Xəbər lenti

 

Tanınmış politoloq Elçin Mirzəbəyli Bakı Nəqliyyat Agentliyini qanunsuz parklanma ilə mübarizədə səriştəsiz davranmaqda ittiham edib.

Axar.az xəbər verir ki, politoloq bu barədə Feysbuk hesabında yazıb. O bildirib ki, Azərbaycanda qanunların işləmədiyi ərazi və zaman kəsiyi yoxdur:

“Bakı Nəqliyyat Agentliyinin çox hörmətli rəsmilərinə sualım: Cümə namazı, yaxud digər dini ayinlər nəqliyyat vasitələrinin sahiblərini inzibati məsuliyyətdən azad edir, ya yox? Əgər etmirsə, hər həftənin cümə günü Mətbuat və İnşaatçılar prospektlərinin ərazisində yerləşən məscidlərə yaxın yolların, o cümlədən Mirəli Seyidov küçəsi boyu nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə, eləcə 2, bəzən 3 sıra parklanmasına nə üçün göz yumulur və onların sahibləri hansı səbəblərdən cərimələnmir? Əgər cərimələnirsə, o zaman nə üçün eyni qanun pozuntusu hər həftənin cümə günü və bir neçə saat ərzində davam edir? Bakı Nəqliyyat Agentliyinin hesablama maşınının sürətini nəzərə alsaq, belə nəqliyyat vasitələrinin sahiblərinin hər biri hər dəfə bir neçə yüz manat cərimə ödəməlidir. Bu isə inandırıcı görünmür”.

Politoloq bildirib ki, niyə bu adamlara izah edilmir ki, onlar hüquqi dövlətdə yaşayırlar və qanunlara əməl etməlidirlər:

“Nə üçün adi günlərdə nəqliyyat vasitələrini həmin ərazilərdə hətta bir neçə dəqiqəliyə saxlayan şəxslərə cərimə yazılır, amma cümə günü baş verən kütləvi hüquq pozuntusuna göz yumulur? Bilirəm ki, bu suallarım dövlət, hüquq, qanun anlayışı olmayan bəzi “yüksək” intellekt sahiblərinin xoşuna gəlməyəcək”.




Ana səhifəyə qayıt        Baxış: 337          Tarix: 6-09-2019, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma