Xəbər lenti

 

«Fil qulağında» yatmış rayon icra hakimiyyətlərinin, səhiyyə idarələrinin, digər dövlət qurumlarının və yerli sakinlərin maarifləndirilməsinə ehtiyac yaranıb
Uzun illərdir Azərbaycanda yaşanan və fərqinə varmadığımız ciddi problemlərdən biri də bir sıra müxtəlif prinsiplərdən istifadə edərək istiliyi və istilik qradiyenti ölçən istilikölçən, hərarətölçən, yaxud, termometr adlandırılan cihazların sınması ilə bağlıdır. Söhbət ondan gedir ki, tərkibində təhlükəli maddə sayılan civənin olduğu bu cihazların sınması və ətraf ərazinin çirklənməsi, bu çirklənmənin ciddi fəsadlar törədə bilməsi nədənsə həm müvafiq dövlət qurumlarının, eləcə də yazılı və elektron Kütləvi İnformasiya Vasitələrinin diqqət mərkəzində deyil. Azərbaycan İnformasiya Mərkəzinin və www.azim.az internet portalının bu istiqamətdə apardığı araşdırmaların nəticələri də dediklərimizə əyani sübutdur.
Araşdırmalarımıza görə, respublikamızda termometrlərin sınması ilə bağlı rəsmi statistika aparılmır. Sınma və həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar yalnız Fövqəladə Hallar Nazirliyinin «fhn.gov.az» saytının «Gündəlik xronika» bölümündə yayılır. Məsələn, adıçəkilən nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, filan rayonda və ya şəhərdə civə tərkibli termometr sınıb və civə ətrafa dağılıb. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və Kimya laboratoriyasının mütəxəssisləri tərəfindən çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat başa çatıb. «Gündəlik xronika»da, yaxud, «fhn.gov.az» saytının statistik məlumatlarında və ya digər məlumat banklarında sınmış termometrlərin sayı, problemin daha çox hansı məkanda qeydə alınması və digər statistik göstəricilər yoxdur. Bu səbəbdən də Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı sözügedən istiqmətdə araşdırma aparıb və həmin araşdırmanın nəticələrini oxucularımıza təqdim edirik.
Araşdırmalarımıza görə, bu ilin yanvan ayının 1-dən noyabrın 29-dək respublika ərazisində 113 termometr sınıb. Xoşagəlməz hadisə daha çox Bakı şəhərindəki rayonlarda baş verib. Belə ki, termometrlərin sınması üzrə paytaxtda 98 fakt qeydə alınıb. 15 fakt isə digər bölgələrin payına düşüb. Sınan termometrlərin sayına görə məkanların ardıcıllığı isə belədir:
Bakı üzrə:
Yasamal rayonunda - 26
Xətai rayonunda - 17
Nərimanov rayonunda - 13
Binəqədi rayonunda - 9
Nizami rayonunda - 8
Sabunçu rayonunda - 8
Nəsimi rayonunda - 6
Səbail rayonunda - 3
Suraxanı rayonunda - 3
Xəzər rayonunda - 3
Qaradağ rayonunda - 2

Bölgələr üzrə:
Abşeron rayonunda - 4
Abşeron rayonunun Xırdalan şəhərində - 4
Gəncə şəhərində - 3
Sumqayıt şəhərində - 2
Şirvan şəhərində - 1
Goranboy rayonunun Tatarlı kəndində - 1.

Termometrlərin hansı aylar üzrə daha çox sınmasını da araşdırmışıq. Nəticələr belədir:
Yanvarda - 13
Fevralda - 7
Martda - 8
Apreldə - 12
Mayda - 4
İyunda - 18
İyulda - 11
Avqustda - 13
Sentyabrda - 18
Oktyabrda - 8
Noyabrda (29-dək) – 1

Tibb müəssisələrində də termometrlər sınır
Araşdırmalarımız zamanı öyrəndik ki, hətta bəzi məkanlarda termometrlərin sınması hadisəsi bir neçə gün dalbadal sınıb.
Məsələn, Bakının Yasamal rayonunda yanvarın 5-də və 6-da, martın 13-də və 14-də, iyunun 9-da və 10-da, iyulun 5-də və 6-da, sentyabrın 18-də və 19-da, Xətai rayonunda iyunun 4-də və 5-də termometrin sınması faktı qeydə alınıb. Hətta elə günlər olub ki, həmin tarixdə bir neçə məkanda termometrlər sınıb.
Araşdırmalarımız zamanı üzə çıxartdığımız ən dəhşətli məqamlardan biri də odur ki, tibb müəssisələrində da termometrlərin sınması faktları qeydə alınıb. Məsələn, Gəncə şəhərində bu ilin aprelin 11-də Diaqnostika Mərkəzində və aprelin 13-də Mərkəzi Diaqonostika Klinikasında termometr sınıb.
Təbii ki, yuxarıda təqdim etdiyimiz statistika real göstəriciləri özündə əks etdirmir. Söhbət ondan gedir ki, siyahımızda adları olmayan rayonlarda və şəhərlərdə də termometrlərdən istifadə edirlər və həmin məkanlarda da belə cihazların sınması ehtimalları çoxdur. Ancaq rəsmi məlumatlar «fhn.gov.az» saytının «Gündəlik xronika» bölümündə öz əksini tapmadığından real statistikanı hazırlamaq imkanlarımız çox məhduddur.
Dövlət qurumları və KİV-lər maarifləndirməyə maraq göstərmirlər

Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı istər Fövqəladə Hallar Nazirliyi, istər yerli icra hakimiyyətləri, səhiyyə idarələri və tibb müəssisələri, istərsə də elektron KİV-lərin, yəni internet portallarının termometr, ondan istifadə qaydaları və təhlükəsizlik tədbirlərinin necə həyata keçirilməsi barədə əhalini hansı formada maarifləndirimələri ilə bağlı da araşdırma aparıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin mətbu orqanının internet versiyasında və bir neçə internet portalını çıxmaq şərtilə yerdə qalan qurumların və KİV-lərin internet portallarında termometr, onun sınması nəticəsində ətrafa yayılan civənin yarada biləcəyi fəsadlar və sair barədə hər hansı bir məlumata rast gəlmədik. Amma əslində bu cür təhlükə barədə əhalinin maariləndirilməsi ilə daha çox rayon və şəhər icra hakimiyyətləri, səhiyyə idarələri və tibb müəssisələri məşğul olmalı və bu istiqamətdə həyata keçirilməsi vacib olan tədbirlər haqqında məlumatlar KİV-lərdə işıqlandırılmalıydı. Ancaq təəssüf ki, araşdırmalarımız nəticəsində bu cür məlumatları tapmaqdan məhrum olduq.
Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı əhalinin maarifləndirilməsində yaxından iştirak etmək termometrdən istifadə qadyaları, civə təhlükəsi və təhlükəsizlik tədbiləri barədə məlumatları oxucuların diqqətinə çatdırır.
Termometrdən istifadə qaydaları
Hərarət termometr adlanan cihazla ölçülür. «Bilgi.az»ın yazdığına görə, termometrlər müxtəlif cür olur. Termometr havanın, suyun, insanın temperaturunun isti və soyuqluğunu təyin etmək üçündür. Sağlam adamın bədənində temperatur sabit olur, səhər və axşam temperaturları arasında az fərq olur. Belə hesab edilir ki, normal temperatur 37 dərəcədən yuxarı qalxmamalıdır.
Uşaqlarda bədənin temperaturu bir qədər yuxarı, yaşlılarda isə bir qədər aşağı olur. Düz bağırsaqda və uşaqlıq yolunda temperatur qoltuq və qasıq nahiyələrində olduğundan 1 dərəcə yüksək olur. Xəstə insanın bədəninin temperaturunu ölçmək və ona nəzarət etmək lazımdır. Çünki bədənin temperaturunun dəyişməsi, onun qalxıb-enməsi, xüsusən də qalxması qıcolmaya və başqa mənfi nəticələrə gətirib çıxara bilər. Bədənin temperaturu ancaq tibb termometri ilə ölçülməlidir.
Tibb termometri şüşə kapillyar borucuq şəklində olub, ucunda civə ilə dolmuş rezervuar vardır. Borucuq Selsi ilə 34 dərəcədən 42 dərəcəyə qədər bölgüləri olan şkalaya bərkidilmişdir.
Tibb termometri maksimal termometrdir, belə ki, kapilyarlarının üzərindəki damarla civəyə istilik təsiri qurtardıqda onun geriyə-rezervuara axmasına mane olur. Civənin rezervuara qayıtması üçün onu bir neçə dəfə silkələmək lazımdır.
Termometri yerə salmaq olmaz, yaxınlıqdakı əşyalara dəyməməsi üçün ehtiyatlı olmaq lazımdır. Onu dibinə pambıq qoyulmuş və üstündən dezinfeksiyaedici məhlul tökülmüş bankada və ya stəkanda saxlayırlar.
Hər xəstənin temperaturunu ölçdükdən sonra məhlul olan qaba salıb çıxarmaq və yaxşıca silmək, sonra silkəliyərək civəni 35 dərəcədən aşağı salıb başqa xəstənin temperaturunu ölçmək olar.
Termometri xəstəyə verməzdən qabaq qoltuq çuxurunu yoxlayır və yaxşıca silirlər. Termometri elə qoymaq lazımdır ki, civəli hissəsinin hər tərəfi qoltuq çuxurunun ən dərin yerində bədənə toxunsun.Termometr ən azı 10 dəqiqə qalmalıdır. Termometrlə bədənin arasına paltar girməməlidir. Zəif xəstələrin qolunu kip tutmaq lazımdır ki, termometr düşməsin.
Çox zəif və ağır xəstələrdə temperaturu düz bağırsaqdan ölçmək olar, lakin burada istilik 0,5 ya da 1 dərəcə yuxarı olacaq. Termometri bağırsağa salmamışdan qadaq vazelin, ya da hər hansı yağla yağlamaq lazımdır. Xəstə böyrü üstə uzanmalı və qəti tərpənməməlidir. Termometrdən istifadə etdikdən sonra onu təmiz yumaq, spirtlə silmək, yaxud hər hansı dezinfeksiyaedici məhlulla dezinfeksiya etmək lazımdır.
Uşaqların temperaturu qasıq büküşündən ölçülür. Bunun üçün uşağın ayaqlarını çanaq-bud oynağında qatlayıb əmələ gələn büküşə termometri qoyurlar.
Temperatur 37 dərəcədən yuxarı olduqda bu, hər hansı bir xəstəliyin başlanğıcına işarədir. Əgər temperatur 38 dərəcədən yuxarı olarsa, mütləq həkimə müraciət etməli və qızdırma salıcı dərmanlardan istifadə olunmalıdır.
Civəli termometrlərdən başqa elektrotermometrlərdən də istifadə edirlər. Bunlar kütləvi müayinələr aparmaq, müəyyən bir nahiyədə dərinin və selikli qişaların ölçülməsi üçün əlverişlidir.
Nazirlikdən xəbərdarlıq: «Civə çox təhlükəlidir»

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsindən isə bildirilir ki, civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Orqanizmdə yuxusuzluq, iştah pozuntusu, dərinin qıcıqlanması, gözlərin sulanması, zökəm, hətta yaddaş pozğunluğu kimi hallara da səbəb ola bilər. Civə ilə uzun müddət təmasda olduqda bu, beyin, böyrək, ağ ciyərin və immun sistemin zədələnməsinə gətirib çıxara bilər.
Evdə civə dağılarsa nə etmək olmaz:
- Süpürgə və lif süpürgədən istifadə etmək. Belə vəziyyətdə civə hissəcikləri parçalanaraq yayılacaq, bundan sonra isə onları bir yerə yığmaq mümkün olmayacaq;
- Tozsorandan istifadə etmək. Əgər tozsorandan istifadə olunubsa, civənin yayılmaması üçün onu dərhal atmaq lazımdır;
- Civəni kanalizasiyaya tökmək. Bu civənin borularda qalıb insan sağlamlığına böyük zərər vurmasına gətirib çıxarar.
Evdə termometr qırılarsa nə etməli:
- Civə dağılan yerdən uşaqları uzaqlaşdırmalı;
- Dərhal pəncərəni açmalı;
- Civəni ağac və hamar səthlərdən tez təmizləmək mümkündür;
- Xalçaya dağılıbsa, həmin hissəni kəsib atmaq lazımdır.
Civəni təmizləmək üçün ilk növbədə şüşə qırıntılarını yığıb plastik paketə qoymaq, ağzını bağlamaq, sonra isə civəni kartonun köməyilə (sudan qəti istifadə etməyin) səliqə ilə paketə yerləşdirib dərhal atmaq lazımdır. Ayrı-ayrı hissələri yığmaq üçün isə skoçdan istifadə etmək olar. Gözlə görünən hissəcikləri təmizlədikdən sonra isə termometrin qırıldığı yerə və ətrafına krem çəkmək lazımdır. Krem çəkilən yerdə qabarcıqlar əmələ gələcək, onlar mütləq yığılmalıdır. Adi işıqla gözdən qaçan civə hissələrini isə fənərlə görmək olar. Istifadə olunan bütün əşyalar tullanmalıdır. Təmizlik işləri bitdikdən sonra pəncərələri açıb ventilyasiyanı qoşmaq və həmin otağa bir sutka girməmək lazımdır. Ertəsi gün döşəməni su ilə yumaq olar.
Əgər hansısa bir yerə daha çox civə dağılıbsa, dərhal pəncərəni açın, oranı soyuq saxlamaq üçün kondisioneri yandırın, heç kimə həmin yerə yaxınlaşmağa icazə verməyin, yaxınlıqda ventilyator, tozsoran və ya saç qurudandan istifadə etməyin və dərhal baş vermiş hadisə barədə cavabdeh xidmətlərə məlumat verin.
Civə güclü təsiredici zəhərli maddədir
Güclü təsiredici zəhərli maddələr - havadakı qatılığı yol verilən həddən artıq olduqda insanlara, heyvanlara, bitkilərə müxtəlif dərəcəli zəhərli təsir göstərə bilən kimyəvi birləşmələrdir.
Bu zəhərli maddələrin emalı, daşınması, saxlanması və istifadə edilməsi zamanı müxtəlif miqyaslı qəzalar baş verə bilər. Bununla da insanlara və ətraf mühitə ciddi ziyan dəyə bilər. Bu maddələri tanımalı, onlarla davranış zamanı təhlükəsizlik qaydalarına əməl edilməlidir. Respublikamızda kimyəvi zəhərli maddələrdən kimya, neft-kimya, neft emalı, ət-süd sənayesi müəssisələrinin soyuducu kombinatlarında, meyvə-tərəvəz bazalarında, sutəmizləmə qurğularında, su anbarlarında və kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Biz həyat fəaliyyəti zamanı kimyəvi zəhərli maddələrdən civə, ammonyak, xlor və sulfat turşusuna daha çox rast gəlirik.
Civə sənayedə, xüsusən tibb sahəsində dərman preparatlarının, vaksinlərin və stomatologiyada işlədilən plomba materialların istehsalında istifadə edilir. Civə ətraf mühitə əsasən ölçü və nəzarət cihazlarının - termometr, manometr və barometrlərin sınması nəticəsində daxil ola bilir. Civə və onun birləşmələri texnika, tibb və kimya sənayesində tətbiq olunur. Civə oksid göz və zöhrəvi xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının tərkibinə daxildir. Qırmızı civə oksid bir sıra boyaların alınmasında istifadə olunur. Civənin xlorlu birləşmələrindən pirotexniki materialların hazırlanmasında və kənd təsərrüfatında fungisidlərin istehsalında istifadə edilir. Civə tərkibli preparatlardan heyvanların parazitar dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Civə və onun buxarlarının təsirinə uşaq orqanizmi daha həssasdır. Çünki uşaq orqanizminin hüceyrələrinin keçiricilik qabiliyyəti daha yüksək olduğundan zəhər hüceyrələrə daxil olaraq həyati vacib orqanlara dağıdıcı təsir göstərir. Civə və onun buxarları ilə zəhərlənmə alınmış dozadan asılı olaraq kəskin və xroniki formada ola bilər.
Civə və onun buxarları saç tökülməsinə, dəri hissiyyatının dəyişməsinə səbəb olur
Kəskin zəhərlənmənin əlamətləri zəhərlənmədən bir neçə saat sonra müşahidə edilir. Civə buxarlarının konsentrasiyası 0,13-0,80 mq/m3 olduqda kəskin zəhərlənmənin əlamətləri müşahidə edilir. Zəhərlənmənin əsas əlamətlərinə daxil olan ümumi zəiflik, udlaq və ağızın selikli qişasının mis rəngində qızarması, ağızda metal dadın hiss edilməsi, qarında kəskin ağrıların olması, bədənin hərarətinin 38-390C qədər yüksəlməsi, iştahanın kəsilməsi, diş ətinin şişməsi, qızarması, qanaxması, oynaqlarda və ətraflarda ağrılar, bədəndə süstlük, fəaliyyətsizlik halları müşahidə edilir və dişlərin kötük nahiyəsində civə sulfidin tünd haşiyəsi əmələ gəlir. Qeyd olunan bu əlamətlər qorxu hissi, şiddətli baş ağrıları, udma zamanı udlaqda ağrılar, nəbzin tezləşməsi, ürək zəifliyi, əzələlərin qıcolması ilə müşayiət olunur. Civə buxarları ilə ağır kəskin zəhərlənmələr zamanı vaxtında tibbi yardım göstərilməzsə bir neçə gündən sonra ölümlə nəticələnə bilər. Civə və onun buxarları təkcə insanın daxili orqanlarını deyil, eyni zamanda dəri örtüyünü də zədələyir. O, saç tökülməsinə, dəri hissiyyatının dəyişməsinə səbəb olur, qızılca və skarlatina xəstəliklərinə xas olan səpgilər əmələ gətirir. Əksər hallarda ağ ciyərlərin iltihabı, yuxarı tənəffüs yollarının kataral iltihabı, sinədə ağrılar, öskürək və təngnəfəslik, çox hallarda dəridə güclü göyərmə də müşahidə edilir.
Xroniki zəhərlənmə zəiflik, iştahanın itməsi, çəkinin azalması, baş ağrıları ilə başlayır
Dövri olaraq az dozalarda civə buxarları ilə nəfəs aldıqda civə orqanizmin toxumalarında toplanır və nəticədə civə ilə xroniki zəhərlənmənin əlamətləri özünü göstərir. Civə və onun buxarları ilə xroniki zəhərlənməyə merkurializm deyilir.
İnsan orqanizmi 8-10 il müddətində 0,01 mq/m3 konsentrasiyada civə buxarları ilə qarşılıqlı təmasda olduqda xroniki zəhərlənmə - merkurializm baş verə bilər. Belə şəxslərdə tədricən zəiflik, iştahanın itməsi, çəkinin azalması, baş ağrıları, iş qabiliyyətinin və əqli fəaliyyətin azalması, yaddaşın pisləşməsi başlayır. Tədricən civə nevrasteniyasının əlamətləri «civə tremoru»- əllərin və barmaqların əsməsi müşahidə edilir.
İlk tibbi yardım
Civə və onun buxarları ilə zəhərlənməyə məruz qalma əlamətləri müşahidə edildikdə dərhal təhlükəli zonanın tərk edilməsi vacibdir. Bundan sonra əgər civə orqanizmə həzm sistemi ilə daxil olubsa, onda zərərçəkmişin mədəsi əvvəlcə 20-30 qr aktivləşdirilmiş kömür qatılmış su və ya su ilə qarışdırılmış yumurta ağı ilə bolluca yuyulur və ardınca süd verilir. Düyü və ya yulaf həliminin verilməsi tövsiyə olunur. Sonda isə zərərçəkmişə işlətmə dərmanı verilməsi məsləhət görülür. Həkim gələnə qədər burun, göz və ağız boşluğu 2%-li soda məhlulu ilə yuyulmalı, zərərçəkmişi mümkün qədər xəstəxanaya tez çatdırmaq lazımdır.
Məişət şəraitində dağılmış civənin təcili yığılması və ləğv edilməsi -demerkurizasiya
Məişət şəraitində insanların ən çox rastlaşdığı təhlükələrdən biri də termometrin sınması nəticəsində civənin ətrafa dağılmasıdır.
Demerkurizasiyanı həyata keçirmək üçün lazım olan ləvazimatlar:
- civə və çirklənmiş materialı yığmaq üçün ağzı kip bağlanan şüşə banka (100-ml-lik və daha böyük);
- çirklənmiş əşyaları yığmaq üçün böyük polietilen kisələr;
- tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetka;
- pambıq, yapışqan plastır kəsikləri;
- rezin əlcəklər, stolüstü lampa;
-oksidləşdirici kimyəvi maddələr (dezinfeksiya edici və ağardıcı xüsusiyyətlərə malik olan maddələr), tərkibində xlor olan birləşmələr (xlorinol və s.)
- kalium permanqanat və ya yod məhlulu;
- sintetik tərkibli üst geyimləri (civə buxarları ilə az çirklənən);
Demerkurizasiya aşağıdakı ardıcıllıqla aparılır:
1. Civə dağılmış otaqdan insanları (ilk növbədə uşaqları) təcili çıxartmaq və giriş qapısını bağlayaraq həmin otağı izolyasiya etmək, tənəffüs orqanlarını civə buxarlarından qorumaq üçün ağızı yaş tənzif vasitəsilə bağlamalı;
2. Otaqda civənin buxarlanmasının qarşısını almaq üçün pəncərələri açaraq temperaturun aşağı salınmasını təmin etmək və dağılmış civənin üzərini isladılmış kağız qəzet, vərəq və ya yaş əski parçası ilə örtməli; (kondisioner və ya ventilyatoru işə salmaq olmaz);
3. Üzərinə civə dağılmış bütün əşyaları (paltar, xalça və s.) toplayaraq polietilen kisələrə dolduraraq eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər müvəqqəti saxlamaq;
4. Demerkurizasiyanın ən mürəkkəb və vacib hissəsi civə damlalarının toplanmasıdır. Bu zaman tozsoran cihazlardan istifadə etmək olmaz. Çünki, tozsoran civə hissəcikləri ilə çirklənə bilər və ya civənin əksər hissəsi tozsoranın filtri onu tutmadığı üçün aerozol formasında ətrafa yayıla bilər;
5. Civə damlalarını toplayarkən nazik ucluqlu armudvari rezin pipetkadan, yoğun iynəli tibbi şprislərdən, metal məftildən istifadə edilir. Böyük civə damlalarını metal məftil vasitəsilə kağız üzərinə yığaraq ağzı kip bağlanan şüşə bankalara doldurulur. Kiçik damlaları isə yapışqan plastır vasitəsilə götürüb bankalara doldurulur. Şüşə bankalara əvvəlcədən 0,2% kalium permanqanat məhlulu tökülür. Yarıq və oyuqlardakı civə ucuna pambıq dolanmış məftil və ya yoğun iynə vasitəsilə yığılır. Məftilin ucundakı pambıq tamponların kalium permanqanat və ya dezinfeksiya edici məhlullarla isladılması məsləhətdir. İstifadə olunmuş tamponlu məftil çubuqlar da şüşə bankaya atılmalıdır. Bu zaman işıqlandırıcı lampalardan istifadə olunmalıdır, çünki işıqlanma zamanı civə zərrəciklərinin görüntüsü daha yaxşı olur. Ümumiyyətlə dağılmış civənin yığılması kənarlardan mərkəzə doğru aparılır. Əgər civə damlaları parketin, döşəmənin altına keçmişdirsə, onda həmin hissələr sökülməli və çirklənmiş sahələr civədən azad edilməlidir. Toplanmış civəni zibil qutusuna və ya kanalizasiya xəttinə atmaq olmaz. Ağzı kip bağlanmış civə bankalarını eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə müvəqqəti saxlayaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinə təhvil vermək lazımdır.
6. Gözə görünən civə damlalarını topladıqdan sonra demerkurizasiyanın kimyəvi mərhələsi başlayır. Bu zaman civənin buxarlanmasının qarşısını almaq üçün istifadə edilən maddələrə demerkurizatorlar deyilir. Demerkurizatorlar kimyəvi maddələr olub, civənin buxarlanmasının sürətini azaldır və civənin mexaniki yığılmasını asanlaşdırır. Civə dağılmış sahələr mexaniki təmizləmədən sonra mütləq demerkurizatorlar vasitəsilə kimyəvi işlənilməlidir. Civədən təmizlənmiş sahələr kalium permanqanat və sabunlu-sodalı məhlul ilə silinir. 30 dəqiqədən sonra silinmiş sahə quru əski ilə silinərək qurudulur. Sabunlu su olmadıqda məişət yuyucu vasitələrindən istifadə edilməsinə icazə verilir.
Demerkurizasiya o vaxt effektiv hesab olunur ki, işlər qurtardıqdan sonra otağın havasında civə buxarlarının miqdarı 0,0003 mq/m3-dən cox olmasın.
Demerkurizasiya zamanı aşağıdakı demerkurizatorlardan istifadə edilə bilər:
- Sabunlu-sodalı məhlul (4% sabunlu su + 5% soda məhlulu; Bu tərkib 1 litr suya 40 qr paltar sabunu və 50 qr soda əlavə etməklə hazırlanır);
- Xlorid turşusu əlavə edilmiş 0,2% kalium permanqanat məhlulu (xüsusi çəkisi 1,19 olan 5 ml xlorid turşusu + 1 litr kalium permanqanat məhlulu);
- 20%-li xlorlu əhəng məhlulu;
- 0,2%-li kalium permanqanat məhlulu;
- 5-10%-li xlorid turşusu məhlulu və s.
Əhalinin nəzərinə!
Civə dağılması və digər təhlükələr müşahidə edildikdə:
- Fövqəladə Hallar Nazirliyinin «112» zəng xidmətinə məlumat verin!
- Otaqlarda qapı və pəncərələri açın;
- Çirklənmiş otağa girişi bağlayın;
- Uşaqların tərkibində civə olan əşyalarla, xüsusilə civəli termometrlərlə oynaması təhlükəlidir;
- Yığılmış civəni qızdırıcı cihazların yanında hətta qısa müddətdə belə saxlamaq məsləhət görülmür.


Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru




Ana səhifəyə qayıt        Baxış: 2 734          Tarix: 30-11-2017, 19:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma