Xəbər lenti

 

Artıq xaricdə təhsil adı altında bazar açan işbazlar ali məktəblərə qəbul imtahanının birinci mərhələsində keçid balını toplaya bilməyən abituriyentlər üçün cəlbedici elanlar verir, reklamlar yerləşdirirlər. Cəlbedici təkliflərdən biri Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə kimi ölkələrin ali təhsil müəssisələrinə imtahansız qəbul olmaqdır. Amma son illər xarici ali təhsil müəssisələrinin çoxunun diplomunun tanınmaması məsələsi xaricə tələbə qəbulu elan edən şirkətləri başqa vasitələrə əl atmağa vadar edib. Bunlardan biri də tələbə qəbulu aparılan xarici universitetin adının Təhsil Nazirliyinin siyahısında yer alması, diplomunun tanınması kimi uydurmalardır. Hətta bu günlərdə bəzi mətbu orqanlarda bu cür yalnış məlumata əsaslanan siyahı da dərc olunmuşdu. Təhsil Nazirliyi də Azərbaycanda diplomları tanınan xarici ölkə universitetlərinin siyahısı ilə bağlı informasiyaların yalnış olduğunu bildirir. Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov Movqe.az-a açıqlamasında bildirib ki, həmin siyahı yanlışdır: “ Bu günlərdə bir neçə saytda yanlış olaraq Azərbaycan Respublikasında diplomları tanınan xarici ölkə universitetlərinin siyahısı qeyd olunub. Bu, tamamilə yanlış siyahıdır”. 
C.Valehov qeyd edib ki, əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır. 
 Qurum rəsmisi əlavə olaraq bildirib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə etmək olar. 
Təhsil üzrə tanınmış ekspert Əjdər Ağayev bu cür yalnış siyahıların xaricə tələbə qəbulu ilə pul qazanan şirkətlərin insanları yeni aldatmaq üsulu olduğunu deyir: “Getdikcə marağı ancaq pul qazanmaqdan ibarət olan bu şirkətlərə inam azalır. Onlar da Təhsil Nazirliyinin adını hallandırmaqla insanlarda inam yaratmaq niyyəti güdürlər. Məqsəd nazirliyin adı ilə pul qazanmaqdır. Çünki, artıq əvvəlki kimi bu şirkətlərə inanan yoxdur. Səbəb isə həmin şirkətlərin abituriyentin taleyini düşünmədən pul qazanmaq hərisliyidir. O şirkətləri gələcəkdə tələbənin başına gələcəklər maraqlandırmır. Onlar üçün maraqlı deyil ki, onun diplomu Azərbaycanda qəbul ediləcək, ya yox? Həmin şirkətlərin toruna düşüb aldanan tələbələr əllərində diplom işsiz qaldıqda fırıldaqçılara qarşı heç bir iddia qaldıra bilmir”.
Ə. Ağayevin sözlərinə görə, xaricə imtahansız tələbə qəbulu aparan şirkətlərin mütləq əksəriyyəti saxtakarlıqla məşğuldur. Həmsöhbətimiz deyir ki, övladını qəbul imtahanlarından kənar ali məktəbə yerləşdirməyə cəhd edən valideynlər bu cür elanları araşdırmalıdırlar: “Bir məsələni diqqətdə saxlamaq lazımdır ki, əgər abituriyent öz ölkəsində qəbul imtahanlarında keçid balını toplaya bilməyibsə, ali məktəbdə bilik əldə edə bilməz. Çünki, biliyi orta məktəb verir, ali təhsil ocağı ixtisasa uyğun kadr yetişdirir. Təcrübə göstərir ki, müəssisələr də, boş iş yeri olanda ali məktəbə imtahanla qəbul olan kadrları seçir. Bu zaman xaricdə ali məktəbə imtahansız qəbul olunanlar əlində diplom işsiz qalır. Ona görə də, valideynlər ayıq-sayıq olmalı, belə işbazların toruna düşməmək üçün araşdırma aparmalıdırlar. Özləri anlamalıdır ki, imtahansız universitetə tələbə götürən təhsil müəssisəsinə inam yoxdur. Ona görə də, diplom tanınsa belə onlar əllərində diplomla işsiz qalacaqlar”.

Zülfiyyə QULUYEVA   




Ana səhifəyə qayıt        Baxış: 882          Tarix: 17-05-2017, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma