Xəbər lenti


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid əsgər Vüsal Hadıyevin atası Balarəzi Hadıyevlə görüşüb.
Musavat.com xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Əziz Şəhid atası, Siz Vətən uğrunda fədakarlıqla döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiniz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid ailələri bizim baş tacımızdır.

Vüsal ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal şəhid əsgərimizə respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Vüsal kimi cəsur gənclərimizlə hər zaman qürur duyacağıq! Vüsalın və cəbhə yoldaşlarının comərdliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi Tarixi Qələbə münasibəti ilə bir daha təbrik edirik”!

Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.



Ana səhifəyə qayıt        Baxış: 1 583          Tarix: 22-12-2020, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma