Xəbər lenti

DAK-dan sərt təpki; milli fəal Cəmşid Zareyi: “Güney azərbaycanlılar heç bir zaman icazə verməz ki...”

Rəsmi Tehran Təbrizdə Ermənistan konsulluğunun açılacağını bəyan etsə də, hələ ki bu məsələdə qərar yoxdur.

Erməni yaşamayan şəhərdə Ermənistan konsulluğunun açılması, şübhəsiz, İranın Azərbaycana qarşı xoş olmayan niyyəti ilə izah edilir. 

Bu arada Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviz Nian bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan İranla münasibətlərini normallaşdırmağa çalışsa da, rəsmi Tehran öz hərəkətləri ilə ölkələrarası münasibətlərin normallaşması prosesinə balta vurur:

“Azərbaycan xalqı son 30 ildə adını müsəlman dövləti qoyan İran molla rejiminin bütün iqtisadi, siyasi, hərbi və enerji gücü ilə düşmən Ermənistanı necə müdafiə etdiyinin şahididir. Müsəlman məscidində donuz saxlayan Ermənistan üçün pulsuz raket verdiklərini də çox yaxşı bilirik. Zəngəzur dəhlizinin açılmasını birmənalı şərt kimi qoyan Azərbaycana qarşı ən sərt mövqe məhz İrandan göstərildi. Din altında pərdələnən rejim "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" deyib, Azərbaycanı hədəf aldı.

Ardınca Azərbaycanla sərhəddə, Qafan şəhərində İranın konsulluğunu açmaqla Tehran rəhbərliyi Türk Dünyasının mühüm körpüsü olan Zəngəzur dəhlizində, Azərbaycan sərhədində və Azərbaycan türklərinin yaşadığı bölgələrdə Ermənistanla diplomatik nəzarəti əldə saxlamaq niyyətini ortaya qoydu. İndi isə əhalisinin əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi Təbriz şəhərində baş konsulluğun açılması açıqdan-açığa Azərbaycan dövlətinə, Azərbaycan türklərinə qarşı mesajdır".

DAK konsulluq açılması üçün seçilmiş şəhərin Təbriz olmasına xüsusi diqqət çəkir: “Əhalisinin təxminən 95 faizini Azərbaycan türkləri təşkil edən Təbriz şəhərində Ermənistanın baş konsulluğuna heç bir mənada lüzum yoxdur və məntiqsiz bir addımdır. Çünki Təbriz azərbaycanlıların yaşadığı şəhərdir və orada ermənilər barmaqla sayılacaq qədərdir. Belə olan halda Təbrizdə Ermənistan konsulluğunun xidmətlərindən kim yararlanacaq? Demək olar ki, heç kim. Demək, bu addımın kökündə siyasi məqsədlər dayanır”.

Bəyanatda habelə qeyd olunur ki, Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli olduğu halda, Ermənistan üçün İranda bütün qapılar açıqdır: “Dünya Azərbaycanlıları Konqresi Təbrizdə Ermənistan konsulluğunun açılmasını qətiyyətlə pisləyir və Tehran rejimini xəbərdar edir ki, bu addım Arazın güneyində yaşayan 40 milyonluq Azərbaycan türkünün sərt təpkisi ilə qarşılanacaq və bunun cavabı ağır olacaq”.

Bəs bu reaksiyalar ciddiyə alınacaqmı, konsulluq açılmaya bilərmi?

Siyasi şərhçi Elxan Şahinoğlu mövzu ilə bağlı dedi ki, İran və Ermənistan bu məsələ ilə bağlı hələ ki götür-qoy edir, çünki Azərbaycanın və azərbaycanlıların reaksiyasını gördülər: “Həqiqətən də Azərbaycanın qədim şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılması həm Azərbaycan, həm də bütün azərbaycanlılara qarşı atılan addımdır. Doğrudur, onlar deyə bilərlər ki, Azərbaycan öz torpaqlarını azad etdi, artıq Ermənistanla heç bir problem yoxdur, danışıqlar gedir, sülh sazişi imzalana bilər. Amma bu o demək deyil ki, biz Ermənistanla bütün məsələləri həll etmişik. Azərbaycan torpaqları 30 il işğal altında olub, kənd-qəsəbələrimiz darmadağın edilib, Xocalı və digər soyqırımlar törədilib və bütün bunlar tez bir zamanda unudulmayacaq. Ona görə də Təbrizdə Ermənistan konsulluğunun açılması bizim haqlı narazılığımıza səbəb olub.  

Azərbaycan Təbrizdə konsulluq açmaq istəyəndə İran bizi 12 il gözlətdi. Halbuki İranın artıq Naxçıvanda konsulluğu var idi və “bu gün, sabah” deyə-deyə bu məsələni 12 il uzatmışdılar. Amma indi Ermənistanla bağlı məsələni daha sürətlə həll edirlər.

Hesab edirəm ki, İran və Ermənistan bu məsələni çox da ləngitməyəcək. Çünki məlum olduğu kimi, 2022-ci ildə Ermənistanın Qafan şəhərində İranın baş konsulluğu açılıb. Buna görə də indi İran bir addım atmalıdır. Bəs niyə məhz Təbriz şəhəri, axı İranın çox sayda şəhəri var ki, konsulluq orada açıla bilər? Hər kəsə məlumdur ki, Təbrizdə çox az sayda erməni yaşayır. Sanki qəsdən Təbriz seçilib və beləliklə, bu, Azərbaycan və azərbaycanlılara qarşı atılmış addımdır. İndi bu məsələ gecikirsə, demək ki, həm o taydan, həm də bu taydan azərbaycanlıların etirazını görürlər və bəlkə də “Təbrizdə Ermənistan konsulluğu açmağa dəyərmi”, - deyə götür-qoy edirlər.

Əgər konsulluq Təbrizdə deyil, başqa şəhərdə açılarsa, bu, İrandakı azərbaycanlıların qələbəsi olacaq ki, onların etiraz səsi eşidildi. Yox, əgər son qərar kimi Təbrizdə açılsa, demək ki, Azərbaycan və azərbaycanlılara qarşı məkrli siyasət davam edir. 

Ermənistan bilməlidir ki, Təbriz qədim Azərbaycan şəhəridir. İranda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı  törətdiyi vəhşilikləri görüb. Buna görə də Ermənistan elə düşünməsin ki, Təbrizdə konsulluq açarlarsa, onların diplomatik fəaliyyətləri rahat şəkildə gedəcək. Təbii ki, müxtəlif problem və etirazlarla qarşılaşacaqlar. Bunu gərək Ermənistan da hesablasın".

Təbrizdə olan milli fəal Cəmşid Zareyi dedi ki, güney azərbaycanlılar heç bir zaman icazə verməz ki, Təbriz şəhərində Ermənistan konsulluğu açılsın: “Ermənilərin həm Quzeydə, həm də Güneydə törətdiyi soyqırımlar, vəhşiliklər bizim yaddaşımızdan silinməyib və silinməyəcək də. Ermənilər təkcə Quzeydə deyil, Urmiyada, Salmasda, Xoyda, Makuda azərbaycanlılara qarşı soyqırımlar törədib. Bu baxımdan, ermənilər də yaxşı bilir ki, Təbrizdə onların konsulluğu açılarsa, bizim camaat rahat dayanmayacaq. Daim konsulluq qarşısında ermənilərin törətdikləri soyqırım və vəhşiliklərlə bağlı etirazlar keçiriləcək. Yəni Təbriz camaatı Ermənistan konsulluğunu bir gün belə rahat nəfəs almağa qoymaz. Bu baxımdan, hesab edirəm ki, Təbrizdə Ermənistan konsulluğu açılmayacaq. Bundan əvvəl də dəfələrlə hər 2-3 ildən bir bu cür bəyanatlar verilib. Amma sonda bu bəyanatın üstünü bağlayıb, bir kənara qoyublar. Çünki Təbriz camaatını yaxşı tanıyırlar”.

Xalidə GƏRAY,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 357          Tarix: 17-01-2024, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma