Xəbər lenti

“Bu ilin 6 ayı ərzində Azərbaycanda uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı vərəm, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə vərəmin gecikmiş forması aşkarlanıb”.

Bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il dərmana davamlı xəstələrin 16 faizində ölüm müşahidə edilib: “Ümumilikdə, 59 faizdə müalicə uğurlu, 19 faizdə uğursuz olub, 6 faiz xəstə isə sonrakı müşahidələrə gəlməyib”.

H.Qədirova bildirib ki, keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlara davamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub: “Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən də 11-i ölüb”.

İnstitut direktoru qeyd edib ki, vərəmə yoluxmanın ən yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda qeydə alınıb: “Uşaq və yeniyetmələr arasında isə Yevlax, Xızı, Bərdə, Saatlı və Mingəçevirdə yüksək yoluxma göstəriciləri olub. Vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunma göstərici ölkə üzrə 81 faiz təşkil edib. Yalnız dörd rayonda – Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 faiz aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 faizdən az olub”. 

Report

 




Ana səhifəyə qayıt        Baxış: 499          Tarix: 6-11-2018, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma