Xəbər lenti


Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Sosial media üzərindən aparılan təxribatların qarşısını almaq məqsədilə ölkə üzrə internetin verilməsində məhdudiyyətlər qoyulub. 
Bu günlər ərzində evdə təhsilini davam etdirən şagirdlər “Teams”lə onlayn dərslərə qoşula bilməyiblər. Son iki gündə hərbi vəziyyətlə bağlı bütün məktəblərdə əyani dərslərin dayandırılacağı xəbəri də yayılıb. Mövcud vəziyyətdə təhsilin necə tənzimlənəcəyi ilə bağlı suallar ortaya çıxıb. Bir tərəfdən pandemiya, digər tərəfdən də müharibə şəraiti. Hərbi vəziyyət olduqda orta və  ali məktəblərdə tədris necə tənzimlənməlidir?  
Məsələ ilə bağlı təhsil ekspertlərindən mövqe öyrəndik.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev məsələyə münasibət bildirib: “Azərbaycanda təhsilin bütün pillələrində düşünülmüş bir sənəd qəbul olundu. Hazırda ibtidai təhsildə daha çox ənənəvi dərslərə yol verilir, digər pillələrdə isə distant formada təhsilə üstünlük verilir. Ancaq son məlumatlar onu göstərir ki, artıq məktəblilərdən də virusa yoluxanlar var. Düşünürəm ki, məktəblərdə virusa qarşı mübarizə metodlarını gücləndirməliyik. İstər məsafənin qorunması, istərə də gigiyena qaydalarına riayət olunması və digər zəruri şərtləri yerinə yetirməliyik. Dünəndən ölkəmizdə hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin orta məktəblərdə tədrisin qurulmasına demək olar ki, heç bir təsiri yoxdur. Burda söhbət pandemiya ilə bağlı tərtib olunmuş qaydalar üzrə tədris prosesinin həyata keçirilməsindən gedir. Düşünürəm ki, pandemiyanın təsrilərini bütün təhsil müəssisələrində zəiflətmək üçün yenə də çox ciddi işlər görülməlidir. Hərbi vəziyyətdə müəllimlər, ali məktəb pedaqoqları, professor-müəllim heyətinin hər biri təbliğatçı, təşviqatçı rolunu oynamalıdırlar. Bu, vətən müharibəsidir. Əlbəttə, burda ali məktəb müəllimləri ilə tələbələr, orta məktəb müəllimləri ilə yuxarı sinif  şagirdləri vətənpərvərlik ruhunun yüksəldilməsi, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmək ideyasının gücləndirilməsi istiqamətində çox ciddi işlər görməlidirlər. Bir tarixi aforizmi xatırladım. Almaniya kansleri Bismarkdan soruşublar ki, siz müharibəni necə udmusuz. “Bizim müharibəni necə udmağımızı orta məktəb müəllimlərindən soruşun” deyib”.
“Hazırda təhsil sisteminin üzərinə çox ciddi məsuliyyət düşür”

Millət vəkili qeyd edib ki, hazırda təhsil sisteminin üzərinə çox ciddi məsuliyyət düşür: “Hesab edirəm ki, istər arxa cəbhədə, istər ön cəbhədə birgə fəaliyyət göstərsək, bütün gücümüzü qoysaq, əlbəttə, düşmən üzərində qələbə çalacağıq. Hərbi vəziyyət zamanı təhsilin dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Burda yalnız müəllimlər mənəvi olaraq öz üzərlərində böyük məsuliyyət hiss etməlidirlər ki, gənc nəsil arasında daha çox vətənpərvərlik istiqamətində işlər aparsınlar. Xüsusilə sərhəd bölgələrində müəllimlərin öhdəsinə böyük vəzifə düşür. Gördük ki, vətəndaşlar arasında heç bir panika yaranmadı. Bunun özü də çox müsbət bir haldır. Istənilən bölgənin nüfuzlu şəxsləri müəllimlər sayılır. Onlar bu müharibə şəraitində düşmənə qarşı birgə mübarizə istiqamətində insanlar arasında çox ciddi təbliğatlar aparmalıdırlar. O ki qaldı millət vəkillərinə, biz öz seçicilərimiz arasında çağırışlar edirik. Bu çağırışların nəticəsi var, bütün insanlar cənab Prezidentin ətrafında birləşib. Hamının istəyi erməni faşizminin üzərində qələbə qazanmaqdır. Sonrakı mərhələdə Qarabağda da yaşayacağıq, orda da təhsilimiz qurulacaq. Həyat bütün Azərbaycanın bötüvləşdiyi şəraitdə davam edəcək”.

“Təhsil sistemi fövqəladə və müharibə vəziyyətinə hazır deyil”

Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov isə  “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda təhsil sistemi fövqəladə və müharibə vəziyyətinə hazır deyil: “Əslində dövlətin fövqəladə və hərbi rejimdə hansı addımların atılacağı ilə bağlı konsepsiyası olmalıdır. Buna B planı, C planı deyilir. Biz ancaq tədrisimizi normal qaydalar üçün qurmuşuq. Ona görə də pandemiya dövründə də çətinliklər oldu, indi də hərbi vəziyyətdir, komendant saatı elan olunub, vəziyyət çətindir. Birinci təbii ki, burda insanların sağlamlığı, təhlükəsizliyi önəmlidir. Təhlükəsiz təhsil və tədris isə indiki halda yalnız oflayn rejimlərdə çalışan sistemlərlə mümkündür. Məktəblər planşetlərlə təmin edilsəydi, oflayn rejimdə elektron resurslardan istifadə etmək mümkün olardı. Əslində belə situasiyada ümumi tapşırıqlarla tədrisin tamamlığının həyata keçirilməsi mümkündür. Düzdür, Təhsil Nazirliyi cəbhəyanı məktəblərdə 444 məktəbin fəaliyyətini dayandırdı. Onlayn rejimdə də hazırda internetdə bloklanlamalar olduğuna görə tədris həyata keçirilə bilməz. Televizyalarda isə bütün valideynlər cəbhə xəbərlərini izlədiyinə görə etiraf edək ki, şagirdlər üçün bu əlçatan deyil. Yeganə imkan isə oflayn rejimdir. Oflayn rejim internetə çıxışı olmadan internet resurslarının müəyyən proqramlara yüklənməsidir. Yəni internetin olub-olmamasından asılı olmayaraq oflayn rejimdə ondan istifadə etmək olar. Bu xüsusi cihaz vasitəsilə həyata keçirilir. Təhsil Nazirliyi tədris resurlarını həmin planşetlərə, peycerlərə yükləyir, siz ordan birbaşa internetsiz çıxış əldə edirsiz. Yeganə üsul budur”. 

“Oflayn dərslərə keçmək lazımdır”
K.Əsədovun sözlərinə görə, dünyanın təhsil sisteminin idarə edilməsində həmişə fövqəladə vəziyyət, hərbi rejim kimi qaydalar müəyyənləşir ki, normal tədris  həyata keçirilsin: “Fövqəladə vəziyyət elan olunsa, artıq B planı olmalıdır, Tədrisi ev şəraitində onlayn şəkildə keçirməliyik, o da olmayanda oflayn rejimdə proqramlar var. Artıq Təhsil Nazirliyi bütün şagirdlərə hansı dərsləri oxumaları barədə konkret tapşırıqlar verməlidir. Bu kompensasiyaedici təhsil sistemidir, 21 gündən 28 günə qədər həyata keçirilir. İndiki halda Təhsil Nazirliyi konkret olaraq teledərs, “Virtual məktəb”, radio vasitəsilə birinci sinifdən 11-ci sinfə kimi bütün tapşırıqları elan etməlidir. Çox təəssüf ki, biz nə pandemiya dövründə, nə də indiki müharibə şəraitində Təhsil Nazirliyindən bu proqramı görmədik. Təəssüf ki, nazirliyin belə vəziyyətdə fəaliyyətini görə bilmirik. İndiki situasiya təhsilin idarə edilməsi üçün ən vacib dövrdür. Uşaqlara konkret tapşırıqlar verilməlidir ki, boş dayanmasınlar.  Çünki 2004-cü ildən dərsliklər uşaqlara pulsuz olaraq verilib, əsas informasiya mənbəyi dərslikdir. Bu da uşaqların hamısında var. Bircə onu işlətmək qalır. Nə tele-dərsə, nə “Virtual məktəb”ə, nə də onlayn dərsə ehtiyac qalır. Sadəcə olaraq uşaqlara kitabdan işləməyi öyrətmək lazımdır. Kitablar var, amma kitabların üzərində heç bir tapşırıq rəsmi olaraq verilməyib”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə  əlaqələr sektorunun müdiri Cəsarət Valehovla da əlaqə saxladıq. O dedi: “Məktəblərlə bağlı qərar Təhsil Nazirliyinin deyil, hökumət tərəfindən veriləcək. Ona görə də nə qərar verilsə, Təhsil Nazirliyi də onu icra edir. Nazirlik icraedici orqandır”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu səbəbdən Təhsil Nazirliyi cəbhə bölgəsində yerləşən 444 məktəbdə əyani dərslərin fəaliyyətini dayandırıb. Nazirlikdən bildirilir ki, cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrində əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

Onu da əlavə edək ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə  həlak olub. Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

“Yeni Müsavat”
 



Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 28-09-2020, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma