2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinə yekun vurulduqdan sonra UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib.
"Report"un məlumatına görə, Avropa futbol qurumuna üzv olan 55 yığma 4 diviziona bölünüb.
Hər bir divizionda 4 qrup olacaq. Püşkatma mərasimi 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.
UEFA-nın milli komandalar üçün açıqladığı son reytinq siyahısında Azərbaycan 40-cı yerdə qərarlaşdığından, D Divizionuna düşüb. Burada ümumilikdə 16 komanda yer alacaq. A və B Divizionunda hərəyə 12, C Divizionunda 15 yığma olacaq.
A Divizionu: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B Divizionu: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə
C Divizionu: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva
D Divizionu: AZƏRBAYCAN, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San Marino, Cəbəllütariq
Bu divizionlardakı ölkələr öz növbəsində 3 və ya 4 yığmadan ibarət qruplara bölünəcəklər. Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr - noyabr aylarında olacaq. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, divizionun ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər diviziondan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq.
Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin yekununda məlum olacaq. Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatı qitənin 13 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.
Paylaş: