Xəbər lenti

 

Son vaxtlar burun əməliyyatı zamanı ölüm hallarının baş verməsinə tez-tez rast gəlirik. Ötən gün Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı Sevinc Qəribovanın cərrah İdrak Əhmədov tərəfindən əməliyyatı nəticəsində dünyasını dəyişməsi bu məsələni bir daha gündəmə gətirib.

Tibb elmləri üzrə fəlsəfə doktoru, lor cərrah Kamil Cəfərov Axar.az-a müsahibəsində burun əməliyyatlı ilə bağlı mühüm məqamları açıqlayıb.

- Burun əməliyyatlarının bəzilərinin ölümlə nəticələnməsinin səbəbi nədir?

- Plastik burun əməliyyatlarında daha çox həkim səhlənkarlığı səbəbindən ölüm halları baş verir. Çəpər əyriliyi əməliyyatı zamanı baş verən ölüm halları isə burunda əyriliyin kəskin olması və sümüyün çıxarılması zamanı arteriyaların zədələnməsi nəticəsində baş verən qanaxmalar səbəbindən olur.

- Müqayisə etsək, bu gün ən çox ölüm halları hansı əməliyyat zamanı baş verir?

- Çəpər əyriliyi ilə bağlı edilən əməliyyatlarda ölüm hallarının olma ehtimalı çoxdur. Bu əməliyyat zamanı xəstə əksər hallarda qanaxmadan ölür. Plastik burun əməliyyatlarında isə çox az hallarda ölüm faktı baş verir. Bunun səbəbi də qeyd etdiyim kimi, həkim səhlənkarlığı olur. Bəzi həkimlər hətta çəpər əyriliyi zamanı xəstəni plastik əməliyyat olmağa meyilləndirir. Onlar xəstələrə lazım olan diqqəti göstərmir. Plastik burun əməliyyatları normalda 4 saat çəkməlidir. Lakin bizim həkimlər eyni gündə bir neçə əməliyyata daxil olurlar və 2 saata işlərini tamamlayırlar. Bəziləri özlərini peşəkar hesab edərək bu addımı atırlar, bəziləri də çox pul qazanmaq üçün. Normalda həkim bir həftədə ən çoxu 4 burun əməliyyatı icra etməlidir. Bu, hobbi deyil, insan həyatıdır.

- Plastik burun əməliyyatı üçün yaş həddi neçədir?

- Əslində, burun əməliyyatları üçün konkret yaş həddi yoxdur. Bu, xəstənin formalaşmasından asılıdır. Ümumilikdə isə 18-25 yaş aralığında olanların plastik burun əməliyyatı etdirməsini doğru hesab etmirəm. Bu yaşda olan xəstə müraciət edərsə, həkimlər mütləq əməliyyatdan əvvəl nevropatoloqdan və psixiatrdan düzgün rəy verilməsini tələb etməlidirlər.

- Burun əməliyyatından öncə xəstələr hansı qaydalara riayət etməlidir?

- Bəzən deyirlər ki, burun əməliyyatından əvvəl siqaret və spirtli içkilər qəbul etmək olmaz. Onsuz da pasiyentlər buna əməl etməyəcək. Nikotin asılılıq yaratdığı üçün orqanizm onu tələb edəcək, buna görə də bu qadağanın qoyulmasının heç bir nəticəsi olmayacaq. Eləcə də xanımlar üçün qoyulan kosmetikadan istifadə qadağası da buna daxildir. Xanımlardan heç biri əməliyyatdan 10-15 gün qabaq kosmetikadan imtina etmir. Faktiki olaraq buna riayət edən yoxdur. Biz hətta plastik əməliyyatdan sonra siqaret çəkilməsini qadağan etsək də, 3 gün sonra pasiyentlər ondan istifadə edirlər.

Əməliyyatdan əvvəl qan duruldan dərmanların qəbul edilməsi qəti qadağandır. Burun əməliyyatına girməzdən əvvəl xəstələr müayinə edilir. Bu müayinə zamanı qanda problem aşkarlanarsa, aradan qaldırılmalı və xəstə təkrar müayinədən keçirilməlidir.

- Plastik burun əməliyyatlarının qiymətləri təxminən nə qədərdir?

- Qiymətlər barədə konkret söz demək çətindir. Çünki hər həkimin öz qiyməti var.

- Bu əməliyyat üçün daha çox kişilər müraciət edir, yoxsa qadınlar?

- Son zamanlar daha çox kişilər plastik burun əməliyyatı üçün müraciət edir. \\Medicina.az  




Ana səhifəyə qayıt        Baxış: 594          Tarix: 7-09-2019, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma