Xəbər lenti

Rusiyanın Ulyanovsk vilayətinin məmuru Azərbaycanda dəbdəbəli oteldən, “şokalad vannasından” sosial şəbəkələrdə foto paylaşıb və qalmaqal yaradıb.

Virtualaz.org xəbər verir ki, regionun İT-korporasiyasının (dövlət müəssisəsidir) rəhbəri Svetlana Openışeva ötən həftə Azərbaycanda məzuniyyətini necə keçirdiyi barədə İnstagram-da paylaşdığı fotolara görə işdən azad edilə bilər.

Belə ki, Svetlana Openışeva Naftalandakı beşulduzlu “Garabag Resort & Spa” otelində dincəlir və orada müalicə prosedurlarından keçir. Məmur şokalad rəngində maye ilə dolu vannadan çəkdiyi selfe-ni paylaşıb və yazıb: “Çox şokalad olmur”. Həmin vannadakı maye isə belə görünür ki, Naftalan neftidir, məmur onu şokalada bənzədib.

Foto dərhal sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub. İstifadəçilər Openışevi “dəbdəbəli həyat” keçirməkdə və qeyri-təvazökarlıqda ittiham ediblər. Hətta onu “Ulyanovskun Peris Hiltonu” da adlandırıblar. Hansı ki, bir neçə il əvvəl “Hilton” otellər şəbəkəsinin sahibinin varisi, “dəbdəbə kraliçası” Peris Hilton isti şokaladla dolu vannadan fotolarını paylaşmışdı.

Ulyanovsk qubernatoru Sergey Morozov Naftalanda “şokalad vannasında üzən” məmur qadın barədə xidməti araşdırma aparmağı tapşırıb. Və onun araşdırmanın sonunda “dəbdəbəli həyatı nümayiş etdirməyə görə” işdən azad edilə biləcəyini deyib. Morozovun sözlərinə görə, “təvazökar yaşamaq lazımdır”,

“İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının heç xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Şəffaflıq haqda danışanda heç də onu nəzərdə tutmuruq ki, kimsə gedib alt paltarını çəkib göstərsin, şəffaflıq problemlərə reaksiya verməkdir. Mən çoxlarına xaricə məzuniyyətə getməyə icazə verirəm, çünki qanun yol verir, amma öz imkanlarını belə nümayiş etdirmək lazım deyil. Mənim qərarım budur ki, xidməti araşdırma aparılsın və Openışeva işdən azad edilsin”,-qubernator bildirib.

Hərçənd mətbuat yazır ki, Openışevanın Naftalanda dincəlməyi elə də baha başa gəlməyib-iki nəfər üçün oteldə qalmaq və müalicə təxminən 900 dollara, gediş-gəliş isə 130 dollara başa gəlib.




Ana səhifəyə qayıt        Baxış: 285          Tarix: 17-09-2019, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma