Xəbər lenti

 

Ana dillə xarici dilin paralel öyrədilməsi effektiv olmur. Bu, şagirdlərin zəif nəticə göstərmələrinə səbəb olur.

Müasir dövrdə əlavə dil bilmək böyük üstünlük hesab olunur. Ona görə də orta məktəblərdə müxtəlif xarici dillər tədris olunur. Ölkədə rus, ingilis, alman və fransız dillərinin tədrisi geniş vüsət alıb. Son dövrlərdə aparılan müşahidələr də göstərir ki, valideynlər uşaqlarını xüsusilə rus dili bölməsində oxutdurmağa üstünlük verirlər. Əlbəttə, rus dilində tədris informasiya cəhətdən məktəblilərin daha zəngin biliklərə sahib olmasına gətirib çıxarır. Müasir texnologiyaların, internet resurslarının, əsasən xarici dillərdə olması bu dili öyrənən şagirdlərin də təfəkküründə mühüm rol oynayır.

Xarici dil biliyi karyeranın qurulmasında da mühüm amil sayılır. Ancaq bir məsələ də var ki, bir sıra əcnəbi dillər ölkəmizdə ibtidai siniflərdən tədris olunur. Bu zaman isə müxtəlif fikir ayrılıqları ortaya çıxır. Bəzi pedaqoqlar xarici dillərin yuxarı siniflərdə tədrisini daha məqsədəuyğun hesab edirlər. Onların fikrincə, ibtidai sinif şagirdləri ilk növbədə öz ana dillərini, yəni Azərbaycan dilini mükəmməl öyrənsələr daha yaxşı olar. Ondan sonra isə istənilən xarici dili mənimsəmək olar. Ana dillə xarici dilin paralel öyrədilməsi azyaşlıların yüklənməsinə və zəif nəticə göstərmələrinə səbəb olur. Lakin bu iddianı qəbul etməyənlər də var.

Məsələn, sabiq təhsil naziri, görkəmli alim Firudin Cəlilov “Şərq”ə açıqlamasında bildirib ki, uşaqların aşağı siniflərdən xarici dil bilgisinə yiyələnməsinə məhdudiyyət qoymaq düzgün deyil. Çünki həmin dövrlərdə əcnəbi dilləri mənimsəmək daha rahat olur:

“Artıq dövr dəyişib, texnologiya inkişaf edib, müasir tələblər formalaşıb. Bir misal deyim, mənim nəvəm hələ orta məktəbə başlamayıb. Yaşı düşmür, 5 yaşı var. Amma rus dilində məndən yaxşı danışır. Evdə rus dilində danışan yoxdur. Uşaq rus dilini yeni dövrün icadı olan mobil telefon vasitəsi ilə öyrənib. Yəni demək istəyirəm ki, indi istər-istəməz balaca uşaqlar öyrənməyə meyilli olurlar. Bundan qaçmaq olmaz. Əgər ibtidai sinif şagirdlərinin iki dil öyrənməyə potensialı çatırsa, niyə onları bundan məhrum edək? Bu ki onların ziyanına yox, xeyrinədir. Sadəcə, uşaqlara imkan yaratmaq lazımdır”.

Alim deyib ki, pedaqoqlar bu məsələnin üzərində işləməlidir: “Müəyyən edilməlidir ki, uşaqlara bağçalarda dil öyrətmək daha münasib olar, yoxsa orta məktəbin ibtidai siniflərində. İndi mənim nəvəmə orta məktəbdə əcnəbi dil tədris etsələr, mənim ona etiraz etməyim nə dərəcədə düzgün olar?! Demirəm, 5-6 dil öyrənsinlər, ən azından birinci sinifdən etibarən rus və ya ingilis dillərini tədris etməyə ehtiyac var”.\\Ednews.net




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 5-11-2019, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma