Xəbər lenti

Son dövrlər ölkə KİV-i və sosial şəbəkələrdə sığorta ilə bağlı mövzulara tez -tez rast gəlinir. Bas verən zəlzələlər, torpaq sürüşmələri, yanğın hadisələri(Son günlər yanğın olaylarının sayının xeyli artması bu baxımdan diqqəti daha çox cəlb edir) sonrası bu mövzu daha da aktuallaşır.

    Bəli, əmlakın sığortası həyati zərurətdir və insanların çarəsiz durumlarında yeganə ümid qapısına çevrilir. Lakin beynəlxaq sığorta bazarından fərqli olaraq, ölkəmizdə vətəndaşların könüllü sığorta etdirmələri nadir halda gözə dəyir. Azərbaycanda əmlak sığortası olduqca ləng inkişaf edir. Həyat sığortasının isə ümumi sığorta müqavilələrində payı 5 faizdən çox deyil. Halbuki inkişaf etmiş sığorta bazarlarında bazarın 55-60%-i həyat sığortası hesabına formalaşır. Nəzərə alsaq ki, dünyada həyat sığortasının bütün növləri vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edir, Azərbaycanda isə bu sığorta növü üzrə daxilolmalar ildən-ilə azalır. Sığorta haqlarının həcmində həyat sığortası çox aşağı, əhəmiyyətsiz göstəricilərlə ifadə olunur. Bu baxıımdan, ölkəmizin sığorta şirkətlərinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Bəs bunun səbəbi nədir? Niyə görə bu şirkətlərin xidmətlərindən istifadə edənlərin davamlı olaraq məmnunluqlarına deyil, şikayətlərinə rast gəlinir?

    Sığorta halları daha çox avtomobillərlə bağlı baş verdiyi üçün şikayətlərin də əksəriyyəti sürücülərdən gəlir. Ən çox narazılıq halları isə sığorta şirkətlərinin süründürməçiliyi, sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənişində gecikmələr və bəzən ümumiyyətlə odəniş edilməməsindən irəli gəlir. Həticədə əhali sığorta şirkətlərinə inanmır, etibar etmir, əksinə, mümkün qədər sığorta şirkətləri ilə təmaslardan qaçır. Avtomobil sığortası məcburi olduğu üçün sürücülər sığorta şirkətlərindən yayına bilmirlər. Yeni qaydalara görə isə 2020-ci ilin ilk ayından etiibarən, mənzillərin sığortası da məcburi olacaq və ödənişlərin gecikdirilməsi cərimələrlə nəticələnəcək.

    Yaxın keçmişə nəzər salanda gözümüz önünə, üzərində ana və uşaq rəsmləri dərc edilmiş sığorta blankları gəlir. Keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da sığorta sistemi dövlətin nəzarətində idi. İndi o dövrü ittiham edənlər bu məqamı önə çəkilrlər ki, o zamanlar bütün SSRİ-də sığorta dövlət inhisarına alındığı üçün əhaliyə göstərilən sığorta xidmətləri məhdud xarakter daşıyıb. Amma məncə belə olmayıb. O vaxt valideynlər bu sistemin xidmətindən həvəslə yararlanırdılar. O vaxtkı ailələr adətən  çoxuşaqlı olurdu və əksəriyyət öz uşaqlarının həyatını məmnuniyyətlə sığorta etdirirdi. Mən də çoxuşaqlı ailədə doğulmuşam. Atam bizim hamımızın həyatını müəyyən məbləğə sığorta etdirmişdi. 18 yaşa catanda bizə pullarımız təhvil verilirdi. Kiçik qardasımın 5-6 yaşı olanda evimizin pəncərəsi qırılıb onun barmağını üzmüsdü. Sığorta qurumu həmin gün atama 400 manat ödədi. Özü də heç bir süründürməçiliyə yol vermədən... ( Təbii ki, uşağın yaralı barmağı xəstəxanada pulsuz tikilmişdi və müalicə dövlət hesabına edilmişdi. O zamanlar səhiyyə sözdə deyil, həqiqətən də pulsuz idi. ) Ona görə də könüllü sığorta etdirən insanların sayı az deyildi. Bu kütləvilik isə inam və güvəncdən qaynaqlanırdı.

    Azərbaycanda sığorta bazarının Qərb ölkələri ilə müqayisədə çox zəif inkişaf etməsini ekspertlər bir neçə amillə əlaqələndirirlər. Sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqları, Dövlət tərəfindən sığorta bazarında xarici kapitalın iştirakına qoyulmuş məhdudiyyətləri, müstəqil sığorta şirkətlərinin kapital təminatında banklardan asılı olmasını və əhalinin sığorta şirkətlərinə inamsızlığını əsas gətirən mütəxəssizlər sonuncu amilin bu sahənin iflic olmasına daha çox təsir göstərdiyini qeyd edirlər. Bu inamsızlıq isə boş- boşuna yaranmayıb. Çoxsaylı ədalətsizliklər ucbatından vətəndaşların sığorta bazarına inamı ölüb.

    Bir dəfə qonşumuz Rasim kişi başına gələn hadisəni danışanda az qala şoka düşmüşdük. Demək, öz yük maşınını məhəlləsində, (əvvəl Xırdalanda yaşayırmış ) həmişə saxladığı yerdə qoyaraq nahar etməyə gedən adam həyət qapısını açmağa macal tapmamış, bir avtomobil sürətlə gələrək yük maşınına çırpılıb. Yük masını əzilsə də, bahalı xarici avtomobilin ön hissəsi tamam dağılıb. Xoşbəxtlikdən heç bir xəsarət almayan sürücü ayaq üstə güclə dayanacaq qədər sərxoş imiş və əsas magistral yoldan uzaq məhəlləyə nədən gəldiyini özü də xatırlamırmış. O, maşından düşən kimi, sığorta sirkətinə zəng edib və dostu, şirkətin hüquqşünası 20 dəqiqə sonra özünü hadisə yerinə çatdırıb. Hüquqşünas məmur övladı olan dostu ilə bir qədər pıçıldaşandan sonra Rasim kişini arxayın edib deyiblər ki, yük maşınına dəyən ziyan ödəniləcək. Bir ay sonra isə ona Abşeron rayon məhkəməsindən çağırış gəlib. Məlum olub ki, sığorta şirkətinin hüquqşünası işi elə düzüb qoşub ki, qəza törədən, avtomobilini yük maşınına çırpan sərxoş sürücü deyil, vəkil tutmaq üçün pul tapa bilməyən və qanunsuz hökmlə razılaşlmaqdan başqa çarəsi qalmayan Rasim kişi günahkar çıxıb. Ona məmur oğluna iki il ərzində hər ay 100 manat pul ödəmək cəzası kəsilib. Belə ədələtsizliklərin baş verdiyi epizodlardan yüzlərlə misal çəkmək olar.

    Sığorta sisteminin inkişafına əngəl olan əsas səbəblərdən biri kimi ekspertlər həm də bu sahədəki inhisarçılığı göstərirlər. Deyilənə görə, bazarda dövlət inhisarının qalması xidmətlərin çeşidinin, keyfiyyətin artımına, sağlam rəqabətə, yeni sığorta şirkətlərinin yaranmasına əngəl yaradır. inhisarçı şirkətlərin məqsədlərinə gəlincə isə onlar ilk növbədə, qiymət endirimləri vasitəsilə rəqiblərini sıxışdırır, onları fərqli üsullarla bazardan uzaqlaşdırmağa səy göstərirlər. O cümlədən, süründürməçilik də bu bazarın inkişafına mane olmaqla yanaşı, insanlarda inamsızlığın yaranmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycanda könüllü şəkildə hər hansı sığorta məhsulundan istifadə edən vətəndaşa nadir halda rast gəlmək olur.

    Araşdırmalar və təhlillər göstərir ki, Azərbaycanda sığorta bazarı Türkiyə, Rusiya, hətta Qazaxıstan kimi ölkələrlə belə müqayisədə xeyli zəif inkişaf edib. Əsas səbəb də budur ki, əhalinin böyük bir hissəsi sığorta şirkətlərinə inanmır. Bu gün ölkədə elə bir şığorta şirkəti yoxdur ki, vətəndaşlar ondan məmnun qalsınlar. Qəza hadisəsi baş verdikdə, sığorta işçiləri olay yerinə gec gəlirlər, süründürməçiliyə yol verərək lüzumsuz arayışlar tələb edirlər. Yol polisindən qeydiyyat tələb etməklə, qəzaya görə cəza ödətdirirlər. Nəticədə vətəndaşa qəzada 100 manat zərər dəyibsə, əlavə olaraq 120-130 manat da əlavə pul ödəməli olur. Ona görə də bir çox hallarda qəza baş verəndə avtomobil sahibləri sığorta şirkətinə zəng etməkdənsə, öz aralarında sövdələşməyə gedib razılıq əldə etməyə çalışırlar. Bu nöqsanların qarşısını alacaq, vətəndaşların şikayətini təmin edəcək, qaynar xətti fəaliyyət göstərən dövlət qurumu isə təəssüf ki, ölkəmizdə yoxdur.

Nazilə Nəriman




Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 16-12-2019, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma