Xəbər lenti

 

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar birmənalı qarşılanmır.

Məsələ ilə bağlı danışan millət vəkili Asim Mollazadə bildirib ki, əsas məqsəd ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır: 

"Ali məktəblərə qəbul prosesi dəyişdiriləcək. Bu addım 2 il sonra üçün nəzərdə tutulub. Müəyyən modellər düşünülüb təkliflər veriləcək. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir. Əsas məqsəd test üsulunun yeni formada tətbiqi, Azərbaycanda təhsil sisteminin dəyişilməsi və ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır. Müəyyən istedadlı abituriyentlər üçün şərait yaradılması, onların bacarıqlarının üzə çıxarılması bu sistemin xüsusiyyətlərindən biri olacaq”. 

Millət vəkili bildirib ki, əgər yeni sistem keyfiyyətli təhsilə yol açacaqsa, bu, savadlı kadrların yetişməsinə gətirib çıxaracaq: 

"Məleykə Abbaszadə hələ qəbul qaydalarında nəyin necə dəyişdiriləcəyi barədə konkret heç nə deməyib. Bu barədə dəqiq məlumat verilməyib. Əgər yeni variant test üsulundan mütərəqqi olub, keyfiyyətli təhsilə yol açacaqsa, bu, Azərbaycanda savadlı kadrların yetişməsinə gətirib çıxaracaq”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyinə dair fikir səsləndirmişdi: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”. // Axar.az




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 26-08-2017, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma