Xəbər lenti

Azərbaycanda son yoluxanların sayı 714 nəfər olub, 7 nəfər dünyasını dəyişib; mütəxəssislər koronavirusun eşitmə duyğusuna da təsir etdiyini bildirirlər...

Dünyada koronavirusa yoluxma halları artmaqda davam edir. Nəticə olaraq, bir çox Avropa ölkələrində karantin rejimi sərtləşdirilib.
Belə ki, biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 41 milyon 105 min 111 nəfərdir. İndiyədək 1 milyon 130 min 619 nəfər koronavirusdan dünyasını dəyişib. Müalicə alaraq sağalanların sayı isə 30 milyon 659 min 593 nəfərdir.
Dünyada COVİD-19-a gündəlik yoluxma sayında artım olsa da, ölüm sayı ilə bağlı statistikada əksi yaşanır. Belə ki, əgər aprel ayında dünyada 1 gündə koronavirusa yoluxanların sayı 80-100 min nəfər idisə, hazırda bu rəqəm 300-400 min arasındadır.

Ölüm sayı ilə bağlı eyni ayların müqayisəsini apardıqda isə aşağıdakıları görürük. Belə ki, əgər aprel ayında dünyada 1 gündə koronavirusdan 7-7.5 min arası adam ölürdüsə, hazırda bu say 5-7 min arasında dəyişir.
Dünya ölkələri arasında ən çox yoluxma halı ABŞ-dadır. Supergüc ölkə aylardır ki, koronavirusdan əziyyət çəkir və hələ də bunun qarşısını almaqda acizdir. Oktyabrın 20-də ABŞ-da 62 min 72 adam yoluxub, 952 adam isə dünyasını dəyişib. İndiyə qədər ABŞ-da 8 milyon 520 min 950 nəfər koronavirusa yoluxub.

Dünyada yoluxma sayına görə ikinci yerdə Hindistan gəlir. Bu ölkədə də yuxarıda qeyd etdiyimiz tarixdə 54 min 422 nəfər yoluxub, 714 nəfər ölüb. Cədvəldə üçüncü olan Braziliyada 20 oktyabrda 23 min 690 nəfər yoluxub, 662 nəfər isə dünyasını dəyişib.
Vaksinin hazırlanmasına gəlincə isə “Amerikanın səsi” yazıb ki, əczaçılıq nəhəngi Pfizer cümə günü məlumat paylaşıb ki, noyabr ayının sonuna qədər koronavirus peyvəndinin təcili istifadəsinə icazə istəməyəcək.
Peyvənd hazırlayan digər iki şirkətin işi dayandırılıb, dördüncünün isə ilin sonuna qədər nəticəsi olacağı ehtimalı yoxdur.

Azərbaycanda durum necədir?
Azərbaycanda da son günlər koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir. Belə ki, oktyabrın 21-nə olan məlumata görə, Azərbaycanda  koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər isə COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb.
Həkimlər bildirirlər ki, koronavirusa yoluxma sayının bu qədər artması havanın soyuması ilə əlaqədardır. Hesab edilir ki, soyuq havada insanlar qapalı məkanlarda olurlar və təmas artır. İnsanların karantin qaydalarına əməl etməməsi isə yoluxma sayının artmasına ciddi təsir edir. Professor Adil Qeybulla bildirib ki, yoluxma sayında artım yanvar ayından sonra azalacaq.

Dünyada isə koronavirusun insan orqanizminə vurduğu yeni fəsadlar tapılır. Belə ki, koronavirusa yoluxan 45 yaşlı bir britaniyalı eşitmə qabiliyyətini tamamilə itirib. “BBC Azərbaycanca” yazıb ki, həkimlərin təbirincə, bu, onların tibbi praktikalarında ilk belə haldır.
Virus infeksiyasından sonra bəzi hallarda xəstədə gözlənilmədən eşitmə qabiliyyətinin itkisi müşahidə edilə bilər, lakin koronavirusla bağlı belə bir hal tibbi praktikada indiyə qədər qeydə alınmamışdı.

Otorinolarinqoloqlar hesab edir ki, steroid preparatlarının vaxtında qəbul edilməsi ilə eşitmə qabiliyyəti itkisinin qarşısını almaq mümkündür.
Mütəxəssislər hesab edirlər ki, müəyyən növ ağciyər hüceyrələrinə virusun yol tapması həmin hüceyrələrin səthindəki reseptorlara görə baş verir və beləliklə, koronavirusa yoluxma başlayır.

Lakin eyni reseptorlar orta qulağı örtən hüceyrələrin səthində də yerləşir.
Odur ki, indi həkimlər koronavirus xəstələrinin eşitmə problemlərinə xüsusi diqqət yetirmələri və uzunmüddətli eşitmə itkisinin qarşısını almaq üçün, xəstənin eşitmə qabiliyyətində gözlənilmədən pozuntu baş verdikdə, onun dərhal müvafiq mütəxəssislərə göndərilməsi tövsiyə olunur.

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 2 023          Tarix: 22-10-2020, 10:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma