Xəbər lenti


 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş Ağstafa rayon Aşağı Göycəli kənd tam orta məktəbi ilə “Khan Academy Azərbaycanca” komandasının birlikdə həyata keçirdiyi layihənin məqsədi Ağstafa rayon Aşağı Göycəli kənd tam orta məktəbinin II, III, IV və V sinif şagirdlərinə “Khan Academy” platformasından istifadə etməyi öyrətmək, daha sonra onların platformanın dəstəyi ilə öz riyaziyyat biliklərini təkmilləşdirməsi olub. 

İlk olaraq layihə çərçivəsində məktəbin bütün müəllimlərinə “Khan Academy” haqqında ümumi məlumatlandırma təlimi və praktika sessiya keçirilib. Bu tədbirlər zamanı müəllimlər həm platformanın funksiyaları haqqında öyrənib, həm də platformadan necə öz siniflərində istifadə edə biləcəkləri haqqında praktika ediblər. 

Müəllimlər üçün olan təlimdən sonra ilkin olaraq məktəbin IV sinif şagirdlərinə lazımi elektron avadanlıqlar paylanıb və onlara platformadan istifadə üçün şagird profilləri yaradılıb. Daha sonra şagirdlərə platformadan istifadə ilə bağlı təlim keçirilib. Təlimdən sonrakı mərhələdə isə şagirdlər 2 ay boyunca (ümumilikdə 24 saat) “Khan Academy Azərbaycanca” platformasından istifadə edərək IV sinfə aid videolar izləyib, həmin mövzulara aid misal və məsələləri həll ediblər. IV sinif şagirdlərindən sonra II, III və V sinif şagirdləri də həmin prosesdən keçiblər. 24 saatlıq öyrənmə sessiyalarının sonunda bütün şagirdlər layihədə iştiraklarına görə sertifikatla təltif olunublar.


Layihə boyunca prosesi idarə edən “Khan Academy Azərbaycanca” ekspertləri, Ağstafa rayon Aşağı Göycəli kənd tam orta məktəbinin direktoru və layihədə iştirak edən müəllimlərin müsahibələrinə əsasən, şagirdlər layihəyə xüsusi maraqla yanaşıblar. Məhz buna görə də bütün siniflərin öyrənmə sessiyalarında ortalama iştirak faizi 95,3% olub. Əlavə olaraq layihədə öyrənmə prosesində daha passiv iştirak edən şagirdlərin dərsə daha motivasiya ilə yanaşmaları ekspertlərin diqqətini çəkib. Bunun səbəblərindən biri platformada olan oyunlaşdırma funksiyaları olub. Belə ki, “Khan Academy Azərbaycanca” platformasında şagirdlər həll etdikləri hər misal, izlədikləri hər video və ya oxuduqları hər məqalə üçün xallar toplayıblar və bu xallara əsasən, onlara müxtəlif nişanlar verilib. 

Qeyd etmək lazımdır ki, oyunlaşdırma Khan Academy Azərbaycancanın özünəməxsus funksiyalarından biridir və şagirdlərin marağının yüksək olmasında bu funksiyanın rolu böyük olub.

“Khan Academy” dünyanın ən böyük ödənişsiz onlayn təhsil platformalarından biridir. Platformada riyaziyyatdan biologiyaya, tibbdən incəsənətə həm məktəb, həm də ali səviyyədə müxtəlif tədris materialları var. “Khan Academy”nin Azərbaycanda rəsmi əməkdaşlığı çərçivəsində ingilis dilində olan tədris materialları azərbaycan dilinə lokallaşdırılır və bunun üçün artıq 10 milyondan artıq məqalə və tapşırıq, 7500-dən çox video hazırlanıb. “Khan Academy”nin Azərbaycan üzrə rəhbəri Leyla Qasımova, layihə rəhbəri Ayaz Kərimovdur. 

“Khan Academy Azərbaycanca” platformasından hazırda hər kəs ödənişsiz şəkildə istifadə edə bilər.

“Khan Academy Azərbaycanca” veb-səhifəsi: https://az.khanacademy.org/

“Khan Academy Azərbaycanca” YouTube kanalı: https://www.youtube.com/@khanacademyazeri




Ana səhifəyə qayıt        Baxış: 137          Tarix: 26-05-2023, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma