Xəbər lenti

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovadan uzun müddətdir ki, xəbər yoxdur. Bəzi iddialara görə, sənətkarın səhhətində problemlər yaranıb.

Modern.az saytı iddialara cavab almaq üçün oğlu Ramin Babayevlə əlaqə saxlayıb. Ramin Babayev saytımıza açıqlamasında deyib ki, anasının səhhəti normaldır və o, sənəti ilə məşğuldur.

“Bilirəm ki, Zeynəb Xanlarova ilə hamı maraqlanır. Araya bir az sükut çökən kimi şayiələr yayılır. Övladı olaraq deyə bilərəm ki, anamın səhhəti çox yaxşıdır. Yay boyunca həm istirahət edib, həm də sənəti ilə məşğul olub. Gah Amerikada, gah da Türkiyədə olur. Bu yaxınlarda Türkiyənin paytaxtı Ankara da daxil olmaqla, bir neçə şəhərdən konsert verməsi ilə bağlı təkliflər gəlib. Çalışır ki, təklifləri cavabsız qoymasın, konsertlər versin. Demək olar ki, Zeynəb xanım tez-tez Azərbaycana gəlib-gedir. Yeni mövsümdən ölkədə olacaq”.

Ramin Babayev öz işlərindən də söz açıb.

“2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışırdım. Bildiyiniz kimi, həmin komitə bu ilin aprelində lğzv edilib. Komitə ləğv ediləndən bu günə kimi işsizəm. Oturub evimdə dincəlirəm. Düzdür, iş təklifləri gəlir. Hələ ki, ciddi nəsə yoxdur”.

Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsini icra edib..

Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.

 




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 7-09-2018, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma