Xəbər lenti

Bu gün, oktyabrın 4-də səhər tezdən İsrailin döyüş təyyarələri Beyrutun cənubuna ağır hava zərbələri endirib. Məlumata görə, bu hava zərbələri hətta sentyabrın 23-də Hizbullah lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən hücumdan daha şiddətli olub və eyni hədəfə 80-dən artıq istehkamdağıdıcı bomba atılıb. Bombardman nəticəsində hədəfə alınan ərazidə 4 metrlik enində krater açıldığı bildirilir. İddialara görə, hava zərbəsində adı Həsən Nəsrullahın xələfi olmaqda hallanan Haşim Safiyuddin hədəfə alınıb. Safiyuddinin taleyi barədə heç bir məlumat verilmir.

İsrail İranın raket zərbələrinə cavabı yəhudilərin yeni il bayramı kimi anılan Roş-Ha-Şanadan sonra verəcəklərini bildirmişdi. Hətta İsrailin baş naziri Binyamin Netanyahu yeni il münasibətilə çıxış edərək bildirmişdi ki, bu il İsrail üçün çox böyük qələbə ilə yadda qalacaq. Roş-Ha-Şana bayramı bu gün bitir.

Görəsən, İsrailin bu sabah həyata keçirdiyi İranın “Gerçək vəd-2” zərbəsinə cavab idimi?


Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Haşim Safiyuddin Hizbullah üçün çox önəmli fiqurdur:

“Hizbullahın əsas maliyyələşdirən odur və bu mənada təşkilatın gizli lideri sayılır. Safiyyəddin bir çox cəhətən İrana da Həsən Nəsrullahdan daha yaxın şəxs olaraq tanınırdı. Hizbullahın indiyədək baş katibləri olmuş 3 şəxsdən (Sübhi Tüfeyli, Abbas Musəvi, Həsən Nəsrullah) fərqli olaraq, Haşim Safiyuddin İranda təhsil alıb və Qum yetirməsi kimi tanınır. Digər 3 baş katib isə Nəcəf məktəbinin yetirmələri idi və İran onlara çox güvənmirdi. Çünki İranın qurucu lideri Ruhullah Xomeyniyə tam bağlı deyildilər, vilayəti-vaqeh nəzəriyyəsini qəbul etmirdilər. Bu da nəticə etibarilə onların təhsil aldıqları Nəcəf-Kərbəla məktəbinə bağlılıqları anlamına gəlirdi. Zira bu məktəbin aparıcı siması Sistani də vəlayəti-vaqehə çox isti baxmır. Digər baş katiblərdən fərqli olaraq, Safiyyəddin isə nəinki bu nəzəriyyəni qəbul edir, hətta onun ən ciddi təbliğatçısı kimi ad çıxarıb”.

Heydər Oğuzun fikrincə, Haşim Safiyuddinin İrana və “vəlayəti-vaqih” adlanan nəzəriyyəyə bu qədər bağlı olması təsadüfi deyildi:

“Əvvəla, o, Qumda təhsil almış və Qum üləmalarının yanında yetişmişdi. İkincisi isə, Qum üləmaları onu özlərinə daha sıx bağlamaq üçün Ali Şiə İslam Şurasının üzvü Seyid Məhəmməd Əli Əl-Əminin qızı ilə evləndirmişdilər. Safiyyəddin İrana bağlılığını artırmaq üçün oğlu Rzaya İranın əfsanəvi generalı Qasım Süleymaninin qızı Zeynəbi almışdı. Özü də 2020-ci ilin yay aylarında. Yəni Süleymaninin Bağdadda qətlə yetirilməsindən bir neçə ay sonra. Beləcə, İranla bağlantısını daha da gücləndirmiş və bir növ, “vəlayəti-vaqih”ə sədaqətini ortaya qoymuşdu. Onun İrana bağlılığı, görünür, Hizbullahın maliyyə gücünü daha etibarlı ələ həvalə edilməsinin də əsas sirridir”.


Haşim Safiyuddinin Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahla dayı oğlu olduğunu bildirən siyasi şərhçi onun öz qohumundan fərqli olaraq Nəcəfdə deyil, məhz Qumda oxumasına belə aydınlıq gətirib:

“Nəsrullahla Haşim Safiyuddin arasında 4 yaş fərq var. Odur ki, Nəsən Nəsrullahın tələbəlik illəri İran İslam İnqilabından əvvələ düşmüşdü və o, digər Livan şiələri kimi daha üstün gördüyü Nəcəfdə təhsil almışdı. 1964-cü ildə anadan olan Safiyyəddin isə 16 yaşına çatanda artıq İran-İraq müharibəsi başlamış və Səddam Hüseynin şiələrə qarşı repressiyaları ən pik nöqtəsinə çıxmışdı. Hətta İraq şiə alimlərinin bir çoxu öz ölkələrini tərk edərək İrana sığınmışdılar. Beləcə, Safiyyəddin Nəcəfdə təhsil almaq xəyalları da puç olmuş və məcburən Quma getmişdi. Qumda isə istər-istəməz İranın rəsmi mövqeyi olan vəlayəti-faqeh nəzəriyyəsini qəbul etmək məcburiyyətində qalmışdı. Sonradan İrana öz sədaqətini sübuta yetirmək üçün İran rejiminin öndə gələnlərindən birinin qızıyla ailə həyatı qurmuşdu. Bu evlilikdən sonra isə onun zənginləşməsinin və Hizbullahın əsas maliyyəçisi olmasının önü açılmışdı. Səfiyuddin qaynatasının da köməyindən istifadə edərək Hizbullahın maliyyə müstəqilliyini təmin edilməsi adıyla təşkilatın investisiyalarının idarə olunmasında mühüm rol oynamışdır. Bu investisiyalar dünyanın müxtəlif regionlarında, o cümlədən ərəb dünyası, Afrika, Avropa və Latın Amerikasında milyardlarla dollar dəyərindədir”.

Heydər Oğuza görə, Hizbullahın lideri olan iki yaxın qohumun bu həyat hekayəsi İranla İraq şiə məktəbləri arasında bir-birinə etimadsızlığın nə həddə olduğunu ortaya qoyur və Haşim Safiyuddinin Qum üləması üçün Nəsrullahdan daha önəmli fiqur olduğunu göstərir. Bununla belə, həmsöhbətimiz İsrailin Safiyuddinə qarşı həyata keçirdiyi son hücumu Təl-Əvivin İranın raket hücumlarına cavabı olaraq görmür:

“Məsələ burasındadır ki, İsrail İranın hansısa proksi qüvvəsini deyil, onun ən strateji nöqtələrindən birini hədəfə alacağını bildirmişdi. Safiyyəddin İran üçün çox önəmli fiqur olsa da, hər halda strateji nöqtə deyil. Üstəlik, bu cavab zərbəsinin, sizin də qeyd etdiyiniz kimi, yəhudilərin ən müqəddəs bayramı Roş-Ha-Şanadan sonra endiriləcəyi bildirilirdi. Hələlik isə Roş-Ha-Şana günü sona çatmayıb. Mümkündür ki, İsrail ABŞ-dan gözlədiyi razılıq mesajından sonra qisas əməliyyatına başlasın”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 362          Tarix: 4-10-2024, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma