Xəbər lenti

 Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin açılışı olub.

"Report" xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə nazirlik tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur.

Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət ili” elan edildiyini xatırladan Mikayıl Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.

Daha sonra respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edib və milli rəqslər ifa olunub.

Sonra stendlərə baxış keçirilib.

Qeyd edək ki, ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edib.

Sərgidə 14 ali təhsil müəssisəsinin stendləri də yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.

Ümumilikdə, oktyabrın 8-nə kimi davam edəcək sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 6-10-2017, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma