İranda vəziyyət gərginləşəcəkmi, İran azərbaycanlıları nə düşünür və necə davranır? Axı İran uzun müddətdir “fırtınaya” məruz qalıb, etirazlar ötən ilin noyabrında da, ondan əvvəlki illərdə də olmuşdu.
Media.Az-ın suallarını iranlı analitik və jurnalist Xəyal Müəzzin cavablandırır.
- İndi İranda vəziyyət necədir, etirazlar davam edirmi?
- İranda gərginlik qalmaqdadır. Polis və “Bəsic” nümayəndələri (İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tərkibinə daxil olan yarım hərbi qüvvələr - red.) təhlükəsizliyə nəzarət edirlər. İİKK-nin rolu böyükdür, bunu vurğulamaq lazımdır.
İngiltərə səfiri Robert Makeyrin tələbə etirazında görünməsi də diqqət çəkən məqamlardandır. Yeri gəlmişkən, etirazlar Qərb mediası tərəfindən işıqlandırıldı, lakin “narazılıq alovu” bölgələrə getməyəcək.
- İranın azərbaycanlı əhalisi etirazlarda iştirak etmirmi?
- İran azərbaycanlıları İİR-in Ali Rəhbərini dəstəkləyir və bildiyiniz kimi, İran İslam Respublikasının yaranmasında azərbaycanlıların rolu çox böyükdür. Azərbaycanlılar etirazlarda iştirak etmirlər.
- İranda proqnozlar necədir? Bundan sonra nə olacaq? Müharibə gözlənilirmi?
- Bir daha qeyd edirəm ki, İranda vəziyyət, o cümlədən, iqtisadiyyatda mürəkkəb olaraq qalır. Ancaq xalq əksər hallarda birdir, qələbə bizim olacaq. Ali Liderimizin yanında olmalıyıq.
Əlbəttə ki, narazı olanlar da var. Sanksiyalar (Qərb - red.) var, amma insanlar buna öyrəşiblər. Ümumiyyətlə, İranla ABŞ arasında müharibə uzun illərdir davam edir. İndi isə ABŞ ilk dəfə olaraq raket zərbəsi aldı.
Bu, cavab və birbaşa xəbərdarlıq idi: “İstədiyimiz zaman sizi vura bilərik”. Lakin İran müharibəyə başlamaq və “ABŞ-ın böyük oyunu”na qoşulmaq niyyətində deyil. Müharibə vəziyyətində Azərbaycana və Türkiyəyə qaçqın axınının qarşısını almaq mümkün olmayacağını başa düşürük.
Bundan əlavə, İŞİD terrorçuları İranın qonşu ölkələrində vəziyyətin kəskinləşməsini gözləyirlər. Onlar Türkiyənin, Azərbaycanın, Qafqazın və ümumiyyətlə, Rusiyanın “alovlara bürünməsini” arzulayırlar. Ancaq İran İslam Respublikası buna getməyəcək!
- Belə anlayıram ki, İran üçün qonşu dövlətlərlə, ilk növbədə Azərbaycanla dostluq əlaqələri vacibdir.
- Əlbəttə! Və bu əlaqələr hər iki tərəf üçün çox vacibdir. Bu çətin dövrlərdə əməkdaşlığı genişləndirmək lazımdır. İran qardaş ölkə hesab edərək, Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.
Eynilə Azərbaycan İrana da dəyər verir. Ancaq media, sosial şəbəkələrdən istifadə edərək əlaqələrimizi məhv etmək istəyən bəzi qüvvələr var. Vurğulayım ki, yaxşı qonşularda baş verən bəlaya sevinmək olmaz.