Xəbər lenti

Ötən ilin sonlarından demək olar dünyanı cənginə alan koronavirus epidemiyası ilə bağlı əksər ölkələr sərhədlərini başlayıb, önləyici tədbirlər görür. Azərbaycanda hələ bu virusa yoluxma halı qeydə alınmasa da, ictimai yerlərdə önləyici profilaktik tədbirlər görülür.

Axar.az xəbər verir ki, Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar ümumi təhsil müəssisələrində tibb otaqlarının zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılmasıni tapşırıb. Həmçinin, məktəblərin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması və aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması tapşırığı verilib.

Məktəblilərə tibbi maskalardan və tibbi spirtlərdən istifadə etmək, dərs vaxtı az kontaktda olmaq tapşırılıb.

Sıxlığın çox olduğu yerlərdə də sanita6r-gigiyenik tədbirlər həyata keçirilib. Belə ki, Bakı Metropoliteni QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə qatarlarda dezinfeksiya tədbirlərinə başlayıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunur. Epidemiyaya qarşı işlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda aparılacaq. Həmçinin, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənir.

Əhalinin çox istifadə etdiyi digər ictimai nəqliyyat vasitəsi olan avtobuslarda da tədbirlər gücləndirilib. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ümumilikdə kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayanda start verilib.

Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, dəmir yolunda da koronavirusla əlaqədar olaraq sanitariya-epidemioloji tədbirlər gücləndirilib. Dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Sərhəd-keçid məntəqələrindən ölkəmizə daxil olan yük qatarlarının bütün vaqonları, eləcə də, ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları (sərnişinlər vaqonları tərk edəndən sonra) hər gün dezinfeksiya olunur.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib.

Həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında da virusun yayıldığı ölkəyə gediş və gəlişlə bağlı vəziyyət nəzarətə götürülüb. Azərbaycan Beynəlxalq Hava limanında koronaviruslu sərnişinin olduğu güman edilən təyyarələr üçün karantin meydançaları hazırlanıb.

Bundan əlavə, hava limanlarında Azərbaycan gömrük orqanları tərəfindən müvafiq işlər görülür və Heydər Əliyev adına Beynəlxalq Aeroportun buraxılış məntəqələrində nəzarət gücləndirilib. Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı kimi simptomları olan insanların müəyyən edilməsi üçün termometriya, tibbi müayinə, vizual müayinə və digər diaqnostik metodlardan, həmçinin teplovizorlardan (insan bədəninin hərarətini məsafədən müəyyən edən cihaz) istifadə gücləndirilmiş rejimdə aparılır.

Axar.az




Ana səhifəyə qayıt        Baxış: 251          Tarix: 27-02-2020, 11:16      


Paylaş: