Xəbər lenti

Çin suverenlik mübahisəsi olduğu Tayvan lideri Tsay İnq-venin Nyu-Yorka səfərinə görə ABŞ-a etiraz edib. Çinin verdiyi açıqlamada Tayvan probleminin Çinin əsas maraq dairəsini əhatə etdiyi və bunun ABŞ-Çin münasibətlərində “qırmızı xətti” olduğu vurğulanıb.

Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında, ABŞ-ın Tsainin "tranzit səfəri" adı altında ölkədə siyasi təmaslar aparmasına icazə verərək, Tayvanla əlaqələrin səviyyəsini artırdığını deyib.

Mao Çinin ABŞ və Tayvan arasında hər hansı rəsmi əlaqəyə qarşı olduğunu ifadə edib: "Çinin bütün xəbərdarlıqlarına və etirazlarına baxmayaraq, ABŞ Tsai İnq-venə sözdə "tranzit" səfər etməkdə israr etdi. Biz bu münasibəti şiddətlə qınayır və etiraz edirik”.

Mao bildirib ki, səfər “bir Çin” prinsipini və Birləşmiş Ştatlar və Çin arasında diplomatik əlaqələrin əsasını təşkil edən Üç Birgə Bəyannamənin müddəalarını pozur, Çinin suverenliyi və ərazi bütövlüyünə xələl gətirir və Tayvanın müstəqilliyini müdafiə edən separatçılara yanlış mesaj verir.

Nazirliyin sözçüsü Tayvan məsələsinin Çinin əsas marağı olduğunu və ABŞ-Çin münasibətlərinin keçilməməsi lazım olan “qırmızı xətti” olduğunu təkrarlayıb:

“Bu hadisə ABŞ-ın Tayvan hakimiyyətinin “müstəqillik” cəhdlərinə dəstəyini bir daha nümayiş etdirir. ABŞ-da bəziləri Tayvanı istifadə edərək Çini nəzarət altına almağa çalışır".

Mao vurğulayıb ki, Çin vəziyyəti diqqətlə izləyir və öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək.

Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında yaranan qarşıdurma vətəndaş müharibəsindən indiyə kimi davam edir.

Pekin “vahid Çin” prinsipini vurğulayaraq, Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.




Ana səhifəyə qayıt        Baxış: 2 992          Tarix: 31-03-2023, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma