Xəbər lenti

Hər bir insanın ÜST-ün ümid bəslənən vaksinlərin effektini şübhə altına alan son xəbərdarlığına tamamilə ciddi yanaşması daha böyük fəlakətdən yayınmağın tək yolu kimi görünür... Əks halda, pandemiyanın birinci dalğasına laqeyd yanaşan bəşər övladı ikinci dalğa ilə daha acınacaqlı itkilərlə və ağır nəticələrlə cəzalana bilər...


Koronavirus pandemiyası hazırda dünyanın əsas problemidir. Və bütün dünya əhalisi məhz bu problemin təsiri altındadır. Hər ötən gün bu problem bəşər övladını daha çox öz əsarəti altına almaqda davam edir.

Ancaq qəribə də olsa, pandeminyanın elan olunduğu ilk dövrlərdən fərqli olaraq, epidemiya hazırda dünyanın əsas gündəm mövzusu deyil. Hər halda, bu mövzunun ciddi şəkildə adiləşdiyi və arxa plana keçirildiyi açıq-aşkar nəzərə çarpmaqdadır.
Halbuki virusun vəd etdiyi bəşəri təhlükə hələ sovuşmayıb. Əksinə, təhlükə daha da artaraq, aktuallaşıb. Yenidən diqqətləri öz üzərinə çəkmək hüququ qazanıb.

Belə anlaşılır ki, insanlar artıq virusun yaxınlıqda olması ilə bağlı reallığa vərdiş ediblər. Ona görə də, bir çoxları indi bu mövzuda düşünüb, özünü yormağa həvəs göstərmirlər. Əksinə, bir çox hallarda virusun mövcud olmadığı dövrlərdəki həyat tərzinə dönməyə üstünlük verirlər.
Buradansa, çox sadə bir nəticə ortaya çıxır. Belə ki, insanlar virusun mövcudluğuna yalnız vərdiş ediblər. Ancaq bu təhlükə ilə yanaşı yaşamağa hələ öyrəşməyiblər. Hər halda, öyrəşmiş olsaydılar, insanların davranış tərzi indikindən ciddi şəkildə fəqrli olardı, yoluxma intensivliyi də belə yüksək rəqəmlərə çıxmazdı.

Deməli, bir çox şeylər yanlış gedir. Dövlətlərin epidemiyaya qarşı mübarizə metodlarından tutmuş, hər bir insanın bir fərq olaraq, özünü qoruma instinktinə qədər hər şeydə bir tərslik var. Üstəlik, əksər ölkələrdə ictimai təbliğat mexanizmləri də yetərincə effektiv işləmir.
Ona görə də son həftələrdə dünyanın əksər ölkələrində infeksiyaya yoluxanların sayında ciddi artım müşahidə edilməkdədir. Məsələn, Türkiyədə ötən ay gündəlik yoluxma sayı 800 nəfərdən az idi. İndisə, bu rəqəm 1500 nəfərin üzərindədir. Qonşu Gürcüstan epidemiya ilə mübarizədə ən ümudverici nəticələr alan ölkələrin sırasında yer almaqdaydı. Hazırda bu ölkədə də ciddi həyəcan təbili çalınmaqdadır. Çünki yoluxma sayı ilk dəfə təhlükəli rəqəmlərə doğru irəliləyir.

Azərbaycanda da vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb. Düzdür, cəmisi bir ay əvvəl ölkəmizdə gündəlik yoluxma sayı 600 nəfərə çatmışdı. Sonra bu rəqəm tədricən azalmağa başladı və hətta 75-80 nəfərə qədər gerilədi. Və bu, həm sevindirici, həm də ümidverici nəticə idi.
Ancaq son həftələrdə situasiya yenidən mənfi istiqamətdə dəyişməyə doğru yönəlib. Belə ki, hazırda Azərbaycanda gündəlik yoluxma 140-160 arasında dəyişir. Bu isə növbəti dəfə həyəcan təbili çalınması üçün yetərli yüksəlişdir.

Ancaq dünyanın digər ölkələrindəki vəziyyət daha acınacaqlı xarakter daşıyır. Belə ki, situasiyanın nisbətən nəzarət altına alındığı düşünülən bir sıra Avropa dövlətlərində infeksiyaya gündəlik yoluxma halları yüksəlişə keçib. Fransa, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və s. kimi önəmli dünya ölkələrində gündəlik yoluxma sayında iki dəfədən çox artım müşahidə edilməkdədir.
Göründüyü kimi, son həftələrdə virus hələ təslim olmaq niyyətində olmadığını biruzə verməyə çalışır. Və anlaşılan odur ki, bu fəlakət daşıyıcısına qalib gəlmək o qədər də asan olmayacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) payız ayları üçün verdiyi proqnoz da belə düşünməyə tamamilə əsas verir. Belə ki, ÜST oktyabr və noyabr aylarında Avropa məkanında infeksiya səbəbindən gündəlik ölüm sayının artacağına bəyanlayıb.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe "Vəziyyət daha da çətinləşəcək. Oktyabr və noyabr aylarında biz daha çox ölüm halları görəcəyik" deyib. ÜST rəsmisinin dediyinə görə, yoluxma hallarındakı artım günlük ölüm sayının da artmasına səbəb olacaq.  
Onun peyvəndə bəslənən ümidlərlə bağlı söylədikləri isə ümumiyyətlə, pessimizmə yol aça biləcək məzmundadır. Belə ki, ÜST təmsilçisi kəşf ediləcək vaksinlərin pandemiyanı sonlandıra biləcəyi ilə bağlı təsəvvürlərin tamamilə yanlış olduğunu vurğulayıb.

Hans Kluqenin sözlərinə görə, vaksinin bütün əhali qruplarına kömək edib-etməyəcəyi məlum deyil: “Hazırda üzərində işlənən vaksinlərin bir qrup insana kömək edəcəyi, digər qrup üçün isə effektiv olmayacağı barədə bəzi siqnallar alırıq. Fərqli peyvəndlər sifariş etməli olsaq, bu, sadəcə maddi-texniki baxımdan, bir kabus olacaq”.

Nəhayət, ÜST rəsmisinin pandemiyaya qalib gəlməyin mümkün yolları barədə dedikləri isə olduqca ibratamizdir. Belə ki, Hans Kluqe hesab edir ki, pandemiyanın sonu məhz bir cəmiyyət olaraq, bu virusla necə yaşamağın mümkün ola biləcəyini öyrənəcəyimiz andır: “Bu, bizə bağlıdır və düşünürəm ki, çox müsbət bir mesajdır".

Göründüyü kimi, insanların laqeydliyi davam etdikcə, bu virusa layiq olduğu əhəmiyyəti vermədikcə epidemiya sona çatmayacaq. Hər halda, ÜST rəsmisinin dediklərindən belə çıxır. Yəni virusun əsas gücü məhz insan laqeydliyində gizlənir. Bu isə bəşər övladının öz məsuliyyətsizliyi ilə virusu gücləndirib, onun dünya üzərindəki şəriksiz hökmranlıq dövrünü uzatdığı anlamına gəlir.
Nəhayət, daha bir həyəcan doğuracaq məqam da mövcuddur. Belə ki ÜST-ə üzv 55 Avropa ölkəsi pandemiya ilə bağlı virtual müzakirə keçirərək, epidemiyaya qarşı 5 illik mübarizə strategiyası hazırlamaq qərarı veriblər. Bu isə virusun yaxın vaxtlarda yoxa çıxa biləcəyi ilə bağlı ehtimalları əhəmiyyətdən salır.


Belə anlaşılır ki, əgər, 55 ölkə 5 illik mübarizə strategiyası barədə düşünməyə başlayıbsa, deməli, virusun yaxın illərdə bu planetin “yaxa”sını buraxmaya biləcəyi ilə bağlı kifayət qədər ciddi elmi qənaət formalaşıb. Bu baxımdan, yenə əsas mübarizənin məhz hər bir fərdin üzərinə düşəcəyi qətiyyən şüb hə doğurmur.

Məsələ ondadır ki, artıq bir çox dünya dövləti ikinci dalğanın başlandığını rəsmən etiraf edib. Yəni, bu o deməkdir ki, indiyə qədər aparılan mübarizə tamamilə effektivsiz olub və hər şey yenidən başlayır.

İndiki situasiyada narahatlıq doğuran əsas məqam isə UST-ün verdiyi son fəlakət xəbərdarlığıdır. Həmin xəbərdarlığı müəyyən mənada, “ölüm mesajı” kimi də dəyərləndirmək mümkündür. Və insanların ÜST-dən verilən bu mesaja tamamilə ciddi yanaşması daha böyük fəlakətdən yayınmağın tək yolu kimi görünür. Əks halda, pandemiyanın birinci dalğasına laqeyd yanaşan bəşər övladı ikinci dalğa ilə daha acınacaqlı itkilərlə və ağır nəticələrlə cəzalana bilər.

“Yeni Müsavat” Media Qrupu




Ana səhifəyə qayıt        Baxış: 2 738          Tarix: 14-09-2020, 19:47      


Paylaş:   

Ən çox oxunanlar