Xəbər lenti

Ötən il 3030 nəfər azərbaycanlı qaçqın statusu almaq üçün Almaniya hökumətinə müraciət edib.Məlumatı “Legat” İnteqrasiya Mərkəzi yayıb. Məlumatda bildirilir ki, bu rəqəm 2016-ci ildə müraciət edənlərlə müqayisədə 1720 nəfər azdır. Belə ki, 2016-ci ildə qacqın statusu üçün müraciət edən azərbaycanlıların sayı 4750 nəfər olub. 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər azərbaycanlı qaçqın statusu üçün Almaniyaya üz tutub.

Məlumatda o da deyilir ki, qonşu ölkələr – Ermənistanın və Gürcüstanın qaçqın statusu üçün müraciət edən vətəndaşlarının sayı Azərbaycandan gələnlərlə müqaisədə daha çoxdur. 2018-ci ilin statistikasına görə isə Gürcüstan vətəndaşlarının sayı daha sürətlə artıb. Belə ki, 2018-ci ilin ilk iki ayı ərzində həmin ölkədən gələnlərin sayı 745 nəfər olub.

2018-ci ilin yanvarına olan məlumata görəsə, ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib. Həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb. Hava limanlarında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.

“85 azərbaycanlı Dublin Konvensiyasına uyğun olaraq Avropa İttifaqında gəldikləri ilk Şengen dövlətinə göndəriliblər. Onların 27-si 18 yaşına çatmamış şəxslər olub. Sığınacaqla bağlı mənfi cavabı alan 333 azərbaycanlı Almaniyanı könüllü olaraq tərk edib. 269 Azərbaycan vətəndaşı isə Almaniya hökumətinin həyata keçirdiyi Repatriasiya Proqramı çərçivəsində maliyyə yardımı müqabilində ölkəni könüllü tərk etməyə razı olublar. Bundan başqa, ötən ilin ilk yarısında altı azərbaycanlı Almaniya hava limanlarındakı sərhəd buraxılış məntəqələrindən, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb” – məlumatda bildirilir.

2016-cı ildə isə sığınacaq müraciətinə mənfi cavab alan 93 azərbaycanlı ölkədən deportasiya edilib. Onların 87 nəfəri təyyarə ilə Azərbaycana, yerdə qalanları isə başqa ölkələrə göndərilib.

2016-cı ildə də hava limanlarında polisə göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə halı qəfil pisləşdiyi üçün deportasiyası təxirə salınıb(azadlıq.info).

 




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 24-03-2018, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma