Azərbaycan dünyanın gənc, müstəqil, demokratik dövləti olmaqla yanaşı, müstəqil tarıxin xronikası xalqımızın iki dəfə - 1993-cü ildə və 2003-cü ildə - taleyüklü seçimlə üzləşdiyini açıq-aydın gördü və gənc nəsillər bu mühüm amilləri heç vaxt unutmur.
Bu, geniş tarixi aspektdə götürüldükdə, xalqımız üçün həqiqət, onun müstəqil dövlətçiliyinin əbədiliyi baxımından həyatı əhəmiyyətə malik yolayrıcıları idi və bu gün də həmin proseslər davam edir, hansı istiqamətdə naliyyətlər olacaq, zamanın ixtiyarındadır...
Keşməkeşli dövrümüzdə bəlkə də ən ciddi problem ölkəmizə ərzaq məhsullarının xaricdən gətirilməsidir. Dünyanın inkişaf etmiş ölkələrində vaxtı keçmiş, istifadəyə yararsız hesab olunan bir çox qida məhsulları əksər hallarda kənara atılmaq əvəzinə, qeyri-leqal yollarla ölkəmizə gətirilir.
Bu vəziyyəti təkcə ərzaq məhsullarına aid etsək də, əslində söylədiyimiz hal bir çox sahələri əhatə edir, yəni geyim əşyaları, minik avtomobilləri, məişət əşyaları, müxtəlif növ digər məhsullar... Hansı ki, işbazlar bunun hesabına xeyli gəlir əldə edir. Nəticədə ölkəmizdə müxtəlif xəstəliklər - şəkərli diabet, ürək çatışmazlığı, xərçəng, hətta heyvanlardan keçən bürsulyoz və bir çox digər xəstəliklər günü-gündən çoxalır.
Söhbətləşdiyim həkimlər hesab edir ki, xəstəliklərin artmasına əsas səbəb keyfiyyətsiz ərzaq məhsullarıdır. Yəqin ki, bir çoxlarımız ərzaq mağazalarına və bazarlara hər gün mütəmadı girmək məcburiyyətində olduğumuzdan, deyilənlərin canlı şahidi oluruq.
Əksər regionlarda olduğu kimi, Biləsuvar rayonunda da mağazalarda və bazarda mövcud olan antisanitariya vəziyyətinin adama necə pis təsir etdiyinin şahidi oluruq. Satıcıların əynindəki kir-çirkab basmış geyimlərindən tutmuş, köhnəlmiş və əslində ərzaqan daha çox zəhərli maddələr effekti daşıyan ərzaq məhsullarının maneəsiz satıldığını gördükdə isə, istər- istəməz düşünürsən ki, bu sahənin rəhbərləri yerində deyil. Ölkəmizin regionlarının əksəriyyətində bazarların hansına gedirsən get, həmin bazarda mütləq ət və süd məhsullarının, eyni zamanda digər zəruri ərzaq, qida mallarının satışına nəzarət edən, sanitariya qaydalarına cavabdehlik daşıyan tibb və baytar həkimləri fəaliyyət göstərir. Bu yaxşı hal olsa da, apardığımız araşdırmaların nəticələri təsdiq edir ki, bazarda satılan mal ətinin üstündə baytarlıq idarəsinin möhürü vurulmalıdır, bunu isə biz görə bilmirik, nəticədə mal əti əvəzinə bazarlarda potuğ əti də satılır. Satıcılar isə hətta azyaşlı uşaqlar da olur. Bilmək olmur ki, bu satıcılar həkim yoxlamasından keçib, ya yox?!
Bu gün bazarlarda “xod” gedən broyler toyuqlarını geni dəyişdirilmiş məhsul adlandıra bilərik. Həkimlərin dediyinə görə, ölkədə elə bir labaratoriya yoxdur ki, broyler toyuqlarının tərkibini analiz edə bilsin. Bu məhsulların gen dəyişdirildikdə, şübhəsiz, onun keyfiyyəti də dəyişir. Eləcə də vaxtında yetişməyən tərəvəz məhsullarını genini dəyişdirilməsi zaman keçdikcə insanlarda müxtəlif problemlər yaradır.
Bu tip məhsulların bazarlarda geniş çeşiddə satılması, bu sahədə baş verən nöqsanlara göz yumulmasının bir səbəbi də, həmin sahəyə birbaşa cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyinin, Biləsuvar rayon şöbəsi və onların bazarlarda əyləşən, vəzifə borcunu şəxsi gəlirlərinə qurban verən, öz vəzifə borcunu dərindən dərk etməyən məsuliyyətsiz nümayəndələrinin yarıtmaz fəaliyyətləridir. Harınlıq o yerə çatıb ki, Biləsuvar rayon mərkəzi kücələrində, təyin olmayan yerlərdə, küçələrin kənarında meyvə-tərəvəz, balıq məhsulları, açıq şəkildə mal əti belə satılır. Rayon İcra Hakimiyyətinin yerləşdiyi binanın 25-30 metrliyində üfünət iyi baş gicəlləndirir. Demək olar ki, bu mənzərəni hamı bilir. Bəs, “analoqu olmayan” inkişafın nəticəsi budurmu?
Qanunsuz yollarla gətirilən keyfiyyətsiz ərzaq məhsullarının regionlarda mağazalara ayaq açması və bunun qarşısının alınmaması yaxın gələcəkdə böyük təhlükə ilə üzləşəcəyimiz və qorxulu infeksion xəstəliklərə kütləvi yoluxma hallarının artacağı ehtimallarını artırır. Xarıcidən ölkəmizə gətirilən həmin ərzaq və qida məhsullarının qablaşdırıldığı qabların üzərindəki istehsalat və istifadə tarixinin sahibkarlar tərəfindən dəyişdirilməsi, saxta tarixlər yazılması bütün məhsulların üzərində aydın göründüyü halda, bu qanunsuz və təhlükəli hadisəyə qarşı ciddi tədbir görülməməsi də əhalidə haqlı təşviş hiss oyadır. Bu sahəyə məsuliyyət daşıyan cavabdeh başbilənlər və əhalinin keyfiyyətli ərzaq və digər qida məhsulları ilə təmin olunmasına cavabdeh olan əlaqədar dövlət və səhiyyə orqanları Azərbaycanın bazar, dükan, mağaza və küçə ticarətində hər gün satılan keyfiyyətsiz, sanitariya tədbirlərinə cavab verməyən vaxtı keçmiş ərzaq məhsullarının satışdan çıxarılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Yuxarıda söylədiklərimizə aydınlıq gətirmək üçün Biləsuvar rayon Qida Təhlükəsizlik Agentliyinin həkimləri ilə görüsüb söhbətləşmək istəsək də, onların hec birini iş yerində tapa bilmədik. Bu araşdırmamız nəticəsində belə bir qərara gəldik ki, söz açdığımız keyfiyyətsiz qida və ərzaq ticarətinin arxasında siravi adamlar dayanmır. Ölkədəki nəinki böyük bazarın, supermarketlərin, dükan və mağazaların, hətta hər bir xırda köşkün belə sahibi ölkəmizin idarəetmə strukturunda yüksək vəzifə tutan məmurlardan biridir.
Ancaq vacib olan odur ki, ərzaq və qida məhsulları sahəsində baş verən bu biabırçı vəziyyətin qarşısının ən yüksək səviyyədə alınması üçün ciddi tədbirlər görülməlidir, əks təqdirdə gec olacaq.
Deyilənlərə şübhə edənlər varsa, Qida Təhlükəsizliyi Agentliyinin möhtəbər cənabları böş vaxtlarında Biləsuvar rayonuna gəlib deyilənləri öz gözləri ilə görə bilərlər. Əlbəttə, maraqlıdırsa..
Paylaş: