Xəbər lenti

“Moldovada keçirilən prezident seçkiləri və referendumda Qərbpərəst qüvvələr üstünlük qazansalar da, səsvermənin nəticələri Moksvanı sevindirdi”.

Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz belə deyib.

Moldovadakı seçki və referendumun nəticələrini dəyərləndirən siyasi şərhçinin fikrincə, xüsusilə Aİ-yə üzvlük barədə referendumda ortaya çıxan rəqəmlər əslində Qərb dünyası üçün fiasko sayıla bilər: “Bilirsiniz ki, seçicilərin cəmi 50,3%-i Aİ-yə üzvlüyün lehinə, 49,7%-i isə əleyhinə səs verib. Halbuki referendumdan əvvəl bütün Qərbpərəst analitiklər moldovanların ən azı 60%-nin Aİ-yə səs verəcəyini gözləyirdi. Bu gözləntilər özünü doğrultmadı. Moldova seçicilərinin yarısı Aİ-yə, digər yarısı isə Rusiyapərəstlərin lehinə səs verdi. Üstəlik, cəmi 13 min səslə önə çıxan Avropapərəstlər bu üstünlüklərini diasporanın sayəsində qazandılar. Nəticədə Moldova qərbpərəstləri çox cüzi bir fərqlə Aİ-yə üzvlük haqqı əldə etdi. Bununla belə, ortaya çıxan nəticələr Moldova ictimaiyyətinin bölünmüşlüyünü göstərir. Bu isə Rusiyanın Moldovanın qarışdırmasına kifayət qədər zəmin hazırlayır”.

Heydər Oğuzun fikrincə, diaspora səsləri seçkilərin nəticələrinə həlledici təsir göstərsə də, toplumun təməllərinin möhkəmliyinə dəlalət etməz: “Çünki istənilən toplumun hərəkətverici qüvvəsi ölkədə yaşayanların aktivliyidir. Xaricdəki diasporanın siyasi proseslərə təsiri xeyli məhdud olur və bu, ölkənin sabitliyi üçün heç bir əsas yaratmır. Moldovadakı referendum isə sübut etdi ki, ölkədə ruspərəstlərlə avropapərəstlərin nisbəti bərabərdir. Bu isə ən həlledici məqamlarda toplumdakı bölünmüşlüyü rahatlıqla daxili qarşıdurmalara, vətəndaş müharibələrinə sürükləyə bilər. Hesab edirəm ki, Rusiya Moldovanı itirəcəyinə tam əmin olduğu anda bu fürsətdən istifadə etməyə çalışacaq”.

Heydər Oğuz Moldova prezidenti Maya Sandunun birinci turda qalib gələ bilməməsi də ölkədə Qərb dəyərlərinin tamamilə çökməsi anlamına gəlir: “Baxmayaraq ki, Maya Sandu seçicilərin 42.4%-nin, , onun ən yaxın rəqibi Aleksandru Stoyanoqlo isə 26,09% səs toplaya bilib. İkinci turda bu iki namizəddən hansının qələbə qazanacağını təxmin etmək mümkün deyil. Ola bilər ki, Rusiyaya bağlı qüvvələr ikinci tura daha ciddi hazırlaşıb qələbəni Stoyanoqloya qazandırsınlar”.

Heydər Oğuzun fikrincə, Moldova seçkilərində ortaya çıxan bu nəticələr Ukrayna savaşından sonra post-sovet ölkələrinin Qərbə bağladıqları ümidlərin ən bariz göstəricisidir: “Sirr deyil ki, ABŞ-ın Ukraynanı dəstəkləmək yolundakı tərəddüdləri və Avropanın ümumiyyətlə öz tərəfdaşlarını yarıyolda qoymaq təmayülləri qonşu dövlətlərin vətəndaşlarını da ciddi xəyal qırıqlığına düçar edir və insanlar rus imperializminin caynağından qurtulmağın müsbət perspektivinə inanmırlar. Xüsusilə də ABŞ-da Trampın hakimiyyətə gəlmə ehtimalı və Avropada getdikcə sağçı partiyaların yüksəlişi də bu əhval-ruhiyyəyə əlavə edildikdə böyük xəyal qırıqlığı qaçılmaz olur”.

Moldovadakı referendumun nəticələrinin Gürcüstandakı seçkilərə də təsir etməsinin mümkünlüyünü vurğulayan həmsöhbətimiz Qərbin regiona marağının azalacağından ehtiyatlanır.

E.MƏMMƏDƏLIYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 291          Tarix: 22-10-2024, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma