Xəbər lenti

Qida rasionunun bir hissəsini süd məhsulları təşkil edir. Həkim və diyetoloqlar həmin məhsulların faydalı olduğunu bildirirlər. Xüsusilə uşaqların qida rasionunda süd məhsullarının olması onların sağlam böyüməsi üçün nəzərdə tutulan vacib şərtlərdən biridir.

Azərtac xəbər verir ki, bütün bunlarla yanaşı, süd məhsullarından istifadə zamanı bəzi məsələlərə fikir vermək lazımdır.

Süd məhsullarından sayılan pendirin emalı düzgün aparılmadıqda, o, orqanizmdə bruselyoz xəstəliyinin yaranmasına səbəb olur. Bruselyoz xəstəliyi ilk olaraq iki min il əvvəl Romada qeydə alınıb. Xəstəliyin əlamətləri yüksək hərarət, oynaq ağrıları və ürəkbulanma ilə müşayiət olunur.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin həkimi Tahir Abdullayevin dediyinə görə, pendir alarkən və ondan istifadə edərkən mütləq məhsulun duzluluğuna fikir vermək lazımdır. Belə ki, duzsuz pendirin yetişməmiş olması bruselyoz yarada bilər: “ Bruselyoz xəstəliyi əsasən oynaqlarda güclü ağrılara səbəb olur və tam müalicə edilmir. Ona görə də duzlu pendirlərdən istifadə olunması məsləhət görülür”.

Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri də xəbərdarlıq edirlər ki, ən sağlam pendir yağı azaldılmış və yağsız süddən alınır. Həmin pendirlərlə qidalandıqda bruselyoza tutulmaq ehtimalı çox aşağı olur. Bruselyoz xəstəliyinə süd və süd məhsulları ilə yanaşı, baytarlıq nəzarətindən keçməmiş iri və xırda buynuzlu heyvanların tam bişirilməyən ətindən də yoluxmaq mümkündür. Bu səbəbdən heyvanların daxili orqanlarını alarkən baytarlıq müəssisəsinin sağlamlıq haqqında sertifikatını tələb etmək mütləqdir.

 




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 9-06-2018, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma