Xəbər lenti

İyunun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk dəfə telefon danışığı aparıb. Ərdoğanın ofisindən yayılan rəsmi məlumatda bildirilir ki, hər iki lider bir sıra məsələlərdə razılaşma əldə edib. Bu razılığa görə, üçüncü ölkələrin vətəndaşları Ermənistan-Türkiyə sərhədindən istifadə imkanı əldə edəcəklər.

Bundan başqa Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. Liderlər Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə də razılığa gəliblər.

Politoloq Elxan Şahinoğlu bildirir ki, bunları ikitərəfli dialoqda və danışıqlarda kiçik irəliləyiş saymaq olar. Onun sözlərinə görə, bu irəliləyişi iki dövlətin liderləri vurğulamalı idilər və bunun üçün telefon danışığına ehtiyac var idi: “Yaxın gələcəkdə iki ölkə liderinin beynəlxalq konfrans çərçivəsində görüşəcəyi də istisna deyil. Böyük ehtimalla bu görüşü hazırlamaq üçün hər iki ölkənin diplomatlarına tapşırıq verilib”.

Erməni mətbuatı bir neçə gün öncə belə bir xəbər yaymışdı ki, Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq üçün Kreml sahibindən icazə istəyib. Putin Ankara-İrəvan dialoqunun əleyhinə olmadığından liderlərin telefon danışığına müsbət yanaşıb.

Qeyd edək ki, Paşinyanla telefon danışığından sonra Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparıb. E.Şahinoğlu qeyd edir ki, rəsmi xəbərlərdə Putinlə Ərdoğanın telefon danışığında BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhliz planının və Ukraynadakı durumun müzakirə edildiyi bildirilsə də, Ankaranın İrəvanla apardığı dialoqun mövcud vəziyyəti barədə də fikir mübadiləsinin olduğu şəksizdir.

Bu gedişatın Azərbaycanla hansı əlaqəsi var? 

Təhlilçi bir neçə məqama diqqət çəkir: “Birincisi, Ankara İrəvanla təmaslarını Bakı ilə əlaqəli şəkildə həyata keçirir. Bu isə o deməkdir ki, Bakı Ankara ilə İrəvan arasındakı son razılaşmaların və liderlərin telefon danışıqlarının əleyhinə deyil.

İkincisi, bölgədə gərginliyin azalması üçün Ərdoğanın irəli sürdüyü 3+3 platformasının işlək olmasına ehtiyac var. Bu məqsədlə Ankara-İrəvan dialoqu zəruridir. Ancaq bu o demək deyil ki, bu dialoq bütün istiqamətlərdə müsbət nəticələr verəcək. Ümumi gedişatın müsbət nəticələnməsi üçün Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, hər iki ölkəyə qarşı ərazi iddialarından və separatizmi dəstəkləməkdən vaz keçməlidir. Bu baş verməyincə, ümumi nəticə müsbət olmayacaq”.

Politoloq Fərhad Məmmədov isə bildirir ki, Rusiya üçün Ermənistan-Türkiyə münasibətlərinin orta müddətli normallaşması regionda tarazlığın Türkiyənin xeyrinə pozulmasıdır. Onun sözlərinə görə, 44 günlük müharibənin nəticələri belə strateji balansı pozmadı, əksinə, buna şərait yaratdı. “Türkiyə bölgədə güclənib ki, digər şəkildə tərəfdaş siyahısında yer alıb”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması geri dönməz olarsa, o zaman Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına getməli olacaq ki, bu da ön şərtlər yarada bilər. Bununla belə problemlərin tam həlli indiki mərhələdə mümkün deyil: “Deməli Türkiyə Prezidenti və Baş nazir arasında aparılan danışıqlar, məncə, Azərbaycan və Ermənistan arasında olan problemlərin həllində güc ssenarisini müəyyən müddətə təxirə salır, amma ləğv etməyib. Çünki razılaşma ilə heç bir qərar qəbul olunmayıb.

Ümumiyyətlə, Türkiyə regional proseslərdə nə qədər çox olacaqsa, proseslər bizim üçün bir o qədər proqnozlaşdırıla bilən olacaq.

Azərbaycanın Rusiya-Avropa İttifaqı vasitəçiliyinə qoşulması, konstruktiv yolla prosesi münaqişəli vasitəçilikdən çıxarmaq, bunlarla yanaşı gedişatı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə sinxronlaşdırmaq kimi çətin, lakin əlçatan vəzifələri həll etmək üçün Azərbaycan Prezidentinin strateji problemlərin həllində ən mürəkkəb çoxşaxəli vəzifələrin həyata keçirilməsi üzrə təcrübəsini və bacarığını bilirik. Artıq Ermənistanda Paşinyanın vaxt qazanmaq üçün güvənə biləcəyi heç bir müqavimət qalmayıb”.

F.Məmmədov vurğulayıb ki, müharibənin bitməsindən sonra keçən bir il yarımda sülh gündəmini irəli sürmək fürsətinin yarandığı bir neçə dövr olub, amma bu fürsətlər əldən verilib. “Bu dəfə artıq şəxsi ünsiyyət faktoru var... Bundan sonra qərarlar qəbul edilməsi daha asandır”.

Rasim Əliyev

“AzPolitika.info”




Ana səhifəyə qayıt        Baxış: 3 534          Tarix: 13-07-2022, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma