Xəbər lenti

 

Bu xəbərimiz yenə avtomobil sığortası ilə bağlıdır. Paytaxt sakinlərindən biri avtomobilini icbari qaydada sığorta etdirib. Ancaq onun avtomobilinin motor həcmi sistemə düzgün daxil edilməyib. 3000 kubsantimetrlik motor, sistemdə 2000 kubsantimetr kimi qeyd olunub. Halbuki sürücüdən böyük həcmə görə ödəniş alınıb.

Bakıda sığorta şirkəti vətəndaşa qarşı fərqli formada fırıldağa əl atıb. Belə ki, sığorta şirkəti Xasay Məmmədovdan avtomobilin icbari sığortası üçün 3000 kubsantimetr həcmdə mühərrikə görə ödəniş alsa da, sistemə 2000 kubsantimetr həcmli avtomobilin göstəricilərini daxil edib. Bunun üçün ondan 112 manat alıb. Nəticədə sənəddə mühərrikin həcmi 3000 kubsantimetr qeyd olunsa da, sistemdə bu rəqəm 2000 kubsantimetr kimi görünür.

Hər il eyni sığorta şirktənin müştərisi olan Xasay Məmmədov bu faktı avtomobilini başqa şirkətdə sığorta etdirərkən öyrənib.

Vətəndaş deyir ki, eyni hadisə başqa bir yaxınının da başına gəlib və həmin tanışı qəza zamanı dəyən zərəri sığorta şirkətindən ala bilməyib.

Zərərçəkən məsələ ilə bağlı sığorta şirkətinə müraciət etdikdə özünü şirkət müdiri kimi təqdim edən şəxs də faktı təsdiqləyib.

Sığorta ekspertləri bu vəziyyətdə müştərinin haqlı olduğunu və hər hansı qəza zamanı ona dəyən ziyanı sığorta şirkətindən tələb edə biləcəyini deyirlər. Bununla belə zərərçəkən əlindəki ödəniş qəbzi və müvafiq sənədlər ilə şirkəti məhkəməyə də verə bilər.




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 4-09-2017, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma