Xəbər lenti


Mental savaş deyilən bir anlayış var. Hələ Ukrayna müharibəsi başlamamışdan əvvəl Rusiya Müdafiə nazirinin müşaviri Andrey İlnitski «Арсенал Отечества» jurnalına müsahibəsində bu tip savaşları belə tərif edirdi: “Klassik müharibələrdə məqsəd düşmənin canlı qüvvəsini, müasir kibermüharibələrdə – düşmən infrastrukturunun məhv edilməsini nəzərdə tutur. Yeni tipli müharibənin məqsədi isə özünüdərkin sıradan çıxarılması, düşmən tərəfin zehni – mədəni əsaslarını çökdürməkdir. Mən bu tip müharibəni mental savaş adlandırardım".


O qeyd edirdi ki, əgər canlı qüvvə və infrastrukturu bərpa etmək mümkündürsə, "şüurun təkamülünün gedişini bərpa etmək mümkün deyil, özü də bu mental müharibənin nəticələri birdən-birə deyil, tədricən özünü göstərir. Ən azı bir nəsildən sonra meydana çıxdığı üçün qarşısını almaq da müşkülə çevrilir” - sitatın sonu.


Səmimi deyirəm, şəxsən mənə elə gəlir ki, Rusiyanın Ukraynaya hücumunun görünməyən əsas səbəblərindən biri də bu mental savaşı önləmək, ruslara qüdrətli dövlətdə yaşadıqlarını təlqin etmək idi. Buna nə qədər nail olub-olmadıqları başqa mövzudur.


Güclü dövlətlər düşmən üzərində qələbəni təmin etmək üçün az qala konvansional silahlar qədər mental-psixoloji savaş vasitələrinə vəsait ayırırlar. Bu mental vasitələrlə düşmən ölkənin vətəndaşlarını öz dövlətlərinin ədalətsizliyinə, çəkdikləri əzabların qiyamətə qədər bitməyəcəyinə inandırır, beləcə, dövlətin şüurlardakı müqəddəs inikasını zədələyirlər. Nəticədə düşmən ölkə insanlarının gözü qırpıq olur, işğala qarşı reaksiyası kortalır. İnsanların əli-ayağı işdən soyuyur, ölkə iqtisadiyyatı tamamilə çökür və s. və ilaxır.


Dərd burasındadır ki, düşmənin böyük pullar xərclədiyi bu mental savaşı bizim bəzi iri məmurlar müftə-müsəlləh həyata keçirirlər. O cümlədən Naxçıvanın “canişin” həzrətləri. Naxçıvandan mənə zəng edib şikayətini bildirən şəxslərə təsəlli verib, “səbr edin, inşaAllah, yaxın zamanlarda “canişin” zülmünə də son qoyular” deyəndə nə cavab alıram, bilirsinizmi? Otuz il “xan”, 2 il “canişin” zülmünün hər üzünü görən həmsöhbətlərimin cavabı belə olur: 


-Nə olsun? Onun yerinə gələn də “canişin”in ölənlərinə rəhmət oxudacaq. Necə ki, “canişin” əfəndi “xan” həzrətlərinin atasına rəhmət oxudur.


Bax, budur əsl mental çöküş. Halbuki, “canişin” Naxçıvana yeni təyin olunanda Muxtar Respublika əhalisi rəsmən bayram edirdi. Bu gün isə onun istefaya göndərilməsindən sonra da vəziyyətlərinin düzəlməyəcəyinə inanırlar. Nədən bilirsinizmi? Çünki o insanların fikrincə, yaşadıqları müsibətin arxasında “canişin”dən daha böyük fiqurlar dayanır. 


Sizcə, insanlarda bu təsəvvürün yaranması dövlətimizə qarşı ən böyük təxribat deyilmi? “Canişin” əfəndinin 2 il ərzində möhkəmləndirdiyi bu qənaəti darmadağın etmək lazımdır, əziz dövlət yetkililəri! Yoxsa Andrey İlnitskinin təbiri ilə desək, bu mental çöküşün dağıntılarını nəsillər boyu ortadan qaldıra bilməyəcəyik. 


Bunun ən bariz nümunəsi isə şikayətçilərin eynilə “xan” dövründəki kimi, qorxudan adlarını gizlətməsidir. Naxçıvanda hələ də Gestapo xofundan çıxmayıb, əksinə bu qorxu imperatorluğu eyni qaydada davam edir.


Heydər Oğuzun Facebook paylaşımı




Ana səhifəyə qayıt        Baxış: 6 502          Tarix: 8-10-2024, 10:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma