərdə olan Turqut Özal törədilən qırğın haqqında verilən suala belə cavab vermişdi: “Azərbaycan ilə aramızda çox qısa bir sərhəd var. O da Azərbaycana bağlı Naxçıvan ilə. Əslində azərbaycanlılar Anadoludakı türk xalqından daha çox İran azərilərinə yaxındırlar. Bir başqa fərq daha vardır. Məzhəblərimiz ayrıdır. Onlar şiədir, biz sünniyik. Sovet İttifaqında türkcə danışan, ya da müsəlman qruplara qarışmaq istəmərik. Oxşar dillərdə danışırıq, ləhcələrimiz fərqlidir”.
Şübhəsiz ki, hələ ki Sovet İttifaqı dağılmadığı üçün Türkiyənin dövlət başçısı ehtiyatlı davranmağı qərara alıb, amma sərf etdiyi cümlələr əks təsir yaradıb. AXC lideri Əbülfəz Elçibəy Türkiyə telekanalına verdiyi açıqlamada Özala iradını bildirib: “Türkiyə ictimaiyyətinin də Bakıdakı yanvar hadisələri ilə əlaqədar nümayişlər, mitinqlər keçirməsi bizə mənəvi dayaqdır. Xarici işlər nazirinin bəyanatı çox gözəl idi, amma Turqut Özalın o cür çıxışı (sünni-şiə məsələsi) və “biz buna qatışmırıq” deməsi çox qəzəb doğurdu. Mən bunu başa düşmədim. Atatürk demişkən, biz əvvəl türkük, sonra müsəlmanıq. Sayın Özal bir qədər tələsib, yəni, məsələnin kökünü araşdırmayıb. Avropa Türkiyəyə qarşı çıxmasın deyə o cür söyləyib ki, birdən türklər haqqında pis fikirləşərlər. Turqut Özal və türk hökuməti Azərbaycan haqqında çox az bilir”.
Dövrün türk siyasətçiləri də Özalı bu çıxışına qarşı bəyanatlar veriblər.
Türkiyə prezidentinin ozamankı açıqlaması mühacir azərbaycanlılardan tarixçi Məcid Musazadəni də narahat edib. Buna görə də o, Turqut Özala 24 fevral 1990 tarixli məktub ünvanlayıb.
Məcid Musazadə 1914-cü il oktyabrın 10-da Bakıda doğulub. Bakı İqtisadi Texnikumunu bitirib, üç il mühasib vəzifəsində çalışıb, 1936-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1941-ci ildə təhsilini başa vurana kimi Nizami adına Dövlət Ədəbiyyat muzeyində işləyib (1939-1941). II Dünya müharibəsi başladıqdan sonra M.Musazadə hərbi xidmətə aparılıb. 1942-ci ildə almanlara əsir düşüb, Azərbaycan legionunun “Azərbaycan” adlı həftəlik qəzetinin redaktoru olub. Müharibədən sonra Amerikaya köçüb, orada Ənvər Sultanzadə ilə birlikdə “Amerika-Azərbaycan Cəmiyyəti”ni yaradıb. Milli azadlıq hərəkatı dövründə Azərbaycan mətbuatı ilə əlaqələr qurub, bir sıra maraqlı xatirələr, yazılar dərc etdirib. Qarsalani soyadı ilə də tanınan Məcid bəy 1990-cı il iyulun 17-də Münxendə vəfat edib, 20 iyulda bu şəhərin Nordfriedhof ərazisində dəfn edilib.
20 yanvar hadisəsindən, ermənilərin Qarabağ iddialarından sarsılan Məcid bəy Turqut Özalın açıqlamasından sonra ona məktub göndərməyi qərara alıb. Azərbaycanlı mühacirlərin yaxın dostu, ictimai-siyasi xadim Ziyad Əbüzziyanın arxivində qorunan məktubun mətni bu şəkildədir:
“Möhtərəm, prezident.
Zati-alilərinizə də məlum olduğu kimi Azərbaycan-erməni ixtilafı yüksək zirvəsinə varmışdır. Qərb məmləkətlərinin liderlərinin Sovet dövləti və partiya sədri Mixail Qorbaçova yaşıl işıq işarəsi verməsi nəticəsində ağır silahlı Sovet ordu qüvvətləri Azərbaycanın mərkəzi Bakıya soxulduqdan sonra günahsız insanlar, əzcümlə uşaq və qadınlar, ixtiyar və əlillər qocaman tankların təkərləri altında çeynənildi. Məhv olanların sayı yüzü, bəzi rəvayətlərə görə mini keçmişdir.
Azərbaycanın ayrılmaz parçası olan Qarabağ üzündən çıxan bu əngələ erməni şovinistlərinin səbəb olmalarına rəğmən Qərb mətbuatı, radio və televiziyaları erməni daşnaklarını, onların məsləkdaşlarını himayə etməyə, haqlı çıxarmağa, azərbaycanlı türkləri isə zalım, xunxar kimi tanıtmağa davam edirlər.
70 ildən bu yana sülh içində yaşayan bu iki millət arasında baş verən bu ixtilafa əlavə olaraq bir də xristian-müsəlman xarakteri verməyə can atırlar. Təəssüf ki, hörmətli prezident, Vaşinqtonda verdiyiniz açıqlamada siz də təriqətçiliyə inanan biri kimi davranmış oldunuz.
Hazırda Azərbaycanda azadlıq, Sovet İttifaqından ayrılaraq müstəqil yaşamaq, müqəddəratını öz əlinə almaq uğrunda gedən mücadiləni şiəlik və ya sünnilik məzhəblərinə bağlamaq fikrimizcə doğru deyildir. Zira belə bir iddia türk azərbaycanlıları İran mollalarının tərəfinə itələmək kimi tələqqi edilə bilərdi.
Siz hörmətli prezident, Vaşinqtondakı açıqlamanızda guya demisiniz ki, Qafqazda ermənilərlə azərbaycanlılar arasında gedən vətəndaş hərbinə ilişən azərbaycanlıların sünni türklərdən daha çox şiə iranlılara yaxınlıqları vardır (“Frankfurter Allgemeine Zeitung”, 20.02.1990)
Möhtərəm prezident!
Zati-alilərinizin bəhs edilən çıxışı şəxs olaraq təkcə məni deyil, Almaniyadakı bütün azərbaycanlıları mütəəssir etdi. Azərbaycandakı olaylara bu nöqtədən yanaşılsa, o zaman bizim irq, dil və kültür birliyimiz harada qaldı?! Biz Azərbaycan türkləri özümüzü Türkiyəmizə daha yaxın sayırıq. Azərbaycanda tək bir nəfər tapa bilməzsiniz ki, o, şiə olduğu üçün özünü fars (əcəm) adlandırsın. Soruşulduğunda hər kəs özünün Azərbaycan türkü olduğunu qeyd edir, Türkiyə türklərinə böyük qardaş kimi baxır. Məhz bu səbəbdən də onlar öz tarixlərində və xüsusilə, Stalin terroru dövründə mərhəmətsiz təqibə məruz qalmış, kötəklənmişlər. Azərbaycan türkləri 1918-ci ildə mərhum Nuru paşanın komandanlığı altındakı türk ordu birliklərinin Azərbaycanı, onun xalqını erməni imhasından qurtardığını bu gün də şükranlıqla, minnətdarlıqla xatırlamaqdadır.
Azərbaycanlılar bu fəci günlərində də yenə ilk növbədə göz yaşı axıda-axıda Türkiyəni, ondan sonra isə bütün İslam aləmini imdada çağırırlar. Ordubadlı bir müəllim xanımın bu günlərdə Münxendəki “Azadlıq Radiosu”na telefonla zəng edərək ilk öncə Türkiyəni və bütünlüklə İslam dünyasını Azərbaycanda qan axıdılmasına son qoyulmasına çarə tapmaq üçün yardıma çağırması buna misal göstərilə bilər.
Bundan əlavə azərbaycanlı həkimlərdən bir qrupu yenə eyni radioya müraciət edərək Bakı və digər şəhərlərdə Sovet silahlarından yaralanan biçarə kimsələri müalicə etmək üçün dərman və tibbi materiallar təmin etməyi israrla rica etmişdir.
Düşünməyin ki, biz Türkiyəmizin bu vətəndaş hərbinə müdaxilə etmək imkanında olmadığını bilmirik. Fəqət Türkiyənin və bütün İslam aləminin Azərbaycanı onun ölüm-dirim savaşında mənən himayə etməsini, Sovet hökumətinə təsir göstərə bilməsini, bu yolla da fəlakətzədələrə maddi və tibbi yardım göstərmələrini milli, irqi və dini vəzifə hesab edirik. Zatən xristian dünyası da ermənilərdən heç bir vəsaiti əsirgəmir.
Hörmətli prezident, ermənilər 200 minə yaxın azəri türkünü Ermənistandan Azərbaycana qovmuşdur. Gözü ilə görən şahidlərin bildirdiklərinə görə, dədə-baba yurd-yuvasından məhrum edilən bu yazıq insanlar küçələrdə, çadırlarda işsiz-gücsüz dolaşmaqda, səfalət içində yaşamaq məcburiyyətindədirlər.
Möhtərəm prezident!
Sizdən acizanə ricamız Azərbaycanın hürriyyət, öz müqəddəratını təyin etmə, azadlıq mücadiləsinə dəyərli yardımınızı, bütün səy və nüfuzunuzu əsirgəməməyinizdir. Vəziyyətin asan olmadığını yaxşı bilirik. Bildiyiniz kimi suda boğulan saman çöpünə əl atar. İndi Azərbaycan da eyni durumdadır.
Bir həqiqəti də sərf-nəzər etmək olmaz ki, ermənilər Azərbaycanda uğur qazana bilsələr, sabah növbə Türkiyəmizə də gələ bilər. Zira onlar Türkiyənin də torpaqları hesabına “böyük Ermənistan” qurmaq xülyasındadırlar.
Ürəkdən irqdaş salamı və hörmətlə
Məcid L. Musazadə”
Paylaş: