Xəbər lenti

 

1162-ci ildə Onon çayının sahilində bir uşaq dünyaya gəldi, doğularkən ovcunda qan vardı. Qəbilənin şamanı bunu tanrılar tərəfindən göndərilən bir əlamət hesab etdiyini və doğulan uşağın gələcəkdə böyük bir hökmdar olacağına işarə sayıldığını dedi. Bütün dünyanın taleyini və nizamını dəyişəcək bu uşaq Çingiz Xan idi. Lakin onun Çingiz Xan kimi yetişməsi göründüyü qədər asan olmamışdı.

Teleqraf.com Monqol imperiyasının hökmdarı Çingiz Xan haqda yazını təqdim edir.

Əsl adı Temuçin idi, bu adı ona atası vermişdi. “Temuçin” ifadəsinin mənası “dəmirdən” və ya “dəmirçi” idi. 1206-cı ildə imperiya qurulanadək Çingiz Xan adından istifadə etmədi. “Çingiz Xan” adının hansı məna verməsi tarixçilər arasında mübahisə mövzusudur. Bu ad “ədalət” və ya “okean” anlamında işlədilə bilərdi.

Lakin tarixi mənbələrin çoxunda “Çingiz Xan” adı “ulu xaqan” anlamında işlədilir.

Bozqır çöllərdə sürgün həyatı

1227-ci ilədək Çingiz Xan adıyla dünyaya hökmranlıq etmiş Temuçin atası düşmən qəbilə Tatarlar tərəfindən öldürüləndə hələ on yaşındaydı. Atasının ölümündən sonra qəbilədəki digər insanlar on yaşlı bir uşağın liderliyini rədd edərək, anası və qardaşları ilə birlikdə Çingiz Xanı öz qəbiləsindən sürgün etdilər.

Monqolustanın bozqır çöllüyünə tərk edilən bir qadın və uşaqları həyatda qala bilmək üçün ağır mübarizə aparmaq məcburiyyətində qaldı.

Anası yeddi uşağı təkbaşına böyütməli oldu. Çingiz Xan hələ kiçik ikən ailənin sağ qalması üçün mübarizə aparır, ov edirdi. Bir dəfə yemək üstündə düşmüş mübahisədə qardaşını öldürdü. Gəncliyində özü və arvadı Börte rəqib qəbilələr tərəfindən qaçırıldı. Bir müddət kölə kimi yaşadı.

Bütün bu çətinliklərə baxmayaraq, iyirmi yaşında hörmət edilən döyüşçü və komandan idi. Dəstəkçilərindən ibarət qurduğu kiçik ordusu ilə böyük qəbilələrin liderləri ilə ittifaqlar quraraq gücləndi.

Ulu xaqanın doğuluşu

Temuçin on altı yaşına gələndə bundan əvvəl əldə edilmiş bir evlilik anlaşmasından istifadə edərək, On Qırat qəbiləsindən olan bir qadınla (Börte) evləndi. Bu evlilik Temuçinə önəmli bir siyasi gücün qapılarını açdı. Əlbəttə, güc quraq çöllərdə yaşayan monqollar üçün son dərəcə önəmli bir qanun idi. “Güclü olan istədiyini əldə edir” prinsipi Monqolustanın amansız çöllərində davam edən həyatın təməlini təşkil edirdi.

Ağır mübarizə illərindən sonra Monqolustandakı qəbilələri öz bayrağı altında birləşdirərək bütün ölkədə hörmət edilən bir savaşçı və komandana çevrilməyi bacardı. 1206-cı ilə qədər artıq Monqolustanda birlik təmin edilmiş Temuçin öz yerini “Ulu xaqan” mənasına gələn Çingiz Xana vermişdi.

Dünyanı fəth etmək arzusu

Çingiz Xanın ən böyük arzusu dünyanı fəth etmək idi. Bu arzusunu gerçəkləşdirmək üçün ordusunu çevirdiyi ilk ölkə Çin olmuşdu. Böyük Çin Səddi hədəfinə gedən yolda əngəl olsa da, bu ölkəyə girməyi bacaran Çingiz Xan doqquz illik mübarizədən sonra bütün Çini öz əsarəti altına aldı.

Çindən sonra gözünü Qərbə dikən Böyük xaqanın əsas hədəfi Xarəzmşahlar dövləti idi. Göndərdiyi elçilərinin başlarının kəsilməsindən sonra düşünmədən Xarəzmşahlara hücuma keçən Çingiz Xan monqol elçilərin başlarını kəsən Xarəzmşahlar valisini canlı istədi. Canlı ələ keçirilən və Çingiz Xana gətirilən valini ibrət olsun deyə, ağzına əridilmiş gümüş tökərək öldürdü. Özünə boyun əyən dövlətlərə mərhəmətli olan Çingiz Xan müqavimət göstərənlərin heç birinə güzəşt etmirdi.

Nişabura hücumda oğlu oxçular tərəfindən öldürüləndə Çingiz Xan əsgərlərinə şəhərdə heç bir şeyi canlı saxlanılmamasını əmr etmiş, heyvanlar da daxil olmaqla hər kəs öldürülmüşdü. Daş üstündə daş qoymayan və bütün şəhəri yerlə-yeksan edən monqollar geri çəkiləndə arxada yalnız qalaqlanmış cəsədlər qalmışdı.

Monqol qorxusu

Xarəzmşahlar dövlətini çökdürən Çingiz Xan bununla kifayətlənmədi. Savaş vaxtı ona dəstək ordusu göndərməyən Tankut dövlətinə hücum etdi. Paytaxtı ələ keçirərək, kral ailəsinin bütün üzvlərini qətlə yetirdi.

Baş verənlər qulaqdan-qulağa, dildən-dilə yayılır, monqol qorxusu hər keçən gün artırdı. Xarəzmşahlar monqolların hücumlarına tab gətirə bilməyərək çökdü. Beləliklə Mavəraünnəhr, Xorasan, Azərbaycan və bütün müsəlman-Şərq ölkələri Çingiz Xanın imperiyasının əsarəti altına düşdü.

Çingiz Xanın fəthləri dünya üzərində bu günədək mövcud olmuş ən böyük imperiyanın qurulması ilə nəticələndi. Böyük xaqanın qurduğu imperiya Çin, İran, Qafqaz, Ön Asiya, Yaxın Şərq və Avropaya qədər yayılmışdı. On yaşında Monqolustanın bozqır çöllüyündə ölümə sürgün edilmiş bir uşaq olan Çingiz Xan artıq dünyada oxşarı olmayacaq böyüklükdə bir imperiyanın fatehi və sahibi olmuşdu.

Fiziki görünüşü

Dünya tarixinə möhür vurmuş bir insan olmasına baxmayaraq, fiziki görünüşü haqda o qədər də məlumat yoxdur. Dönəmindən qalan heykəl və ya rəsm yoxdur. Bir çox mənbədə uzun boylu, güclü, gur saqqallı və uzun saçlı bir insan kimi təsvir edilir. Bu haqda ən maraqlı iddia XIV əsrdə yaşayan iranlı tarixçi Rəşid əl-Dinə aiddir. Tarixçiyə görə, Çingiz Xan qızılı saçlı və yaşıl gözlü idi.

Çingiz Xan tayfaçı və ya qəbiləçi insan deyildi, ləyaqətə inanırdı. Millətindən, dinindən və hansı qəbilədən olmasına baxmayaraq, həmişə ətrafına ən güclü insanları yığırdı. Bunun ən gözəl nümunələrindən biri 1201-ci ilə aiddir.

Taycut qəbiləsi ilə savaş vaxtı atına atılan bir ox az qala onun da həyatına son qoyacaqdı. Savaşdan sonra taycutlu əsirlərin yanına gələrək bu oxu kimin atdığını soruşdu. Bir əsgər qabağa çıxaraq oxu atdığını dedi. Əsgərin cəsarətindən xoşu gələn Çingiz Xan onu həm ordusuna komandir təyin etdi, həm də “ox” anlamına gələn Cəbə adını verdi.

Cəbə gələcəkdə Sabutayla birlikdə monqol ordusunun ən böyük komandanlarından biri olacaqdı.

Əli neçə insanın qanına batmışdı?

Tarixçilərin ən böyük mübahisələrindən biri Çingiz Xan dönəmində monqolların neçə nəfəri öldürməsi ilə bağlıdır.

Bir çox tarixçi bu rəqəmin 40 milyon olduğunu iddia edir. Tarixi mənbələrdə Çingiz Xan dönəmində Çin əhalisinin bir neçə milyonunun qətlə yetirildiyi qeyd olunur. Xarəzmşahlara hücumda isə imperiya əhalisinin dörddə üç hissəsi qətlə yetirildi. Ümumilikdə isə monqol istilaları nəticəsində dünya əhalisinin on bir faizinin öldürüldüyü bildirilir.

Bu gün həmin nəticəni əldə etmək üçün 770 milyon insanın öldürülməsi lazımdır.

Qəddar, amansız, amma tolerant...

Dönəmin bir çox imperiyalarından fərqli olaraq, Çingiz Xan din məsələsində tolerant insan idi.

Hər kəsin din və vicdan azadlığını qoruyan qanunlar imzalamaqla yanaşı, ibadət yerlərini vergilərdən azad etmişdi. Böyük xaqanın bu siyasəti baş qaldıracaq üsyanları əvvəldən yatırmağa hesablanmış kimi görünsə də, əsas səbəb monqolların həmişə din məsələsinə həssas yanaşması idi.

Çingiz Xan hər nə qədər şaman inancına sahib olsa da, ətrafında xristianlar, buddistlər, müsəlmanlar və animistik inanclara sahib olan insanlar vardı. Çox vaxt müxtəlif dinlərdən olan adamları çağıraraq söhbətlər edirdi. Habelə son illərində taoist Qi Çujini qərargahına çağıraraq, ölümsüzlük və fəlsəfə haqda danışdığı da deyilir.

Ölümü

Çingiz Xanın həyatını əhatə edən sirlərə əlavə olaraq, necə öldüyü də bəlli deyil.

Ən çox danışılan rəvayətə görə, 1227-ci ildə atdan yıxılaraq yaralandı və bu səbəbdən həyatını itirdi. Başqa bir mənbələrdə isə qızdırma və dizinə oxun dəyməsi nəticəsində öldüyü iddia olunur. Hətta bir mənbədə çinli şahzadə qadını onunla yatmağa məcbur etdiyi vaxt öldürüldüyü bildirilir. Həyatının necə başa çatmasından asılı olmayaraq, Çingiz Xan məzarının gizli qalması üçün çox çalışdı.

Rəvayətə görə, Çingiz Xanın vəsiyyətinə uyğun olaraq, min atla məzarı dəfələrlə tapdalandıqdan sonra torpaqda iz qalmadı və bundan sonra məzarını görən hər kəs öldürüldü. Məzarın böyük ehtimalla Monqolustanda yerləşən Burxan Xaldun dağının ətrafında olduğu deyilsə də, bu günədək dəqiq yeri təsbit edilməyib.

Çingiz Xan və qadınlar

İddiaya görə, dünyanın ən böyük imperiyasını quran monqol hökmdarının dördü rəsmi olmaqla beş yüz qadını vardı.

Çingiz Xan ömrünün bütün dünyanı fəth etməyə bəs etməyəcəyini başa düşərək ölümsüzlüyün sirrini axtarmağa başlamışdı. Sözlərinə inandığı bir taoist rahibdən ölümsüzlüyün sirrini istəmiş, tam ölümsüzlüyün mümkün olmadığı, lakin qadınlarla cinsi əlaqələrlə ömrünü uzada biləcəyi cavabını almışdı.

Bundan sonra Çingiz Xanın fəth etdiyi ayrı-ayrı ölkələrdə bir çox qadınla birlikdə olduğu deyilir.

Ən maraqlısı isə budur ki, aparılan DNT araşdırmaları bu gün dünyada yaşayan hər 200 nəfərdən birində Çingiz Xanın genlərinin olduğu faktını ortaya çıxardı. 16 milyon asiyalı kişi təxminən 800 il əvvəl Monqolustanda yaşamış bir kişinin soyundan gəlir.

“Çingiz Xan xromosomu”nun ən çox qazaxlarda rast gəlindiyini bildirən mütəxəssislər qəddar monqolun Asiya xaricində təsbit edilən ilk nəvəsinin İngiltərənin şimal-qərbində yaşayan bir professor olduğunu üzə çıxardı.




Ana səhifəyə qayıt        Baxış: 1 691          Tarix: 25-10-2019, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma