Xəbər lenti

Bakı Ali Neft Məktəbində (BANM)  Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə BANM-dan Strateq.az-a məlumat verilib.  Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 Daha sonra tədbiri öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. E.Qasımov ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.

 Tədbirdə  Ali Məktəbin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Fərdin Vətəni və Ramal Nadirov Xocalı soyqırımına həsr olunmuş prezentasiya ilə çıxış ediblər. Gənclər  bu dəhşətli soyqırımın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 130 uşağın isə valideynlərindən birini itirdiyini bildiriblər. Soyqırım günü 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Gənclər bu soyqırımın erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş terror aktı kimi bütün dünyaya tanıdılması üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər və bütün tələbələri bu məqsəd uğrunda birləşməyə çağırıblar.   

 Xocalı soyqırımının ildönümü münasibətilə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və administrativ kollektivi Xocalı prospektində Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış  “Ana fəryadı” abidəsini də ziyarət ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 26-02-2018, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma